Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr palatasının və Senatın sədrləri ilə görüşüb

Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndəsi:“Qarşıdakı dövrdə Şuşanın tarixi görkəminin bərpası üçün xüsusi addımlar atılacaq”
Azərbaycanın pravoslav xristian icmasına
ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr palatasının sədri Elian Tilyö və Senatın sədri Stefani d’Oz ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Belçika Krallığı ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda qadın hüquqlarının qorunması, bu sahədə görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Azərbaycanda hələ 1918-ci ildə, bir sıra Avropa dövlətlərindən daha əvvəl, müsəlman aləmində ilk olaraq qadınlara seçmək və seçilmək hüququ verilib. Ölkəmiz 1991-ci ildə müstəqilik əldə etdikdən sonra Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanlar verilib, gender bərabərliyinin təminatı, eləcə də qadınlara qarşı zorakılığın aradan qaldırılması barədə qanunlar qəbul edilib.

İki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edən Sahibə Qafarova bildirib ki, Belçika parlamentinin hər iki palatası ilə Milli Məclis arasında münasibətlərin həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli əsasda geniş inkişaf perspektivləri var. Hər iki ölkənin parlamentində qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir.

Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr palatasının sədri Elian Tilyö və Senatın sədri Stefani d’Oz Belçikanın da Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıblar. Spikerlər Belçikada qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıblar, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, parlament diplomatiyasının gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyi və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

APA