Avropa Komissiyası Avrozonanın iqtisadi artım üzrə proqnozunu endirib

Bu ilin ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq
Prezident “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb
Qoşulmama Hərəkatı ölkələrinin XİN başçıları Bakıda sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər

Avropa Komissiyası cari il üçün Avrozonada ÜDM-in real artım tempi üzrə proqnozunu 4,2%-dən 3,8%-dək azaldıb, 2022-ci il üçün isə 3%-dən 3,8%-dək artırıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Komissiyanın qış hesabatında deyilir.

Bundan öncəki qiymətləndirmə noyabr ayının əvvəlində dərc olunan payız proqnozunda qəbul edilib.

Qış hesabatına uyğun olaraq Avrozonada inflyasiyanın 2020-ci ildəki 0,3%-dən 2021-ci ildə 1,4%-dək sürətlənəcəyi, 2022-ci ildə isə bir qədər yavaşlayaraq 1,3%-ə düşəcəyi gözlənilir. Payız proqnozunda Avrozonada inflyasiya bu il 1,1%, gələn il isə 1,3% səviyyəsində gözlənilirdi.

Sənəddə qeyd olunur ki, pandemiya qitəyə təsirini artırdığı üçün Avropa iqtisadiyyatı üzrə qısamüddətli proqnoz keçən ilin payızında gözləniləndən daha zəif görünür.

Payızdan bəri infeksiyanın yayılmasının artması, koronavirusun yeni, daha yoluxucu variantlarının ortaya çıxması ilə yanaşı, bir çox Avropa İttifaqı (Aİ) ölkəsi məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etməyə və ya sərtləşdirməyə məcbur oldu. Lakin hazırda Avropa iqtisadiyyatının, demək olar ki, bir il əvvəl daxil olduğu vəziyyətin sabitləşməsinə ümid var.

Avropa Komissiyası bildirir ki, ümumilikdə, Aİ ÜDM-in 2021-ci ildə 3,7% və 2022-ci ildə 3,9%, həmçinin Avrozonada hər iki ildə 3,8% artacağı proqnozlaşdırılır.

Payız hesabatında Aİ üzrə proqnoz müvafiq olaraq 4,1% və 3% idi.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, 2020-ci ildə Avrozona iqtisadiyyatı 6,8%, Aİ iqtisadiyyatı 6,3% azalıb.

APA