Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatı

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
Şanlı Aprel döyüşlərindən beş il ötür
“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 44-dən 45-ə yüksəlib

Xəbər verildiyi kimi, Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər rayonlarının ərazilərində xarici dövlətlərin erməni əsilli vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb. Həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad edilən Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaq zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilib ki, Zəngilan rayonunun Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, habelə həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən barələrində beynəlxalq axtarış elan edilib.

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi məqsədilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən, uzun illər ərzində istismara məruz qalan qızıl yataqlarının yerləşdiyi əraziyə, hadisə yerinə baxış da daxil olmaqla, digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycanın zəbt olunmuş və artıq işğaldan azad edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün tədbirlərin görülməsi təmin ediləcək.

AZƏRTAC