Gürcü telejurnalist: Ermənilərin uzun illər işğal altında saxladığı ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır

XİN Lion məhkəməsinin Azərbaycanın işğal olunmuş rayonları ilə imzaladığı “saziş”lərin ləğvini alqışlayır
Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirilib
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb

Otuz ilə yaxın bir dövrdə erməni hərbçilərinin işğalı altında qalan ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır.

AZƏRTAC xəbər verir ki, bu barədə gürcü telejurnalist, “Mtavari arxi” telekanalının müxbiri Nani Sisvadze Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən hazırlanan reportajda məlumat verilib.

Jurnalist bildirir: “Otuz il ərzində bu ərazilər erməni hərbçilərin işğalı altında olub. Uzun illərdən sonra bu ərazilərdə yenidən Azərbaycan bayrağı dalğalanır. Artıq bu ərazilər rəsmi olaraq Azərbaycanın nəzarətindədir”.

Minalanmış ərazilərdə müəyyənləşdirilmiş yollardan səhvən kənara atılan hər bir addımın ölümlə nəticələnə biləcəyini vurğulayan telejurnalist Nani Sisvadze qeyd edir: “Müharibə görmüş şəhərlər arasından ilk getdiyimiz yer Ağdamdır. Britaniyalı müəllif Tomas de Vaalın “Qara Bağ” kitabında Ağdamı Xirosima adlandırdığı kimi də bura ruhlar şəhəridir”. Ağdam şəhərinin yerlə-yeksan edildiyi, burada heç bir həyat nişanəsinin hiss olunmadığı tamaşaçıların diqqətinə çatdırılır. Ərazidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnikaların, o cümlədən zenit raket müdafiə kompleksinin qalıqları da təqdim edilir. Jurnalist Ağdamda tarixi abidələrin, məscidlərin, hamamların, türbə və kümbəzlərin ciddi ziyan gördüyünü diqqətə çatdırır. Məlumat verilir ki, 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti XIX əsrə aid məscidə gələrək bu müqəddəs ocağa “Qurani-Kərim” hədiyyə edib.

Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi-alim Guram Marxuliyanın və Rondelli Fondunun gürcü tədqiqatçısı Aleksandre Kvaxadzenin müsahibələri də yer alıb. Tədqiqatçılar 44 günlük müharibənin əhəmiyyətindən, erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Füzuli şəhərindən də görüntülərin yer aldığı reportajda erməni işğalçıların törətdikləri vəhşilikdən söz açılır. Qeyd olunur ki, bura Dağlıq Qarabağın seçilən şəhərlərindən biri olub.

Sonra telejurnalist Cəbrayıl rayonundan bəhs edir. Otuz il əvvəl buralarda yaşamış Elcan Şirinlinin ailəsinin 2016-cı ildə Cocuq Mərcanlı kəndinə qayıtdığını, bu ailənin müharibənin dəhşətlərini öz gözləri ilə gördüyünü qeyd edir. Jurnalistin ev sahibi Elcan Şirinlidən aldığı müsahibədə deyilir: “Erməni tankları bizim kəndi atəşə tutmuşdu. Əmim əlimizdən tutdu və bizi kənddən çıxardı. Biz oradan çıxan zaman gecə idi, qorxduğumuz üçün maşının işıqlarını yandıra bilmirdik. Çox çətinliklə oradan çıxa bildik. Amma indi, bu qədər zaman sonra ərazilərimizin qaytarılmasına sevinirəm”.

Azərbaycan-İran sərhədindəki Xudafərin körpüsündən hazırlanan reportajda bu tarixi ərazilərdə də Azərbaycanın bayrağının dalğalandığı bildirilir. Ərazidən keçən dəmir yolu barədə izləyicilərə məlumat verilir: “Bir zamanlar bu ərazidən Azərbaycanı Ermənistan, Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələndirən dəmir yolu keçirdi. İndi isə bu dəmir yolunun bərpası planlaşdırılır”.

Qubadlı rayonunda gördükləri barədə bəhs edən jurnalist bunları deyir: “Biz Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdik. İndi burada azərbaycanlı hərbçilər yerləşdirilib. Qubadlıdakı bütün evlər, yaşayış məntəqələri dağıdılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi