Türkiyənin İstanbul şəhərində “24 apreldən sonra erməni iddiaları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan konfrans Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın moderatorluğu ilə baş tutub.
Tədbirdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver Türkiyəyə irqçi nifrət bəsləyənlərin bu fikirdən daşınmalarının və beynəlxalq məhkəmənin qərarlarına tabe olmalarının vacibliyini bildirib. O, Türkiyənin illərdir davam edən “Biz arxivlərimizi açdıq, siz də açın” çağırışının ermənilər tərəfindən cavabsız qaldığını vurğulanıb. A.Suver 100 il əvvəl baş vermiş hadisələrin əsassız şəkildə yenidən gündəmə gətirildiyini, lakin 20 il əvvəl Qarabağda baş verənlərə göz yumulduğunu bildirib.
Qardaş ölkənin 2005-ci ildə yol xəritəsi hazırlayaraq bu məsələnin siyasətçilərin deyil, tarixçilərin araşdırmasını təklif etdiyini bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib: “Bizim tariximizdə qara ləkə yoxdur. Birinci Dünya müharibəsi doğrudan da ümumi ağrıların yaşandığı dövrdür. Biz buna etiraz etmirik. Bir gecədə mənim ailəmdən də 20 nəfər öldürüldü. Lakin ailələrimiz bizi heç vaxt kin və nifrətlə böyütmədi”.
Professor Aygün Attar 1915-ci ildə Osmanlı dövlətinə daxildən və xaricdən təzyiqlərin göstərildiyini, belə bir zamanda dövlətin birliyinin qorunması naminə köçün meydana gəlməsinin zəruri hal olduğunu qeyd edib. Osmanlının bu seçiminin dövlətə qarşı çevrilən güclərin zərərsizləşdirilməsi olduğunu bildirən Aygün Attar bu köç nəticəsində yalnız ermənilər deyil, 2 milyon 500 mindən çox müsəlmanın, o cümlədən türkün də həyatını itirdiyini xatırladıb.
Digər natiqlər 1915-ci il hadisələrini ətraflı təhlil ediblər.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Türkiyənin millət vəkilləri, tarixçilər və ziyalılar iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul