Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür

Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Strasburqda Azərbaycan icması ilə görüşüb

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından bir il keçir.

AZƏRTAC xəbər verir ki, 2020-ci il oktyabrın 5-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Raketlərin şəhər ərazisində yerləşən xəstəxananın, orta məktəbin, mebel fabrikinin yaxınlığına, bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 140-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

AZƏRTAC