Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib

Azərbaycanda yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə aparılacaq
Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasının Təhsil Naziri Emin Eldar oğlu Əmrullayevə MÜRACİƏTİ

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.

Komitə sədri deyib ki, ümummilli lideri Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.

Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərinin tarixindən danışdı, Muxtar Respublikanın bu bölgəsindəki sosial-iqtisadi inkişafdan bəhs edib. Babək qəsəbəsinə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Babək qəsəbəsi Ümummilli Lider tərəfindən 1978-ci ildə yaradılıb. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.

Bildirilib ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşıb, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.

Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.