Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilir

“Yandex”də erməni təxribatının qarşısı alınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışında iştirak ediblər
UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

Bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyası Forumu keçirilir. 

“Report” xəbər verir ki, “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnak açılış nitqləri ilə çıxış ediblər.

P.Şahbazov ilk dəfədir Azərbaycanda keçirilən bu forumun Azərbaycanın 2020-ci ildə Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində baş tutduğunu qeyd edib. Nazir deyib ki, böyükmiqyaslı enerji forum və konfransları üçün Bakının seçilməsi onun dünyanın enerji arxitekturasındakı tarixi və müasir rolu ilə bağlıdır. Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir.

Enerji ilə bağlı inkişaf proseslərinin milli sərhədlərlə məhdudlaşmadığını və qlobal əməkdaşlıq tələb etdiyini vurğulayan nazir Enerji Xartiyasını milli, regional və beynəlxalq səviyyədə qarşıya çıxan enerji məsələlərinin həllinə, enerji istehsal, ixrac və idxal edən, həmçinin tranzit ölkələr arasındakı münasibətlərdə effektiv çərçivənin yaradılmasını, rəqabətli bazarlar, davamlı inkişaf prinsiplərini təşviq etməklə qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm əməkdaşlıq platformalardan biri kimi qiymətləndirib.

Energetika naziri çıxışında hazırda qlobal miqyasda texnologiyaların təşviqi ilə enerji sektorunda bərpa olunan enerjidən geniş istifadə və enerji səmərəliliyi sayəsində enerji transformasiyasının baş verdiyini qeyd edib. Enerji diversifikasiyası layihəsi Cənub Qaz Dəhlizindən danışan nazir bildirib ki, ötən ilin iyul ayından indiyə kimi TANAP-la Türkiyəyə 3 mlrd. kubmetrdən çox qaz nəql olunub. Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə -Trans-Adriatik qaz boru kəməri üzrə isə işlərin icra vəziyyəti 90%-ə yaxındır: “2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Cənub Qaz Dəhlizinin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir,”deyə nazir əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda energetika sektorunda köklü islahatların həyata keçirildiyini vurğulayan nazir bildirib ki, bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək və bu prosesə özəl, xarici investisiyanı cəlb etmək, energetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçmək, beləliklə də dayanıqlı enerji sisteminə, ətraf mühitin qorunması ilə bağlı öhdəliyin yerinə yetirilməsinə nail olmaq başlıca hədəflərdir. Enerji Xartiyası Katibliyi də bu prosesdə Energetika Nazirliyinə lazımi dəstək verməkdədir.

Sonra Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edərək enerji transformasiyası dövründə enerjiyə çıxış, artan enerji tələbatı, qlobal istiləşmə və davamlı inkişaf məsələlərini həll etmək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib. U.Rusnak Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan, eləcə də ölkəmizlə Enerji Xartiyası arasında əməkdaşlıqdan bəhs edib:

“Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi tamamlandı. Bu il biz 2019-cu ilin sonunda yekunlaşdırılması və 2020-ci ilin əvvəlində müvafiq orqanlarla müzakirəsi gözlənilən Azərbaycanın ilk Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlamışıq.”

Forum bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları üzrə dörd sesisiyada işini davam etdirib. Foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxs qatılıb.

Qeyd edək ki, 55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.

Repor.az