Bu gün “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi yürüşlər keçirilib

XİN: Bakı 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir
İgidlərimizi tanıyaq!
Prezident Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakının mərkəzi küçələrində və meydanlarında “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən yürüşlərə iki istiqamətdən – Şəhidlər xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib. Yürüşlərdən əvvəl Azərbaycanın dövlət himni səsləndirilib.

Orkestr və şəxsi heyət Bülbül, Neftçilər prospektləri, Azadlıq Meydanı marşrutu üzrə hərəkət ediblər.

Şəhidlər xiyabanında başlayan ikinci istiqamət üzrə yürüş isə metronun “İçərişəhər” stansiyası, İqtisadiyyat Universitetinin binası, Qoşa qala qapısı və Azneft dairəsini əhatə etməklə Bəhram Gur heykəlinin ətrafında yekunlaşıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə ümumilikdə üç qrup hərbi orkestrin müşayiəti ilə həmin istiqamətlərdə yürüş edib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır. Bu ehtiramın ən böyük nümunəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksidir.

AZƏRTAC