Hikmət Hacıyev: Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər

YAP imzatoplama kampaniyasına start verib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Həmçinin məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

AZƏRTAC