“MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı: Azərbaycan Ordusunun Şuşanı azad etmək üçün göstərdiyi böyük rəşadətlə həmişə qürur duyacağıq
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Memarlar İttifaqı və Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqə “2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı” çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etmək məqsədilə keçirilir.

Məlumata əsasən, müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir: Şəhərsalma üzrə nominasiya: “500 ailə üçün nümunəvi kənd yaşayış məntəqəsinin planlaşdırma layihəsi”, Memarlıq nominasiyası: “Çoxfunksiyalı təyinata malik müasir təhsil və sosial mərkəzin layihəsi”.

Müsabiqənin obyekti şərti olaraq boş (tikilməmiş), inkişaf üçün potensialı olan 200 hektarlıq dağətəyi, düzənlik ərazidir.

Müraciət edilən zaman yaşı 35-ə qədər olan (35 yaş da daxil olmaqla) MDB ölkələrinin gənc memarları və ixtisaslaşmış universitetlərinin tələbələri iştirak hüququna malikdir. Müsabiqədə həm fərdi, həm də qrup şəklində (5 nəfərə qədər) iştirak mümkündür. Komanda heyətinin fənlərarası tərkibinin olması, onların daxilində sosioloqların, iqtisadçıların, nəqliyyat mütəxəssislərinin və sair iştirakı müsbət qarşılanır, lakin zəruri şərt deyildir.

Müsabiqədə iştirak ödənişsizdir. Müsabiqənin mükafat fondu: İki nominasiya üzrə yarışmanın ümumi mükafat fondu 40 min ABŞ dolları təşkil edir. Qaliblər hər bir nominasiya üzrə pul mükafatları alacaqlar: 1-ci yer 8000 ABŞ dolları, 2-ci yer 6000 dollar, 3-cü yer 4000 dollar, həvəsləndirici mükafat 2000 dollar.

Müsabiqə 2021-ci il sentyabrın 1-dən elan edilir. Müsabiqədə iştirak üçün müraciətlər 2021-ci il oktyabrın 1-dək qəbul olunur. Layihələr oktyabrın 20-dək təqdim olunmalıdır. Müsabiqə layihələrinin ekspertizası, müzakirəsi və rəylərin hazırlanması oktyabrın 25-dəkdir. Müsabiqəyə oktyabrın 29-da yekun vurulacaq.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat forması 2021-ci il oktyabrın 1-dən gec olmayaraq “[email protected]” e-poçt ünvanına göndərilməlidir.

İştirakçıların müsabiqə layihələri təşkilatçının ünvanına poçtla (Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 65) və ya şəxsən çatdırıla, eləcə də “[email protected]” e-poçt ünvanına göndərilməklə bu barədə təşkilatçıya teleqram və ya digər mövcud əlaqə vasitələrilə məlumat verilə bilər. Məlumat məktubunda iştirakçının qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməlidir.

Müsabiqənin şərtləri və proqramı haqqında daha ətraflı məlumat üçün komitənin rəsmi internet səhifəsinə (arxkom.gov.az) daxil olun.

AZƏRTAC