Azərbaycan sərhədçiləri 15 iyun – Milli Qurtuluş Gününün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qurum tərəfindən bu münasibətlə “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı ilə möhtəşəm bayraq yürüşü təşkil edilib. Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5100 metr uzunluğundakı dövlət bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nəfərlik heyət çiyinləri üzərində daşıyıb.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının üzərindəki sərhədçi süvarilər müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Milli Qurtuluş Gününün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Xidmət rəisi 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qısa zamanda ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə vurğulayıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət–andımız, amalımızdır!” şüarı altında möhtəşəm bayraq yürüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızı azad etməyə, işğal altındakı dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsi olub.
Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçuların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılayıblar. DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri bayram gününə və bayraq yürüşünə həsr olunmuş konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.