Zaman-zaman Azərbaycana qarşı “qara piar” kampaniyalarının təşkil edildiyini bilirik. Müxtəlif səviyyələrdən ölkəmizin əleyhinə yalanlar uydurulur. Ancaq bunların sırasında “kirəlik adamlar” var ki, onlar sistemli şəkildə pis işlər görməkdədirlər. Avropa Şurasının baş katibi Turbyörn Yaqland və ABŞ Konqresinin üzvü Kris Smit, deyəsən, daha qabağa getməyi qərara alıblar. Hər iki şəxsin kimliyi yaxşı məlumdur.
Onların bir sıra dairələrlə əlaqələri haqqında informasiyalar yayılıb. Bu dəfə hər ikisi antiazərbaycan cəbhəsində qoşa dayanmağa cəhd göstəriblər. T.Yaqland sentyabrın 13-də Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı insan haqları ilə bağlı ittiham edərək, onu təşkilatdan çıxarmaqla hədələyib. K.Smit isə sentyabrın 26-da Konqresə sənəd təqdim edərək, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edib. Ekspertlər onların məhz bu dönəmdə meydana çıxmalarını təsadüfi hesab etmirlər. Onların fikirlərinə görə, bu, daha çox Azərbaycanın əldə etdiyi geosiyasi uğurlarla əlaqəlidir. Azərbaycan həm sürətlə inkişaf edir, həm də beynəlxalq miqyasda nüfuzunu yüksəldir. Bu məqamlar bir sıra dairələri çox qıcıqlandırır. Və ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına start verilir. Bu kimi cəhdlərin sonu nə ola bilər?
Sözdə dost, əməldə…: cavabı məlum suallar
Azərbaycan əleyhinə Avropada və bir sıra başqa ölkələrdə məqsədyönlü, qərəzli kampaniyaların aparıldığı yenilik deyil. Hətta sözdə dost deyib, pərdə arxasında ölkəmizə qarşı fəaliyyət göstərən region dövlətləri də vardır. Həmin dövlətlər Avropa ilə elə də yaxşı münasibətdə olmasalar da, Azərbaycan məsələsində ortaq hərəkət edə bilirlər. Çünki hər iki düşərgə üçün Azərbaycanın sürətli və dayanıqlı inkişafı qəbuledilməzdir. Düşündürücüdür ki, bəzi məqamlarda “mehriban düşmənlər” Azərbaycana qarşı birləşib sinxron hərəkət edirlər. Son vaxtlar onların bu planlarını ifadə edən rəsmi şəxs kimi Avropa Şurasının baş katibi Turbyörn Yaqland çıxış edir.
Qəribə də olsa, bu şəxs eyni zamanda həm Qərbin, həm də Şərqin sifarişlərini yerinə yetirir. İkili standartın ikili diplomatiyasının bariz nümunəsi! Budur, sentyabrın 13-də cənab Turbyörn Yaqland Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı qurumdan uzaqlaşdırmaqdan söhbət açıb. Səbəb nə imiş? Sən demə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmir. Əcəba, bu qurumun qərarlarının hamısı icra olunubmu? Statistika göstərir ki, İnsan Hüquqları Məhkəməsinin minlərlə (!) qərarı icra olunmayıb. Lakin buna görə Avropa Şurası heç bir ölkəni qurumdan çıxarmaqla hədələməyib, yaxud bu istiqamətdə hansısa addım atmayıb. Bəs indi nə baş verir ki, Azərbaycana gələndə, bu cənab çox sərt olur?
Digər tərəfdən, dünyada kütləvi surətdə qətliamlar törədən ölkələr arasında AŞ-nin üzvləri də var. Məsələn, Ermənistan minlərlə azərbaycanlının nəinki hüququnu pozub, hətta onları deportasiya edib, qətlə yetirib, amansız terror aktları həyata keçirib. İndiyə kimi təşkilatın hansı baş katibi rəsmi İrəvana mesaj göndərib ki, bu əməllərinə görə səni qurumdan uzaqlaşdıra bilərik. Qətiyyən belə bir şey olmayıb. Səbəbi?
Bundan başqa, AŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı quldur dəstələrinin çıxarılması ilə bağlı neçə sənədi vardır? Bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 8 sənəd qəbul edib, onlardan ikisi tövsiyə xarakterlidir (1995 və 2005-ci illərdə qəbul olunub). İlk sənədi AŞPA 1994-cü ildə qəbul edib. Orada yumşaq şəkildə münaqişəni sonlandırmaq və atəşkəsə əməl etmək tələbi əks edilib (bax: Avropa Şurası Parlament Assambleyasının tövsiyəsi, №1251 (1994) / http://garabagh.net/content_134_az.html).
1995-ci ildə qəbul edilən sənəddə Azərbaycanda minlərlə insanın böyük əzab çəkdiyi, humanitar fəlakətin yaşandığı, yardımların edilməsi zərurəti və bu fəlakəti dayandırmaqla bağlı müəyyən tövsiyələr yer alıb (bax: Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair qətnaməsi, №1059 (1995) / http://garabagh.net/content_136_az.html). Bu sənəd əsasında AŞPA tövsiyə sənədi də hazırlayıb.
1997-ci il sənədində isə artıq birmənalı vurğulanıb: “10. O, işğal edilmiş ərazilərin qaytarılması və qaçqın və köçkünlərin geri dönməsi, Dağlıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışıqları gücləndirməyə çağırır” (bax: Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair qətnaməsi, №1119 (1997) / http://garabagh.net/content_140_az.html).
AŞPA 2001-ci ildə qəbul etdiyi sənəddə açıq göstərir ki, “xalqların öz müqəddəratını təyin etmək hüququna Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq hörmət olunmalıdır. Nəticə etibarilə bu hüquq yalnız sülh danışıqları əsasında həyata keçirilə bilər. Torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz” (bax: AŞPA-nın Nazirlər Komitəsinin qərarı (Strasburq, 24 sentyabr 2001-ci il) / http://garabagh.net/content_144_az.html).
Nəhayət, 2005-ci ildə tarixi sayıla biləcək sənəd qəbul edilib. Burada vurğulanır ki, “Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər” (bax: ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə, 1416 (2005) saylı Qətnamə / http://garabagh.net/content_147_az.html). Sənəddə daha sonra vurğulanır ki, AŞPA genişmiqyaslı etnik təmizləmə və mono-etnik ərazilərin yaranmasından çox narahatdır. Bundan başqa, “Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir” (bax: əvvəlki mənbəyə).
Baş katibin unutqanlığı: bəlkə qərəz?
Düzdür, biz sənədləri bir qədər geniş təqdim etdik. Lakin bunun əhəmiyyəti var, çünki Turbyörn Yaqland cənabları Avropa Şurasının baş katibi kimi həmin sənədlərin də yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Necə deyərlər, bu, onun vəzifə borcudur. Ancaq, insafən, bu adam bir dəfə də olsun həmin sənədlərdə vurğulanan tələblərin, çağırışların, tövsiyələrin Ermənistan tərəfindən qulaqardına vurulması səbəbini soruşubmu? Yaxud tələb edibmi ki, sənədlərdə qoyulan şərtlərə əməl etməyən işğalçı ölkəni təşkilatdan çıxaracaq? Qətiyyən bu cənab “belə səhvlərə” yol vermir.
Əvəzində, qondarma “erməni soyqırımı”na həsr edilmiş beynəlxalq tədbirdə iştirak edir və “ermənilərin sərt şəkildə qətlə yetirilməsini bütün dünya üçün itki” hesab edir. Doğrudur, T.Yaqland eyni zamanda “erməni soyqırımı” məsələsi ilə tarixçilərin məşğul olmalı olduğunu da deyir. Lakin fakt ondan ibarətdir ki, özünün də dediyi kimi, qeyri-müəyyən bir hadisə ilə bağlı beynəlxalq tədbirdə iştirak edib, fikir bildirir. Üstəlik, cinayət törətmiş hərbi cani Serj Sarkisyanla görüşür və Ermənistan prezidenti tədbirdə iştirak etdiyinə görə T.Yaqlanda təşəkkür edir. Bununla kifayətlənməyən S.Sarkisyan Avropa Şurasının insan haqlarının qorunması sahəsində oynadığı rolundan dəm vurur.
Maraqlıdır, deyilmi?! Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 8 sənəd qəbul etmiş bir təşkilatın baş katibi ilə Xocalıda, Qaradağlıda ən ağır bəşəri cinayətlər törətmiş insanlardan biri, Ermənistana rəhbərlik edən şəxs üz-üzə oturub, uydurma “erməni soyqırımı”na təəssüflənir, insan haqlarından danışırlar. O zaman, cənab Yaqland S.Sarkisyana “siz niyə 100 minlərlə azərbaycanlını öz yurdundan qovmusunuz, Xocalıdakı vəhşiliyin adı nədir və işğal etdiyiniz torpaqları niyə tərk etmirsiniz?” deyə, belə bir sual versəydi, cavab nə olardı? Əslində, S.Sarkisyanın cavabı bəllidir. Ancaq o anda T.Yaqland həm öz simasını xilas etmiş olardı, həm də AŞ-nin ciddi və prinsipial bir təşkilat olduğunu nümayiş etdirərdi. Lazım gəlsə, S.Sarkisyanın qarşısına AŞPA-nın qəbul etdiyi sənədləri, BMT-nin 4 qətnaməsini qoyardı. Deyərdi ki, biz Strasburqda bu sənədlərə əməl olunması tələbini qoymuşuq, hansı səbəbdən Ermənistan onlara əməl etmir?
Bunların heç biri baş vermədi və cənab T.Yaqland İrəvandan fərqli əhval-ruhiyyədə ayrıldı. Həm də 100 il bundan əvvəl baş vermiş qaranlıq, müəmmalı və qondarma epizodlarla doldurulmuş bir hadisəni “soyqırımı” adı altında qeyd edən tədbirdə iştirak etməklə öz mövqeyini aydın ifadə etmiş oldu.
Bütün bunlar azmış kimi, T.Yaqland zaman-zaman Azərbaycana qarşı qərəzli addımlarını təkrar edir. “REAL” təşkilatının rəhbəri İlqar Məmmədovun həbsdə olmasını o dərəcədə şişirdir ki, hətta Azərbaycanı təşkilatdan çıxarmaqdan belə dəm vurur. Əvvəla, Azərbaycan 16 ildir ki, Avropa Şurasının fəal üzvüdür. Bakını kiçik bir məsələyə görə bu təşkilatdan uzaqlaşdırmağın hüquqi mexanizmi və tutarlı faktı yoxdur. T.Yaqland isə əsas olaraq özünün qeyri-obyektivliyini, birtərəfli düşündüyünü və rəhbərlik etdiyi təşkilatın əsl missiyasını tez-tez unutduğunu nümayiş etdirir.
İkincisi, Azərbaycan AŞPA-da azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı dəfələrlə fikir bildirib, təkliflər verib. Xüsusilə ölkənin indiki Prezidenti İlham Əliyev AŞPA-da nümayəndə heyətinin rəhbəri kimi son dərəcə tutarlı, dərin arqumentlərlə erməni hakimiyyətinin azərbaycanlıların hüquqlarını pozduğunu, ərazilərimizi erməni silahlı qüvvələrinin işğal etdiyini təşkilata çatdırıb. Məhz bu kimi fəaliyyət nəticəsində 2005-ci ildə AŞPA Dağlıq Qarabağla bağlı məlum sənədləri qəbul edib. Bunlara cənab T.Yaqland niyə reaksiya vermir?
Üçüncüsü, uzun illərdir ki, minlərlə azərbaycanlı qoca, qadın, uşaq erməni əsirliyində min zillət çəkir. Qadınlar təhqir edilir, təcavüzə məruz qalırlar. Bəs niyə T.Yaqland onların dərhal azad edilməsini tələb etmir? Nəyə görə Ermənistana bu zalımlığına görə heç bir söz deyilmir, ona təzyiq göstərilmir? Ümumiyyətlə, son illər əsirlikdəki azərbaycanlılar sanki beynəlxalq təşkilatların yadından çıxıb. Onların heç biri bu məsələ ilə məşğul olmur. Belə təəssürat yaranır ki, Ermənistandakı azərbaycanlı əsirlərin hüquqları yoxdur, olmalı da deyil. Bəlkə bu, Yaqland kimiləri üçün belədir, ancaq əsir azərbaycanlıları unutmayan güclü bir xalq və onun qüdrətli lideri var. Vaxt gələcək, bu ədalətsizlik və laqeydliklərin hamısının hesabı sorulacaq.
Bütün bu faktların fonunda T.Yaqland Azərbaycanda hər kiçik məsələdə bir beynəlxalq hüquq normasının pozuntusunu, insan haqlarının tapdanması faktını axtarır. İlqar Məmmədov konkret cinayət əməlinə görə həbsdədir. Onun günahkar olub-olmamasını müstəqil məhkəmə müəyyən edib. O başqa məsələdir ki, bu real faktı hansı üsullarla şişirdib, qərəzli şəkildə Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Məhz həmin cərgədə Avropa Şurasının baş katibini görmək olduqca düşündürücüdür.
Mətbuatda onun müəyyən dairələrin sifarişi əsasında antiazərbaycan kampaniyasında aktiv iştirak etdiyi barədə informasiyalar yayılıb. Konkret faktlar gətirilib. Bu avropalı məmurun Rusiyadakı dairələrlə sıx əlaqələrinin olduğu bildirilir. Belə çıxır ki, cənab T.Yaqland rəhbərlik etdiyi təşkilata belə xəyanət edərək, ona qarşı olan bir dövlətlə gizli əlaqələr saxlayır, müəyyən sifarişlər yerinə yetirir. Konkret Azərbaycanla bağlı isə “qara piar” kampaniyasının səbəbləri aydındır.
Əslində, baş katib hər şeydən əvvəl Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin real məzmununu unutmamalıdır. Azərbaycanın bütün beynəlxalq təşkilatlarla münasibətləri milli maraqların gözlənildiyi müstəqil daxili və xarici siyasət kursu üzərində qurulub. O cümlədən təcrübə göstərir ki, ölkəmizin Avropa Şurası ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanır. Belə olan halda, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Avropa Şurasından çıxarılması heç bir əhəmiyyət daşımır. Azərbaycan Avropa Şurasını tərk etsə, “…həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik” (bax: Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 4 oktyabr 2017).
Rəsmi Bakı AŞ-Azərbaycan münasibətlərinin başqa bir aspekti ilə bağlı da obyektiv fikirlərini ifadə etməkdən çəkinməyib. Bu bağlılıqda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun ifadə etdiyi fikirlər maraqlıdır. Bu fikirlərdə, əslində, dərin məna, böyük hikmət və tarixi həqiqət vardır. Novruz Məmmədov ”Twitter” səhifəsində yazıb: ”Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”. Azərbaycan rəsmisi buradan haqlı olaraq belə nəticə çıxarır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır. Hətta ”AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər”. Bunlar məntiqi olaraq bir sıra suallar yaradır: ”Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”
Bakının uğurları: gözü götürməyənlərin hədyanları
Məsələ ondan ibarətdir ki, bütün maneələrə baxmayaraq, Azərbaycan müstəqil xarici siyasətini qətiyyətlə davam etdirir. Xüsusilə “Yeni əsrin müqaviləsi” Azərbaycan rəhbərliyinin müstəqillik və milli maraqlara uyğun inkişaf kursundan dönməz olduğunu dünyaya nümayiş etdirdi. Bizcə, bir sıra dairələr daha çox məhz bu məqamdan narahatdırlar. Onlar Azərbaycanın geosiyasi rolunun yüksəlməsindən, regionda oynadığı liderlik rolundan əndişəlidirlər, enerji təhlükəsizliyinin təminində aktiv iştirakını həzm edə bilmirlər. Bu səbəbdən, Azərbaycanın yüksəlişinin qarşısını almaq üçün vərdiş etdikləri insan haqları məsələsini ortaya atmağa çalışırlar.
Burada başqa əhəmiyyətli məqamı da vurğulamaq gərəkdir. Biz, Azərbaycanın “Bir qurşaq, bir yol” layihəsində Cənubi Qafqazın geosiyasi düyün nöqtəsi rolunu oynamağa başlamasını nəzərdə tuturuq. Bu, beynəlxalq nüfuz baxımından prinsipial faktordur. Çünki Azərbaycan sübut edir ki, o, sadəcə tranzit ölkə deyil. Əksinə, özü geosiyasi, iqtisadi, energetik, mədəniyyət və başqa sahələrdə yeni dəyərlər yarada bilir. Buna misal olaraq, xarici siyasətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını təklif etmək və reallaşdırmağı, sivilizasiyalararası dialoqu təkmilləşdirən “Bakı prosesi”ni (o cümlədən İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında), yeni enerji (TAP, TANAP), nəqliyyat layihələrini (Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi) və multikulturalizmin dövlət siyasətinə çevrilməsini göstərmək olar.
Regionda bu cür yeni dəyərlər yaradan ikinci bir dövlət yoxdur. Varsa, göstərsinlər! Aydın görünür ki, Azərbaycan kreativ potensialı olan və dünyada barış, əməkdaşlıq üçün çalışan müstəqil dövlətdir. Bu prosesin qarşısını almağa çalışanlar az deyil. Təəssüf ki, onların sırasında Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan bir sıra Aİ ölkələrinin məmurları da vardır. Şübhə etməsinlər ki, bu əməlləri ilə onlar Azərbaycana deyil, məhz Avropa İttifaqına zərbə vururlar!
Gəlin, açıq danışaq. İlqar Məmmədovun taleyi onları düşündürürmü? Qətiyyən düşündürmür. Çünki belə olsaydı, minlərlə əsir azərbaycanlının azad olması üçün təsirli addımlar atardılar. Belə olsaydı, dünyanın müxtəlif ölkələrində həyatını itirən azərbaycanlıların hüquqlarını hansısa beynəlxalq təşkilat müdafiə etməyə cəhd göstərərdi. Amma onlar bu barədə heç düşünmürlər də. Hesab edirlər ki, nə qədər çox müsəlman ölsə, bir o qədər yaxşıdır. Bəs onda İlqar Məmmədovun hansı keyfiyyəti avropalılar üçün qiymətli olub? Cavab aydındır: İlqar Məmmədovdan Azərbaycanda aranı qarışdırmaq üçün istifadə etməyə çalışırlar. Yekunda isə onun özünü də kənara atıb, başqa macəraçı axtaracaqlar.
Təbii ki, Azərbaycan kifayət qədər güclüdür. Heç kimdən ona qarşı istifadə etməyə imkan verməz. Biz düşmənlərin demokratiya, insan haqları adı altında gizlənən hiylələrini və məkrlərini xatırlatdıq. Bu baxımdan başqa bir odioz fiqur da son zamanlar sanki özünü meydana atıb.
Söhbət Azərbaycan oxucularının yaxşı tanıdığı ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Nyu-Cersi ştatını təmsil edən Kris Smitdən gedir. Sirr deyil ki, Kris Smit hər zaman ölkəmizə qarşı kampaniyaları, eləcə də ermənipərəst mövqeyi ilə seçilib. Smitin ABŞ Konqresində qondarma “erməni soyqırımı” məsələsinin tərəfdarlarından biri kimi çıxış etməsi də aşkar reallıqdır. O, Dağlıq Qarabağ münaqişəsi zəminində ortaya çıxmış “Azadlığa dəstək Aktına” ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən şəxsdir.
Bu zat T.Yaqlanddan düz 13 gün sonra (sentyabrın 26-da) ABŞ Konqresinə Azərbaycanda qanunun aliliyi və insan haqlarına dair qərəzli “qətnamə layihəsi” təqdim edib. Bərəkallah, Smit cənablarına! Özünü tam vaxtında yetirib. Yoxsa, o biri tayı T.Yaqland yalnız “hürməli” olacaqdı! İndi qoşalaşıblar. Onlar bir yerdə “sübut” etməlidirlər ki, Azərbaycanda insan haqlarına əməl olunmur. Ermənistanda əməl olunur, Gürcüstanda olunur, Myanmada da insan haqlarına hörmət var, Əfqanıstanda amerikalılar tər-təmiz insan haqları məkanı yaradıblar. İraqda və Suriyada müsəlman uşaqlarından tutmuş qoca və qadınların hüquqları tam qorunur, Smitin vətəni ABŞ-da küçədəcə güllələnən qaradərililərin haqları tapdana bilməz, Belçikada, Almaniyada etiraz edən türklərin üstünə sümükqıran it qısqırtmırlar, polis zorakılığına etiraz edənləri qazamata basmırlar və s. və i..
Yeri gəlmişkən, bu həmin Kris Smitdir ki, bir zamanlar Rusiya Dumasını “amerikan ailələrini və rus uşaqlarını siyasi hədəfə çevirməkdə” ittiham edirdi. İndi onun özü azərbaycanlı ailələri və gəncləri siyasi oyunların hədəfinə gətirməyə çalışır. Ona bu fürsəti verməmək lazımdır.
Başqa tərəfdən, ermənilərin ABŞ-da ən kompakt yaşadıqları ştatlardan biri olan Nyu-Cersidən seçilən bu bədnam konqresmen boğaza qədər korrupsiya çirkabı içindədir. O, ABŞ-ın Helsinki Komissiyasında həmsədr olduğu dövrdə ultramillətçi erməni “Hay Dad” təşkilatının sifarişi ilə Senata 2015-ci ildə Azərbaycan əleyhinə sənəd-layihə təklif etmişdi. Sənəddə Smit çox sərt şəkildə Azərbaycanın cəzalandırılmasını tələb edirdi. Eyni radikallıqla onun Rusiya, Belarus və digər dövlətlərə də qarşı iş apardığı məlumdur. Lakin onun məsləkdaşı demokrat konqresmen Robert Menendes “Hay Dad”dan rüşvət alması ilə bağlı ifşa olunduqdan sonra Kris Smitin də adı hallanmağa başladı. Yəni məlum oldu ki, K.Smit ermənilərlə ciddi surətdə korrupsiya əlaqəsinə giribmiş.
İndi K.Smit növbəti dəfə “havaya boş güllə” atır. Çünki Azərbaycan elə uğurlar əldə edir ki, smitlərin və onlara havadarlıq edən daşnakların çıxardığı səslər uzaqdan gələn zəif, kinli mırıltıya bənzəyir. Karvan isə öz yoluna davam edir!
Vallah, bunlar heç utanmırlar, bir özlərinə baxmırlar. Nə dərəcədə islamofob olduqlarının fərqində deyillər. Ermənilər hansı səviyyədə “soyqırımı” mərəzinə düçar olublarsa, qərblilər də artıq antimüsəlman isterikasından böyük əziyyət çəkirlər. Dünyada minlərlə insanı bir gündə kütləvi qətlə yetirənləri, Vaşinqtondan barmaq silkələyib bütöv bir xalqı (Şimali Koreyanı) məhv etməklə hədələyənləri, Suriyada ən yeni silahları insanları məhv etməklə sınaqdan keçirdiklərini açıq deyənləri, məzhəb fərqinə görə dinc adamları qıranları (İŞİD, “Hizbullah” və s.), etnik təmizləmə aparıb başqa şəhəri özününkü saymağa çalışanları (Kərkük məsələsi) bir kənara qoyub, sabit, sakit və inkişaf edən Azərbaycanda insan haqları pozuntusu axtarmağın adı nədir? Əvvəlcə bir öz amoral həyat tərzinizi, mənəvi pozğunluğunuzu düzəldin, sonra başqalarına irad bildirərsiniz!
Newtimes.az
https://azertag.az/xeber/Smit_ve_Yaqland_ermeni_texribatinin_iki_uzu-1103240