“Fərqli Fərdlər” konqresinə qeydiyyat başlanıb

“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb
“ELS” “exit-poll”un nəticələrini açıqladı: İlham Əliyev 82,71 faiz səs toplayıb
Azərbaycanın BMT yanında daimi nümayəndəsi: Erməni işğalı nəticəsində Azərbaycanın mədəni irs obyektləri təhqir edilib

Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək.

Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr edilən 1-ci “Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Ailə və Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.

Konqresinin baş tərəfdaşı qismində BP çıxış edir. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir. Təşkilatı dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilir. Konqresin təşkilatçıları qismində Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturu və peşəkar tədbirlərin aparıcı təşkilatçısı – “CEO” şirkəti (ceo.az) çıxış edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq: autizm spektr pozuntusu; diqqət çatışmazlığı və hiperaktivlik sindromu; Turet sindromu; Daun sindromu.

Valideynlərin emosional tükənməsi və bunu aradan qaldırma üsulları mövzusuna konqres çərçivəsində ayrı panel həsr olunacaq.

Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynləri, eləcə də öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.

Hazırda tədbirdə çıxış edəcək iştirakçılar arasında klinik psixoterapevt Natalya Yaroşenko (İsveç), Beynəlxalq Disleksiya Mərkəzinin rəhbəri psixoloq Lora Zakon (İsrail), “Downside Up” Fondunun Təhsil mərkəzinin direktoru Yelena Pole (Rusiya), Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin müdiri Natella Həsənova (Azərbaycan), İkram Rüstəmov, psixiatr, ATU (Azərbaycan) var. Həmçinin konqresdə Autizm Spektr Pozuntusu olan Şəxslərə Dəstək Mərkəzinin (Rusiya) rəhbəri Antonina Steynberq özü haqqımda danışacaq, özünü dəstəkləmək/təşviq etmək bacarığı və autizm spektr pozuntusu olan fərdlərin sosiallaşması mövzusunda çıxış edəcək.

İnkişaf özəllikləri olan uşaqların öz normotipik həmyaşıdları ilə təhsil alması həyati əhəmiyyət kəsb edir və sevindirici haldır ki, Azərbaycanda belə uşaqlar dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkədə inklüziv cəmiyyətin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradıb.

Ənənəvi olaraq aprel ayı bütünlüklə autizm barədə məlumatlandırma işlərinə həsr olunur – çoxsaylı aksiyalar sayəsində bütün dünyada insanlar bu inkişaf pozuntusuna diqqət yetirərək daha çox məlumat əldə edirlər. Həmçinin bu aksiyanı dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayı da ildən-ilə dəfələrlə artır ki, bu da sözügedən aksiyalara, ən əsası isə onların səmərəliliyinə olan yüksək tələbatı əks etdirir.

Konqresdə iştirak etmək üçün linki (https://ferqliferdler.az/az-home.html) istifadə edərək qeydiyyatdan keçib elektron biletinizi əldə edə bilərsiniz. Bununla yanaşı, arzu edən hər kəs (könüllülük əsasında) tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir ([email protected][email protected]).