SÜNİK

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub
“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə Sünik tarixindən danışdıq.

Fuad Babayev: İlk əvvəl oxuculara Sünikin əraziləri ilə bağlı məlumat verərdiniz: hansı əraziləri əhatə edirdi və hansı dövrdə mövcud olmuşdur.  

Əziz Ələkbərli: Azərbaycan tarixində həm qədim dövr, həm də erkən orta əsrlər ilə bağlı kifayət qədər qaranlıq səhifələr var ki, bu da təbiidir. Çünki bu coğrafiya başqa bir respublikanın – Ermənistan SSR-in ərazisində qaldığı üçün, Sovet dövründə Azərbaycan tarixçiləri üçün o əraziləri tədqiq etmək mümkün olmayan bir məsələ idi.

Sünik ərazisi Göyçə gölünün cənubundan tutmuş Dərələyəz və bütün Zəngəzur mahalları daxil olan böyük bir ərazini əhatə edirdi.

Fuad Babayev: Yəni tarixi Azərbaycan torpaqlarında yaranmış müasir Ermənistan Respublikasının əhəmiyyətli bir hissəsini təşkil edib.

Əziz Ələkbərli: Bəli. Təəssüf ki, qeyd etdiyim dövrlə bağlı Azərbaycan tarixində “ağ səhifələr” həddən artıq çoxdur ki, bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Əsas səbəblərdən biri budur ki, İslam dinini qəbul etdikdən sonra, biz müsəlman təəssübkeşliyindən çıxış edərək xristian mədəniyyətimizə aid olan hər şeydən imtina etmişik. O cümlədən, ərəb işğalından sonra rəsmi olaraq ərəb əlifbasını qəbul edərək, həmin dövrəqədərki əlifbamızdan da imtina edib, onu unutmuşuq. Ona görə də Cənubi Qafqazın tarixi ilə bağlı əlimizdəki mənbələrin əksəriyyəti bizə tərcümədə gəlib çatıb. Maraqlıdır ki, Qafqazın tarixi ilə bağlı bu gün “erməni mənbələri” kimi tanıdığımız mənbələrin heç birinin orijinalı yoxdur. Mənbələrin hamısı qədim erməni kilsə dili olan qrabarcaya tərcümədədir ki, bunu da V, VII, bəzən də IX əsrə də aid edirlər. Amma bəlkə də müəyyən ekspertiza aparsalar, məlum olar ki, mənbələrin böyük əksəriyyəti XVI-XVII əsrlərdə erməni kilsələrinin hücrələrində qrabarcaya tərcümə olunaraq yenidən üzü köçürülmüşdür. Belə bir sual yaranır ki, bu necə ola bilər? Nə qədər kilsələr, onların da kitabxanaları olub, yəni bu mənbələrin heç birinin orijinalı qalmayıb? Deməli, məqsədli şəkildə o orijinal mənbələr ya məhv edilib, ya da gizlədilib. Bəlkə də Matenadaran (İrəvanda bir sıra qədim əlyazmaların saxlanıldığı və tədqiq edildiyi Qədim Əlyazmalar İnstitutu – red.) zirzəmilərindədir, lakin əlimizdə olanlar hamısı qədim ermənicəyə – qrabara çevrilmiş mənbələrdir.

Sünikin adı ilə bağlı mübahisələr var. Bəzən Sünik adından da imtina edirlər. Stepan Orbelianın “Sünik tarixi” kitabını tərcümə edərkən, məlum oldu ki, ümumiyyətlə, mahalın, bölgənin adı Siyuni kimi yazılır. Lakin bizim tarixçünaslıqda bu ad Sünik kimi qəbul olunduğundan, mən də tərcümədə Sünik variantını işlətdim. Tarixşünaslığımızda bu ad həmçinin, Sisakan kimi də qeyd edilir. VI-VII əsrlərdən üzü bəri Süniklə bağlı kifayət qədər materiallar var.

Erməni mənbələri qeyd edir ki, sonuncu Sünik hökmdarı XVI əsrdə İslam dinini qəbul edib. Təbii ki, kilsələr, xristianlar qalırdı, söhbət yalnız hökmdar Orbelian sülaləsindən gedir.

Nazim Mustafa: Sünik dövlət qurumu olmayıb. Sadəcə olaraq, kilsə başçısı vəzifəsi varislik prinsipi ilə ötürülürdü. Sünik müxtəlif dövrlərdə müxtəlif dövlətlərin ərazisinə daxil idi və orada müxtəlif sülalələr mövcud olub. Tutaq ki, Orbelian sülaləsi Tatev monastrı (Zəngəzur mahalında Tatev kəndi yaxınlığında, Oxçu çayın sahilində yerləşir – red. ) və onun ətrafındakı kilsə və torpaqların mülkiyyət sahibi idi.

Fuad Babayev: Deməli, tutaq ki, Romanovlar, yaxud Osmanlılardan fərqli olaraq, Orbelianlar nominal sülalə olublar.

Əziz Ələkbərli: Təbii ki, belə demək olar.Bilirsiniz, problem nədədir? Ümumiyyətlə, XIX-XX əsrlərdə indiki anlamda qəbul etdiyimiz tarixşünaslıq elmi yarananda, dövlətimiz müstəqil olmayıb. Biz, əvvəla, bir tərəfdən tariximizi yad mənbələrdən, ikincisi isə, yad mənbələr ilə bərabər yad tarixi konsepsiyalar ilə öyrənməli olmuşuq. Yəni məcbur olub imperiyanın ortaya qoyduğu saxta tarixi konsepsiyalara uyğunlaşmalı olmuşuq, yad mənbələrlə bərabər yad konsepsiyaları tariximizə gətirmişik. Amma müstəqillik dövründə Tarix İnstitutu başda olmaqla nə qədər “ağ səhifələr”ə aydınlıq gətirilir, tariximiz yenidən yazılır.

Sünik coğrafiyası çox az tədqiq edilib. Ona görə də qısa vaxtda bütün məsələlərə aydınlıq gətirmək çətindir. Çünki əlimizdə olan mənbələr, tarixi konsepsiyalar şüurlara, tarixşünaslığa o dərəcədə yeridilib ki, hətta oradan çıxmaq belə çox çətindir.

Nazim Mustafa: Çıxanda da deyirlər ki, səndən əvvəl bunlar yazılıb, qəbul edilib. Həqiqəti isə qəbul etdirmək çox çətindir.

Əziz Ələkbərli: Əvvəla tarixi həqiqətləri üzə çıxartmaq lazımdır. Mənbələr getdikcə açılır, faktlar ortaya qoyulur, ona görə də zaman-zaman onların hamısına aydınlıq gətiriləcək.

Bir şeydən qorxmamalıyıq. Yəni bu ərazilərdə mövcud qədim türk-xristian mədəniyyətini öyrənməkdən çəkinməməliyik. Bu dəqiqə ermənilərin əlində ən kəskin silahlardan biri – qədim Xristian mədəniyyətinə malik olduqlarına dair uydurmadır. Dünyaya çar çəkirlər ki, Xristian mədəniyyətinin yaşadıcısı, qoruyucusu olublar, böyük xidmət göstəriblər və buna görə də Xristian aləmi ermənilərə borcludur. Əslində, Qafqaz xristianlığı türk xristianlığıdır. Ona görə də birinci növbədə ermənilərin əlindən xristian mədəniyyəti ilə bağlı silahı almaq lazımdır.

Tarix boyu Cənubi Qafqaz iki böyük türk etnosunun vətəni olub. Bunlardan biri Oğuz, o biri isə Qıpçaq türkləridir. Biri Albaniya, o biri isə Ərməniyyədir. Yəni buradakı xristianlıq Türk xristianlığıdır. Anakın oğlu maarifçi Qriqori türk mənşəlidir. Dövlət çevrilişindən sonra onu xilas edərək qaçırdıb Qeysəriyyədə (Türkiyənin Kayseri şəhəri – red.) 6 yaşından başlayaraq missioner kimi yetişdirib, sonra da Qafqaz Albaniyasına göndəriblər. Murad Acı yazır ki, babası Müqəddəs Qriqori nəvəsi Qriqorisi Massagetlərin vətəninə xristianlığı yaymağa göndərəndə düşünür ki, görəsən o orada hansı dildə danışacaq. Ya Qriqori özü ilə tərcüməçi aparmalı, ya da 10-15 söz öyrənməlidir ki, xristianlığı təbliğ etsin. Nəzərə alınmır ki, missioner fəaliyyətini həyata keçirmək üçün getdiyin yerin xalqının dilini mükəmməl bilməlisən. Tərcüməçiliklə, 10-15 söz öyrənməklə din yaymaq olmaz. Çünki Qriqorinin nəsli türk mənşəlidir. Ona görə də bu ərazidə xristianlığı asanlıqla yaya bilibdir.

Biz bu gün xristian mədəniyyətinə sahib çıxmaqdan qorxmamalıyıq. Cənubi Qafqazda nə qədər xristian məbədləri, abidələri, tarixi mənbələr varsa, hamısı diqqətlə öyrənilməlidir.

Mehman İbrahimov: Sünik sözü nə məna ifadə edir?

Əziz Ələkbərli: Bayaq qeyd etdim ki, mənbədə bu ad “Siyuni” gedir. “Y” bitişdirici samitdir, “uni” də məlumdur: ölkə anlamı verən bir sonluqdur. Əslində, Su, Si – qədim Türk tayfaları ilə bağlı kifayət qədər toponimlər var. Məsələn, Göyçə gölünün ortasında adada yerləşən məbədin adı Sivəngdir. Vəng, məlumdur ki, kilsə, monastır deməkdir. Göyçə gölünə indi Sevan deyirlər, amma onun tarixi adı Sivəngdir və bütün erməni mənbələrində də bu adla gedir. Su tayfaları ilə bağlı son zamanlar kifayət qədər tədqiqatlar aparılıb. Si tayfalarına aid Sisak, Sisiyan ərazisində Sakı (Şəki) mahalı, həmçinin, Zaqatala, Şəki rayonları var. Saklarla bağlı çoxlu sayda toponimlər mövcuddur. Silər və Mazlar sakların ən böyük tayfalarından biri olub. Yəni Sisak, Sünik, Siyuni sözlərinin kökü gedib Si, Su tayfalarının adına bağlanır.

Erməni mənbələrində belə bir hala rast gəldim ki, XVI əsrdə Eçmiədzin kilsəsi Sivəng məbədini təmir etdirəndən sonra, katalikosun Eçmiədzindən bura açılışa gəlməsi münasibətilə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan monastırdakı bütün materiallar, o cümlədən Mesrop Maştotsun (361/362-440 – erməni din xadimi, dilçisi, erməni əlifbasının yaradıcısı – red.) arxivi gölə tökülərək məhv edilib. Soruşmaq lazımdır ki, necə olur, erməni əlifbasının banisinin arxivi erməni xalqının və kilsəsinin ziyanınadır. Demək, tarixi gizlədir və saxtalaşdırırlar. Yəni Cənubi Qafqazın qədim türk tayfalarının məskəni olduğu şübhəsizdir.

Mehman İbrahimov: Cənubi Qafqazın şərqində Oğuzlar, qərbində, yəni Qarabağ, Ermənistan, Gürcüstan ərazilərində Qıpçaqlar daha çox üstünlük təşkil ediblər. “Dədə Qorqud”da Qıpçaq Məlik ilə Qazan xan mübarizə aparır. Bu mübarizə İslam dini yaranandan sonra da davam edib. Yalnız XIX əsrdə dinindən, irqindən asılı olmayaraq, bütün türkləri birləşdirmək kimi Turançılıq ideyası meydana çıxır. Təəssüf ki, o zamana qədər türklər arasında birlik olmayıb. Qafqazda belə, xristian, ya müsəlman türklər bir yerdə olmayıblar. Bəlkə Xristian tariximizə ögeyliyin kökü həm də bundan qaynaqlanır?

Əziz Ələkbərli: Bəlamız ondadır ki, tarixin o incəlikləri lazımi şəkildə öyrənilməyib, mənbələr kifayət qədər araşdırılmayıb. Bizim əlimizə bəlkə də orijinalda gəlib çatan yeganə mənbə “Kitabi-Dədə Qorqud”dur. Bəzən deyirlər ki, türklər tarixi yazmayıblar. Bununla razı deyiləm. Türkün tarixi yazmağının öz metodu var: türklər tarixi şifahi şəkildə – dastanlarla yazıb və nəsildən-nəslə ötürüblər. Bu dastanları xüsusi dastançılar, nağılçılar danışıblar. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında belə bir fikir var: “Köhnə dastanların qoca ustadı, öz hekayətinə belə başladı.” Yəni böyük şair belə, məsuliyyəti öz boynuna götürmür ki, bu tarixi mən danışmıram; atır dastançıların boynuna. Çünki o tarixi yaşatmaq dastançıların hüququ idi.

Fuad Babayev: Yəni belə deyək, qərbdəki salnaməçilərin buradakı analoqları…

Əziz Ələkbərli: “Dədə Qorqud”, əslində qeyri-adi əhvalat deyil. Biz folklorçular ona daha çox şifahi tarixi əsər kimi baxırıq. “Dədə Qorqud”da söhbət nədən gedir… Ərməniyyə ərazisi Qıpçaq türklərinin vətəni idi. Və eposda Ərməniyyə ərazisinin oğuzlaşması prosesi əks olunub. Yəni şəhər mədəniyyəti olan Qıpçaq türkləri oturmuş və çadır mədəniyyəti olan Oğuz türkləri həmin ərazini işğal edirlər. Nəticədə, Ərməniyyə ərazisindən qıpçaqları qovub çıxardırlar, qıpçaqlar şimala gedir və şimalda Oğuz dövləti olan Xəzər xaqanlığını devirib yerində Qıpçaq xaqanlığı yaradırlar. Yəni bu mübarizə həmişə gedib. Qıpçaqlar Qriqoryan əlifbası dediyimiz müasir erməni əlifbasını da özləri ilə aparırlar. Ona görə də Aleksandr Karkavetsin Ukraynadan tutmuş Qazaxıstana qədər 400-dən çox mətn olan 3 cildlik erməni-Qıpçaq yazılı abidələri erməni əlifbasındadır. Ukraynadan, Şimali Qafqazdan, ya Qazaxıstandan tapılan Qıpçaq yazılı abidələrin bu əlifbada olmasına təəccüb etmək lazım deyil.

Nazim Mustafa: Erməni dediyimiz bu müasir toplum konqlomerat, hibrid bir xalqdır. Yəni ermənilər din ətrafında birləşiblər. Xristianlığı qəbul etmiş xalqlar gəlib ermənilərin ətrafında yığışıblar və himayə görüblər. Roma papası, Avropa dövlətləri həmişə onları himayə ediblər, şərait yaradıblar. Erməni sülalələrinin bəlkə də 3-5 faizi həqiqi hay kökündən gələn ermənilərdir. Yerdə qalanlar sonradan erməniləşiblər. Məsələn, Baqratunilər, əslində yəhudidirlər. Yəni erməniləşmiş hissəsi Baqratunilərdir, gürcüləşmiş hissəsi isə Baqrationlar. Hazırda bu sülalə üstündə ermənilər və gürcülər arasında mübahisə gedir. Halbuki, xristianlığı qəbul etmiş yəhudi kökənli sülalədir. Stepan Orbelian yazır ki, onların nəsli – Orbelianlar Xəzərin şimalından gələrək əvvəlcə Gürcüstanda, sonra isə Sünikdə məskunlaşıbdır. Yaxud, Mamikoyanlar türkdür. Movses Xorenlinin “Tarix” kitabında yazılıb ki, döyüşkən cəsur dəstələrin başında iki qardaş dayanıb: Mamuk və Qonaq. Onlar Çenastandan (Orta Asiyadan) gəlmişdilər. Sasanilər də cəsur və döyüşkən olduqlarına görə, bu iki qardaş və ətrafında birləşən dəstələri şimal sərhədlərində məskunlaşdırmışdılar.

Xristianlığın yayılması dövründən başlayaraq ermənilər Xristian missionerləri kimi bizim ərazilərə göndəriliblər. Həmçinin ermənilər yəhudilər kimi hər yerdə ticarətlə məşğul olublar. Roma papasının, Avropa dövlətlərinin başçılarının Səfəvi və Osmanlı dövlətlərinin başçılarına məktubları var. Orada deyilir ki, bu xristian ermənilər ticarət yolları üzərində gedib gəlirlər. Bunlara yer ayırın ki, ibadət etmələri üçün yer tiksinlər və gecələmələri üçün şəraitləri olsun. Yəni ermənilərə, məktublarda adları da çəkilir: Şamaxıda, Bakıda, Təbrizdə və s. yerlərdə torpaq ayırın ki, orada dini ibadət evləri tiksinlər. Beləcə, ilk xristian yaşayış məskənləri kilsə və onun ətrafında yaranıb. Matenadaranın orta əsrlərə aid alqı-satqı sənədlərini professor Akop Papazyan çap etdirib. Və orada göstərilir ki, 1413-cü ildə katolikos Qriqor Makulu adlı bir erməni Eçmiədzin ətrafında 7 kəndi (Vağarşabad /Eçmiədzin-Üçkilsə/, Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni – Wikipedia.) pul verib əmir Rüstəmdən alır. Yenə bir alqı-satqı sənədi var ki, daha sonra yenə 23 kəndi alırlar. Bu yolla Eçmiədzin, Tatev və digər kilsələrinin ətrafında torpaqları türklərdən alaraq orada erməniləri yerləşdirdilər və ermənilərdən ibarət ilk kəndlər, kiçik anklavlar yaranmağa başladı. Sonra isə tarixi şəraitdən istifadə edib bu anklavları birləşdirərək özlərinə Ermənistan dövləti qurmaq prosesini həyata keçirə bildilər.

Deməli, o zaman xristianlıq bir avantaj, üstünlük idi ki, Qıpçaq türklərinin bir qismi erməniləşdi, o biri qismi gürcüləşdi. 1946-cı ilə qədər Ermənistanın Abaran rayonu ərazisində Qıpçaq kəndi vardı. Sonra adını dəyişdilər. Və oradakı kilsədə də erməni hərfləri ilə Qıpçaq türkcəsində mətnlər var idi.

Tatev monastırı haqqında fərmanlar var. Bu monastırın ətrafındakı ermənilərə güzəştlər, imtiyazlar verilməsi, onlara dəyib-toxunmamaq barədə şah İsmayılın, şah Abbasın fərmanı var. Sisacan (Sisiyan – red.), Urud və Kiği nahiyələrindəki kəndlərin Tatev monastırının daimi mülkiyyətinə verilməsi ilə bağlı Şah İsmayılın 1513-cü ildə verdiyi fərmanı var. Həmçinin, Şah İsmayıl 1503-cü ildə Tatev monastırının bir sıra vergilərdən azad edilməsi, 1506-cı ildə isə Tatev monastırının hüquqlarının artırılması barədə fərman verib.

Yəni bu cür imtiyazlar verməklə, onlara şərait yaratmaqla, ermənilərin bu ərazilərə axışıb gəlməsinə səbəb yarandı. Bu imtiyazlardan istifadə etmək üçün albanların bir hissəsi də gəlib erməni kilsələrinə sığındılar. Sonrakı mərhələdə, 1836-cı ildə rus çarı I Nikolayın fərmanı ilə Alban kilsəsi ləğv olundu və albanların bir hissəsi Eçmiədzin Qriqoryan kilsəsinə tabe edildilər.

Orbelianlar nəsli əvvəlcə xristianlığı qəbul etmiş, sonradan erməniləşmişdir. Məsələn, Stepan Orbelianın (1250-1303 – tarixçi, kilsə xadimi, “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi – red.) anasının adı Arzu Xatun olub. Bir qardaşının adı Əlikün, digərinn adı Təlhadövlə idi. Arzu Xatun 1286-cı ildə Tatev monastırının həyətində dəfn edilib. Yəni türk adları sonradan tədricən dəyişildi, daha doğrusu biz o türk adlarını erməni adları kimi qəbul etməyə başladıq.

Fuad Babayev: Azərbaycan tarix elmi ilə erməni tarix elmi bir-birinə tam əks mövqedən çıxış edir. Bilirik ki, müxtəlif beynəlxalq tədbirlərdə hər iki ölkənin tarixçiləri görüşməli olur. Bəs bu məsələ ilə bağlı hansısa qarşıdurma olub?  

Əziz Ələkbərli: Nəzərə alaq ki, dünyaya özlərini necə təqdim etsələr də, ermənilər bu coğrafiyanın adamları deyildir. Əgər ermənilərə dövlət yaratmaq hüququ Sibirdə verilsə idi, erməni tarixşünaslıq elmi sübut edəcəkdi ki, Sibirdə yaşayan ilk insan erməni olub. Bu, erməni psixologiyasına xas olan bir şeydir. Əslində, erməni tarixçiləri ilə polemikaya girməyin mənası yoxdur. Çünki erməni tarixi başdan-ayağa saxtadır. Erməni özü də yaxşı bilir ki, bu coğrafiyaya onun heç bir aidiyyəti yoxdur. Onlar gəlib oturduqları coğrafiyanın özlərinə qədərki bütün tarixinə, mədəniyyətinə – hər bir şeyinə sahiblənir, onlara qədər mövcud olmuş xalqları isə ya özəlləşdirir, ya da ki, tarixdən silirlər. Bütün dövrlərdə belə olub, imperiyalar da bu cür edib. İmperiyalar hansı ərazini tutubsa, çalışıb ki, o ərazinin hər bir şeyini mənimsəsin. Əgər belə etməsə, sabah onun üçün problem yarana bilər.

Ermənilərin bizdən fərqi nədədir. Onlar bir yalançı tarixi konsepsiya yaradır, əvvəlcə bir neçə nəslə öyrədib bunları onlara inandırırlar, özləri inanandan sonra isə dünyanı inandırmağa çalışırlar. Artıq bugünkü erməni nəslini heç cür inandırmaq olmur ki, bu torpaqlar sənin deyil. Məgər erməni tarixçiləri, siyasətçiləri bilmirlər ki, oturduqları İrəvan mahalı və ətraf coğrafiya onların tarixi torpaqları deyil? Dünya bilir ki, ermənilər bura nə zaman köçürülüb, onlar özləri guya bilmirlər? Bilirlər, amma artıq ermənini qandırmaq mümkün deyil. Ona görə də, onları başa salmaq kimi işlər mənasızdır.

Fuad Babayev: Bəs nə etməli?

Əziz Ələkbərli: Azərbaycanın vahid milli tarix konsepsiyası olmalıdır. Bu gün əgər beş nəfər tarixçi bir masanın ətrafında oturursa, hər biri bir konsepsiyadan çıxış edir. Ermənilərdə isə belə deyil. Əgər bu gün ermənilərin akademiki Ayvazyan üzüm sortundan əsər yazırsa, üzümçülüklə bağlı kəşflərini, ideyalarını ortaya qoyduqdan sonra, məsələni ona aparıb çıxarır ki, indiki Ermənistan ərazisində ilk üzümü 2-3 min il bundan qabaq bir erməni yetişdirib, deməli bu coğrafiyada yaşayan ilk insan erməni olub və yetişdirilən ilk üzüm növü də erməniyə məxsusdur. Yalançı erməni konsepsiyası ermənilərdə bütün elm sahələrində bu cür “işləyir”. Hər bir erməni alimi öz işini görür, amma axırda gedib o konsepsiyaya dirənir. Abidələrində də üzüm təsvirlərinin çox olması ilə sübut etmək istəyirlər ki, başqa xalqlarda üzüm, ya şərabçılıq olmayıb, hamısı ilk dəfə onlarda yaranıb və başqa xalqlara keçib.

Mən özüm Qərbi Azərbaycan – Ermənistan ərazisindəki tarixi abidələri araşdırmışam, o abidələrin divarlarındakı ornamentlər türk xalqlarına məxsusdur. Dərələyəzin 2 kilometrliyində yerləşən Amağu kəndindəki Anabad məbədinin divarında Oğuz xanın oğulları ilə bir yerdə barelyefi var. Rəşidəddin Fəzlullahın (1247-1318 – tarixçi, həkim, dövlət xadimi – red.) “Oğuznamə”sini çap edəndə, bu şəklə orada da rast gəlmişik. Demək, monastırın divarında belə bir şəkil var, həm də onlar qıyıq gözlü təsvir edilib.

Nazim Mustafa: Ermənilər deyirlər ki, burada təsvir olunanlar ermənidir.

Əziz Ələkbərli: Yaxud onlar bilirlər ki, orada təsvir olunan səkkizguşəli ulduzun erməniyə heç bir dəxili yoxdur, amma gəl bunu erməniyə başa sal.

Biz, tarixi abidələri çox az tədqiq etmişik. Ancaq erməni alimlərinə Sovet dövründə də yaxşı şərait yaradıblar. Ermənilər Sovet Ermənistanı ərazisindəki, demək olar ki, hər bir abidə barədə dissertasiya yazıblar. O vaxtın tələblərinə uyğun olaraq bu dissertasiyalar rus dilinə də tərcümə olunurdu. Yəni həm yazıblar, həm də Sovet dövlətinin pulu ilə təbliğ ediblər. Həm də o abidələrin ən kiçik ornamentlərini belə, erməni tarixi konsepsiyasına və milli xüsusiyyətlərinə uyğunlaşdırıb şərh ediblər. Abidələrin, demək olar ki, heç biri onların deyil, amma o qədər incəliklərinə qədər öyrəniblər… Demək o dissertasiyalar abidələri erməniləşdirmək üçün yazılıb.

Nazim Mustafa: Maraqlıdır ki, bəzi erməni tarixçiləri özlərinin tarixinin saxta olduğunu etiraf edirlər. Məsələn, İrəvan xanlığına dair kitab yazmış erməni əsilli ABŞ tarixçisi C.Bornoutyan İrəvanda keçirilən beynəlxalq konfransda qeyd edir ki, İrəvan azərbaycanlıların şəhəridir və ermənilər İrandan, Türkiyədən XIX əsrdə köçürülüb bu ərazilərə gətiriliblər. Bundan sonra ona İrəvanda qaldığı mehmanxanada hücum edib döymək istəyirlər, amma birtəhər Ermənistandan qaçırda bilirlər. O vaxtdan – 2003-cü ildən sonra Bornoutyan bir də Ermənistana ayaq basmayıb. Günahı o olub ki, İrəvanın azərbaycanlıların torpağı olduğunu deyib.

Əziz Ələkbərli: Əslində, hamının bildiyi bir həqiqəti deyib, yeni bir şey deməyib.

Nazim Mustafa: Movses Xorenlinin (yaxud, Moisey Xorenatsi – red.) “Tarix” kitabını “Erməni tarixi” kitabı kimi təqdim edirlər. Əslində isə, bu kitabın adında “erməni” sözü yoxdur. XVIII əsrdə erməni din xadimləri – Mxitaristlər (1712-ci ildə yaradılan erməni katolik monarx ordeni – red.) İtaliyada yerləşən San Lazar adasına gedib oradakı kilsədə saxta tarix yazmağa başlayır və başqa dillərə tərcümə edib Avropada yayırlar. Həmin o Mxitaristlərin fəaliyyətindən sonra ən qatı saxtalaşdırma başlanır. Beləliklə, “Tarix” kitabı dönüb olur “Erməni tarixi”, indiki dövrdə isə “Ermənistan tarixi”. Erməni tarixçisi Qriqoriy Xalatyanç 1898-ci ildə Sankt-Peterburqda magistr dissertasiyası yazır: “Movses Xorenlinin tarixində Erməni eposu”. Xalatyanç belə bir nəticəyə gəlir ki, Movses Xorenlinin kitabı başdan-ayağa kompilyasiyadır (oğurluq, başqalarının əsərlərindən quraşdırma – red.). Yəni Xalatyanç “İncil”dən, yunanların, sasanilərin, yaxud başqa xalqların tarixindən hadisələri bir sütuna qoyur, o biri sütunda isə Movses Xorenlinin kitabında yazılan eyni hadisələri yerləşdirir. Görürsən ki, bunlar eyni şeydir: müxtəlif xalqların tarixində olan hadisələr Movses Xorenlinin kitabında ermənilərin tarixi kimi qələmə verilir. Əslində, Q.Xalatyançın kitabı ermənilərin özünə qarşı bir ittihamdır. Avropalı tarixçilər də bu faktı görmüşdülər və bunu araşdırmağa başladılar. Aydın oldu ki, bu “Tarix” kitabı V əsr kitabı kimi təqdim edilsə də, orada VII, VIII, hətta X əsrdə baş verən hadisələr təsvir olunub. Demək, erməni tarixçiləri kilsədə oturub “Tarix” kitabına özlərindən çoxlu sayda əlavələr ediblər.

Yaxud, erməni tarixçiləri yazırlar ki, Sünikdə David Bəy hərəkatı olub. O zaman Zəngəzur Səfəvilərə tabe idi. “Böyük Pyotrun erməni xalqı ilə əlaqələri” kitabının müəllifi Q.A.Ezov və sovet erməni tarixçisi Arakel Babayan yazırlar ki, Sünikdə David Bəy hərəkatı kimi bir hadisə olmayıb.

Ermənilərin tarixinin saxta olmasını çox adam bilir. Məsələn, ABŞ-da yaşayan Tiflis ermənisi, tarixçi Nina Qarsoyan, Xorenlinin “Tarix” kitabında Ermənistan sözünün olmasını absurd adlandırıb. Yazıb ki, sonradan saxtalaşdırma yolu ilə bu sözü ora daxil ediblər. Erməni mənbələrini uydurma adlandırdığına görə N.Qarsoyanı ermənilər düşmən hesab edirlər.

Matenadaranda saxlanılan 3 noyabr 1400-cü ildə tərtib edilən mülk kağızı sənədində Tatev monastırına məxsus 3 kəndin sərhədləri təsvir edilir. Əgər burada ermənilər yaşasa idi, təbii ki, bu yaşayış məntəqələrinin də adı ermənicə olardı. Lakin həmin sənəddə mənası ermənicə olan bir dənə də ad yoxdur. Məsələn, sənəddə deyilir ki, Azərbaycanın Kapanat və Sisəcan əyalətinin, Naxçıvan tüməninin adlı-sanlı, vicdanlı şəxsləri tərəfindən mülk kağızı təsdiqlənib. Sənəddə kəndlərin sərhədlərini bildirən aşağıdakı türk mənşəli yer adları sadalanır: Urud, Ayı dərəsi, Zoğallı dərə, Zoğallı zəmi, Həmid gölü, Beş təpə, Daşxırman, Təpəaşan, Kölgə qaya, Yaşıl bulaq, Ulus yolu, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, Gümşal, İmranlı qəbiristanlığı, Çayırçimən, Korçeşmə, Qızıl qaya, Börklü qaya, Quşbaz, Qara çınqıllı, Uzun qaya, Keçi qayası və s. Yəni sənəddə bir dənə də ermənicə yer adı yoxdur. Ermənilərin gəlişinə qədər orada yaşayıb, o yerlərə də o adları biz vermişik. Ermənilər yerli olsa idilər, o yer adları ermənicə adlanardı.

Erməni etnoqrafı Yervand Lalayan Zəngəzurun Sisyan bölgəsi haqqında etnoqrafik tədqiqatlar aparıb, 1898-ci ildə Tiflisdə etnoqrafik nəşrdə ermənicə çap etdirib. Həmin araşdırmada Sisyan bölgəsindəki dağların adları sadalanır: Buztökən, Dəlidağ, Gəmi qaya, Üçtəpə, Dəvəgözü, Qısır dağ, Kəbirli, Böyük Ağdaban, Kiçik Ağdaban, Ərikli, Qaratorpaq, Dəmirli dağ, Alçaq dağ, Şiştəpə və s.

Fuad Babayev: Əziz müəllim, bayaq belə bir fikir səsləndirdiniz ki, ermənilər artıq öz yalanlarına özləri də inanır və onları bu yoldan döndərmək, konstruktiv dialoqa cəlb etmək, elmi müstəvidə bu məsələləri onlarla müzakirə etmək imkansızdır. Ancaq Nazim müəllim bu konsepsiyaların əleyhinə çıxan etnik erməni tarixçilərin də olduğunu qeyd etdi. Biz nəyə görə onlarla bir işbirliyi qurmur, yaxud ən azı, onların fikirlərindən, əsərlərindən götürülmüş sitatlardan ibarət yazılar ortaya qoymuruq?  

Əziz Ələkbərli: Mən Siz deyən şəkildə polemikanın əleyhinə deyiləm. Sadəcə olaraq, ilk əvvəl biz öz tariximizi özümüz üçün aydınlaşdırmalıyıq. Tariximizdə o qədər qaranlıq məqamlar var ki… Həm də o polemikaya tam hazır deyilik.

Fuad Babayev: Yəni döyüşə girməzdən əvvəl özümüzü hazırlamalıyıq.

Əziz Ələkbərli: Bəli, özümüzü tam hazırlamalıyıq. Bayaq dediyim kimi, beş nəfər tarixçi oturub, hərəsi bir mövqe ortaya qoymamalıdır. Adi bir fakt deyim. 1988-ci ildə Qərbi Azərbaycan ərazisindən yüzminlərlə qaçqın gəldi. Oradan nə qədər soydaşımızın Azərbaycana gəlməsi haqqında bu gün də hələ dəqiq rəqəm bilmirik. Yəni beş nəfər bir masanın ətrafında otursa, hərəsi bir rəqəm deyəcək. Çünki əlimizdə konkret rəsmi rəqəm yoxdur.

Yaxud, İslamaqədərki tariximizdə o qədər qaranlıq məqamlar var ki… Məsələn, Sünik. Sünik ilə bağlı nə qədər mübahisəli məsələlər var.

Sizə tarixşünaslığımızda İslamaqədərki dövrlə, yaxud ilkin orta əsrlərlə bağlı real vəziyyəti izah edəcək bir-iki fakt deyim. Arsak adı üstündə mübahisə gedir; tarixçilər ərsaklarla bağlayırlar, amma yanlışdır. Erməni bu adı belə deyir – Artsak. Əslində, bu belədir. Artsak – dağ sakları deməkdir. Yəni aran və dağ sakları var, lakin adın mənası ər sak deyil və Arşakilərlə də bağlılığı yoxdur.

Yaxud tarix kitablarımızda yazılır – Eldənizlər, Eldəgizlər, Eldəgəzlər… Ancaq erməni mənbələrinin hamısında Eldəquzlar gedir. “Eldəquz”un “giz”ə və “gəz”ə keçmə variantları var: Ələyəz dağı, Alagöz dağı.

Musa Kağankataylının “Alban ölkəsinin tarixi” kitabının məndə 3 dildə: erməni, rus və Azərbaycan dillərində versiyası var. Ermənicə belə yazılır – Movses Kağankatayti. Görürsünüz, adda həm “kağan” var, həm də “katay”. Katay Böyük Ərməniyyə deyilən coğrafiyanın 16 mahalından biridir, hazırda Kotayk adlanır. Bunlar indiki Çin ərazisindən gələn Xatay tayfalarıdır. Şah İsmayıl Xətai də həmin tayfadan, Ərdəbilin Xatay məhəlləsindəndir. Yəni nəyə görə “kağan” və “katay” sözlərindən imtina edib Kalankatuklu kimi tərcümə edirsən… Bəziləri də Kalankatlı kimi yazır. İndi təsəvvür edin vəziyyət nə yerdədir. Bu cür onlarla fakt var.

Nəyə görə “Sünik tarixi” kitabını tərcümə etdik… Stepan Orbelianın “Sünik tarixi” yeganə mənbələrdən biridir ki, ermənilər bu kitabı başqa dillərə tərcümə edib dünyaya yaymır. Doğrudur, XIX əsr tarixçiləri istinad edib, 1904-cü ildə kitabın bir-iki fəslini Tiflisdə çap ediblər, 1859-cu ildə fransız M.Brosset tərəfindən fransız dilinə tərcümə olunaraq Parisdə nəşr olunub, lakin 1297-1300-cü illərdə qələmə alınmış Qafqazın tarixinə aid bir kitab nəyə görə tərcümə olunub tarixşünaslığa təqdim olunmur? Mən fransız müəllifin kitabında yazdığının hamısının düz olub-olmamasından danışmaq istəmirəm, ola bilsin burada da erməni barmağı, erməni saxtalaşdırması olsun, yaxud Brosset tərcümə edəndə, yanında bir erməni də ola bilərdi. Ancaq kitabda 20-30 faiz də olsa tariximizə aid nə varsa, o da bizə bəs edər. Çünki kitabda bu coğrafiya ilə bağlı çoxlu sayda türkcə toponimlər mövcuddur. Ona görə də bu mənbələrin hamısı tərcümə edilib çap olunmalıdır. İkincisi, erməni işğalı altında olan Qarabağ, indiki Ermənistan Respublikasının ərazisi incəliklərinə qədər öyrənilməlidir. Çünki bu torpaqlar son qarışına kimi tarixi Azərbaycan, qədim türk torpaqlarıdır və bu ərazilərlə bağlı bütün mənbələr ortaya qoyulmalı, sistemli şəkildə öyrənilməlidir. Tariximizə sahib çıxmalıyıq.

Nazim Mustafa: 1906-cı ildə Zəngəzurda 406 kənddən 92-sində ermənilər, qalan yaşayış məskənlərində isə azərbaycanlılar yaşayırdılar. Amma erməni vəhşilikləri nəticəsində 200-dək kəndi azərbaycanlılar tərk etməli olur. 1918-1920-ci illərdə isə ermənilər Zəngəzuru tam işğal edirlər. Sovetlər gəldikdən sonra, Zəngəzurun yarısından çoxunu ermənilərə verirlər, az bir hissəsi isə Azərbaycanda qalır.

Biz tariximizi yazmalıyıq, həmçinin, qeyd etdiyiniz kimi, obyektivliyini qoruyub saxlayan xaricdə yaşayan ermənilərlə təmasa keçməliyik, xarici dilləri bilən gənc tarixçi nəsil yetişdirməliyik ki, onlarla polemikaya girə bilsinlər.

Hazırladı: Mehman İbrahimov, 1905.az