RƏHİMOV Koroğlu İsmayıl oğlu

MURTUZƏLİYEV Sergey Murtuzəli oğlu
MƏMMƏDOV Xanoğlan Sadıq oğlu
MANSUROV Bəhruz Qəhrəman oğlu
(31.10.1953, Oğuz r.-nunun Xaçmaz k. – 3.7.1992, Ağdərə) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmışdır. 1960-cı ildə Yaqublu kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə öz dədə-baba yurdu olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Koroğlu orta təhsilini Həbil kənd orta məktəbində almışdır. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası – red.) avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ordu sıralarına çağırılmışdır. O, 1974-cü ildə hərbi xidmətini Almaniya Respublikasında başa vurduqdan sonra, yarımçıq qalmış təhsilini tamamlamışdır.

Əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri Zavodunda başlamışdır. 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci il fevralın 25-26-nda əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı onun düşməndən qisas almaq hissini daha da ovxarlamışdı. O, 1992-ci il martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazıldı. 1992-ci il aprelin 30-da 2-ci motoatıcı bölüyün komandiri təyin olundu. Həmin gündən Koroğlunun və onun rəhbərlik etdiyi bölüyün qəhrəmanlıqlarla dolu şərəfli döyüş yolu başladı.

Koroğlunun bölüyü iyunun 13-də Goranboy ərazisində Buzluq, Çartaz və Erkəc kəndlərinin azad edilməsində xüsusilə fərqləndi. Həmin ölüm-dirim savaşında onlar 15 erməni quldurunu məhv etdilər, 4 nəfəri əsir aldılar və xeyli döyüş sursatını ələ keçirdilər. Öldürülənlərdən 5 nəfəri Koroğlunun “şəxsi hesabına” idi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, yəni iyun ayının 14-də başqa bir kəndi – Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular – 8 quldur öldürüldü. İyunun 15-də onlar daha mühüm bir obyekti, düşmənin yuva saldığı Başkənd kəndini ələ keçirdilər.

Bölüyün zəfər yürüşü davam edirdi… Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca düşmən işğalından azad edildi.

21 iyun 1992-ci il… Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu sanki bunları qabaqcadan duyurmuş kimi, rasiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Y.Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz kəndi ikinci dəfə düşməndən azad olunur.

1992-ci il… İyulun 3-ü… Ağdərə istiqamətində Koroğlunun son döyüşü… O, Ağdərə yaxınlığındakı 3-cü sovxozun ərazisinin düşməndən təmizlənməsi uğrunda gedən qanlı döyüşdə qəhrəmanlıqla həlak oldu.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Koroğlu İsmayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakının küçələrindən biri və Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 242-243