Mərkəzi Bank yaxın günlərdə əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayacaq

Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə büdcəsi məlum olub
Bakıda maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirilib
Qarabağ Atçılıq Kompleksində yüksək şərait yaradılıb

“Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə qalma müddətini uzatmağa ehtiyac yoxdur”.

“Report” xəbər verir ki, bunu “VTB Bank”ın (Azərbaycan) İdarə Heyətinin sədri Yevgeni Kirin bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankının bununla bağlı qərarı gözlənilir”, – o bildirib.

Qeyd edək ki, qanunun qüvvədə qalma müddəti uzadılmasa, bundan sonra ölkədə yalnız 30 min manata qədər əmanətlər sığortalı olacaq (manatla yerləşdirilmiş əmanətlərinin illik faiz dərəcəsinin 10%-dən, ABŞ dolları ilə yerləşdirilmiş əmanətlərin isə illik faiz dərəcəsinin 2,5%-dən çox olmaması şərtdir). Başqa sözlə, 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minəcək.

Bank rəhbəri bu sığorta məbləğinin əmanətlərin böyük hissəsini əhatə etdiyini və bu səbəbdən bu gün üçün məqbul olduğunu düşünür. “Bu mexanizmə qayıdış bu gün banklar üçün əsas resurs bazası olan əmanətlər üzrə faiz dərəcələrinin artımını məhdudlaşdıracaq, yəni kreditlər üzrə faiz dərəcələrinin azalmasına nail olmaq mümkün olacaq”, – Y.Kirin söyləyib.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.

Qanunla bağlı gözləntilər özünü doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb.

Bununla belə, son bir neçə ayda bank əmanətlərinin yenidən azalması müşahidə edilir. Məsələn, bu il fevralın 1-nə bu rəqəm 8,6 milyard manat təşkil edib. “Report” hesab edir ki, azalmaya səbəb “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin yenidən uzadılmayacağı barədə gözləntilərdir. Məsələ ondadır ki, qanunla bağlı qərar verməli olan Azərbaycan parlamenti ötən ilin noyabr ayında buraxılıb və ölkədə növbədənkənar seçkilər keçirilib. Yeni tərkibli parlamentin isə yaxın günlərdə işə başlaması gözlənilmir. 

report.az