ORUCOV Vəzir Surxay oğlu

ABDULLAYEV Rövşən Əbdülhüseyn oğlu
RÜSTƏMOV Hidayət Eldar oğlu
ŞAMOYEV Firuddin İsa oğlu

ORUCOV Vəzir Surxay oğlu (26.12.1956, Tərtər r.-nunun Xoruzlu k. – 22.3.1993, Ağdərə) – Azərbaycanın Milli Qəhrəmanı (27.3.1993, ölümündən sonra).

26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Vəzirin valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalından idilər. Ermənilərin təzyiqlərinə məruz qalaraq öz doğma yurdlarını tərk edərək          1950-ci ildə Tərtər rayonunun Qarağaclı kəndinə köç edirlər. Sonra Xoruzlu kəndini özlərinə yurd yeri seçirlər. Vəzir orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasma keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi.

V.Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar.

22 mart 1993-cü il… Son döyüş… Döyüşlər – Ağdərə yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedirdi. Zirvənin itirilməsi Ağdərə qəsəbəsinin işğalı demək idi. Yüksəkliyin ələ keçirilməsi Vəzirə və onun silahdaşlarına həvalə olundu. Vəzir adəti üzrə düşmən arxasına keçib gözlənilməz zərbə vurmaq istəyirdi. Lakin macal tapmadı. Aylarla onu gəzən snayper qəhrəman Vətən oğlunu haqladı. O, əbədi gözlərini yumdu.

Evli idi. Bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 235-236