İspaniya portalında Azərbaycan ilə bağlı geniş məqalə dərc olunub

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti ilə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib

İspaniyanın “Diplomat in Spain” portalında bu ölkənin Kral Xuan Karlos Universitetinin hüquq elmləri üzrə professoru Karlos Uriartenin Azərbaycanla bağlı geniş məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Şərqdə ilk parlamentli respublikanın 1918-ci il 28 may tarixində Azərbaycanda yarandığını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratiya, dünyəvilik və parlamentli respublika dəyərlərini rəhbər tutduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarını təmin etdiyini vurğulayıb. Qeyd olunur ki, Şərqdə ilk dəfə, bir çox Qərbi Avropa dövlətlərindən və Amerika Birləşmiş Ştatlarından da əvvəl Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olublar. Bildirilir ki, Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Azərbaycan dili rəsmi dövlət dili elan edilib, ölkənin himni, bayrağı və gerbi təsis olunub, Azərbaycan Milli Ordusu yaradılıb.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Ölkənin bu cür ağır vəziyyətlə üzləşdiyi bir dövrdə, Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdıb, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilib.

Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilib, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanıb, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilib, işğal edilmiş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Diqqətə çatdırılır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar, həyata keçirilən tədbirlər Azərbaycan xalqının mənafeyinə, ölkənin qüdrətinin artmasına və daha da çiçəklənməsinə xidmət edir.

Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış edir, hazırda iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş qlobal təşəbbüslər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilərək yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir.

Məqalədə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq nəqliyyat, enerji layihələri barədə ətraflı məlumat verilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid