Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb
Mədəniyyət Nazirliyi işğaldan azad edilən ərazilərdə 1 000-ə yaxın abidənin qeydiyyatını aparıb
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz nitqlərində Dağlıq Qarabağ mövzusuna toxunaraq Azərbaycanda olan erməni əsirlərinin hüquq və azadlıqları, Dağlıq Qarabağ ərazisində ermənilərə məxusus dini, mədəni abidələrin qorunmasından narahat olduqlarını dilə gətirib.

Azərbaycan nümayəndə heyətinin üzvü deputat Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, dövlətlər öz ərazilərini “işğal” etmir, əksinə, öz torpaqlarını azad edir. Onun sözlərinə görə, bu faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütovlüyünü bərpa edib.

Deputat öz nitqində bildirib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir.

Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamiylə silinməsini hədəfləyən məqsədlər qoyub.

Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilmiş, ya da talan edilib. Məscidlər dağıdılmış və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilmiş və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyektləri amansız müdaxilələrə məruz qalıb.

Bu hərəkətlərin umumilikdə 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolunun, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi YUNESCO sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını tərənnüm edir.

Ermənistan YUNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olub, Azərbaycanın bu məqsədlə YUNESCO-ya və digər oxşar təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb. Bu da öz növbəsində Ermənistanın “cəzasızlıq” hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorunmaq imkanlarından məhrum olub.

Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərlərini asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir.

Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan bütün dünya ictimaiyyətinə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıda bilib. Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi” və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqları da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcəkdir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı ayrı-ayrı dövlətlər də daxil olmaqla müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşlıqlı etimad tədbiri kimi mühüm rolunu oynayacaqdır.

Report