Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır

İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilir
AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib
Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir

Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında gənclərimizin tərbiyə edilməsi məsələsinə də xüsusi yer verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı gənclərimizin ənənəvi dəyərlər əsasında tərbiyə almalarının zəruriliyini vurğulayaraq deyib: “İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”.

Vətən müharibəsində Şanlı Zəfərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmini xüsusi vurğulayan Azərbaycan Prezidenti bildirib: “Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür”.

AZƏRTAC