ŞÜKÜROV Şahlar Əvəz oğlu

İSGƏNDƏROV Elton Xaləddin oğlu
HÜSEYNOV Rövşən Şəmil oğlu
HÜSEYNOV Əfqan Qaraxan oğlu

ŞÜKÜROV Şahlar Əvəz oğlu (17.5.1952, Kəlbəcər r.-nunun Zülfüqarlı k. –  11.7.1990, Ağdərə r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti – red.) daxil olmuşdur. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləmişdir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir.

1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Polis mayoru rütbəsi almışdır.

O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolu hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşdü və qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”  adı verilmişdir.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.

Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 271