Azərbaycanın xarici işlər nazirinin məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Milli Məclis sədrinin birinci müavini İƏT MDİHK-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün Ümumdünya Fiziki Fəallıq Günüdür
Əlaqələndirmə Qərargahının videoformatda növbəti, 5-ci iclası keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə dair hazırkı münaqişə sonrası dövrdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının əlavə məlumatlar əldə etdiyi barədə məlumat verir.

Bu xüsusda Baş katibin diqqətinə çatdırılır ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilir.

Belə ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə silahlı hücum edərək, kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət etdiyi və tamamilə yandırdığı, kəndi tərk edə bilməyən 62 nəfərin təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığındığı qeyd edilib. Törətdiyi vəhşiliklərlə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalarda sığındığı yerləri aşkar edərək, köməksiz vəziyyətdə qalmış mülki şəxsləri qətlə yetirdiyi, aralarında 1 uşaq və 1 yeniyetmə olmaqla, 12 nəfəri qəsdən öldürdüyü barədə məlumat verilir.

Başlıbel faciəsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilir, ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacibliyi vurğulanır.

Məktubda nazir, həmçinin Ermənistanın hələ 1991-1994-cü illər müharibəsi zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini bildirir və bunun qəbuledilməz olduğunu vurğulayır.

Nazir Ceyhun Bayramov Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş çoxsaylı müharibə cinayətləri ilə bağlı həqiqətlərin üzə çıxarılmasının, o cümlədən itkin düşmüş minlərlə azərbaycanlının taleyinin müəyyənləşdirilməsi, minaların doğurduğu həyati təhlükənin aradan qaldırılması üçün Baş katibə bir daha müraciət edir və bu məsələlərin həllinin üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://undocs.org/a/75/875.

AZƏRTAC