Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin Təşkilatın baş katibi Antonio Quterreşə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib.
Məktubda Dağlıq Qarabağ regionunda və Azərbaycanın işğal edilmiş digər ərazilərində Ermənistanın yaratdığı qeyri-qanuni separatçı rejim adından Ermənistan tərəfindən BMT-də və digər beynəlxalq təşkilatlarda yayılan müxtəlif kağızlar və Yerevanın guya Azərbaycanın əməkdaşlıqdan imtina etməsi və Dağlıq Qarabağ regionunda yaşayan erməniləri kollektiv şəkildə cəzalandırmaq siyasətini həyata keçirməsi barədə təhrikçi və gerçəklikdən uzaq bəyanatları, habelə erməni tərəfin öz ilhaqçı maraqları naminə tarixi saxtalaşdırmaq cəhdləri hərtərəfli və qəti şəkildə təkzib olunur.
Bununla əlaqədar, Azərbaycanın daimi nümayəndəsi xatırladır ki, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini, o cümlədən Dağlıq Qarabağ regionunu, ona bitişik yeddi rayonu və bir neçə eksklavı işğal etmək üçün hərbi qüvvədən istifadə edib. Ermənistanın başladığı müharibə nəticəsində on minlərlə insan həyatını itirib, şəhərlər dağıdılıb, bir milyondan çox azərbaycanlı öz evlərindən qovulub və öz əmlakını orada qoyub, minlərlə insan itkin düşüb.
Azərbaycanın daimi nümayəndəsi qeyd edir ki, tamamilə Ermənistan tərəfindən idarə edilən və nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan separatçı rejimin qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə və birmənalı şəkildə bəyan edilib. Bununla əlaqədar, məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il tarixli qətnamələrinin müvafiq müddəaları, habelə 2015-ci ildə “Çıraqov və başqaları Ermənistana qarşı” işinin mahiyyətcə həllinə dair Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarının müddəaları sitat gətirilir.
Məktubda, həmçinin Ermənistanın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsinin coğrafi adını dəyişmək cəhdlərinin qanunsuz olması qeyd edilir. Vurğulanır ki, bu cəhdlər hədərdir, çünki onlar beynəlxalq hüququn, Azərbaycan Konstitusiyasının və Azərbaycan qanunvericiliyinin, coğrafi adların standartlaşdırılması barədə BMT tərəfindən müəyyən edilmiş prinsiplərin və prosedurların açıq-aşkar pozulması ilə bağlıdır.
Məktubda konkret faktlara və sənədlərə istinad edilməklə, Ermənistanın rəsmi şəxslərinin belə saxta iddiaları təkzib olunur ki, Azərbaycanın Dağlıq Qarabağ regionu guya “ermənilərin əcdadlarının torpağıdır”.
Bununla əlaqədar, xatırladılır ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi yalnız XIX əsrdə bağlanıb, bu da öz növbəsində həmin regionda uzunmüddətli qeyri-sabitlik, gərginlik və hələ də arası kəsilməyən münaqişələr yaranmasına gətirib çıxarıb.
Xüsusi qeyd edilir ki, sovet hakimiyyəti illərində Ermənistanın ərazisi təxminən üç dəfə artırılıb. Məktubda deyilir: “Bu, həmin dövrdə mövcud olan demoqrafik və ərazi strukturunun dəyişdirilməsinə yönəlmiş siyasi manipulyasiyalar nəticəsində baş tutub və son olaraq 1920-ci ildə Azərbaycanın Zəngəzur regionunun qərb hissəsinin Ermənistanın tərkibinə daxil edilməsinə gətirib çıxarıb, nəticədə Azərbaycanın Naxçıvan regionu ölkənin qalan ərazisindən ayrı düşüb”.
Bundan əlavə, Qarabağın dağlıq hissəsinə Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu verilib, onun inzibati sərhədləri isə elə müəyyən olunub ki, azərbaycanlılar yaşayan məntəqələr istisna olunsun və beləliklə, region əhalisinin yeni demoqrafik tərkibi formalaşsın. Eyni zamanda, həmin dövrdə Ermənistanda yığcam şəkildə yaşayan yarım milyondan çox azərbaycanlı əhaliyə eyni imtiyaz verilməsindən imtina edilib, sonrakı illərdə isə onlar öz doğma yurdlarından tamamilə qovulub.
Məktubda, həmçinin qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin hüquqları barədə Ermənistanın uydurma qayğısı və etimad tədbirlərinin möhkəmləndirilməsi tədbirlərinə dair onun tez-tez əl atdığı spekulyasiyalar öz işğalçı siyasətini pərdələmək, real vəziyyət barədə yanlış təsəvvür yaratmaq və beynəlxalq birliyin diqqətini Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzündən və bununla əlaqədar Azərbaycan ərazilərinin hərbi yolla işğal edilməsindən irəli gələn əsas problemləri həll etmək kimi ümdə zərurətdən yayındırmaq cəhdindən başqa bir şey deyil.
Azərbaycanın daimi nümayəndəsi müvafiq beynəlxalq sənədlərə və Beynəlxalq Məhkəmənin qərarlarına, habelə beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislərin nüfuzlu rəylərinə istinad edərək vurğulayır ki, heç bir hüquq başqalarının hüquqlarının pozulması hesabına həyata keçirilə bilməz. Məktubda deyilir: “Ermənistan özü üçün beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqları hüququnun kobud şəkildə və sistematik surətdə pozulmasına, həm Ermənistanda, həm də Azərbaycanın işğal edilmiş ərazilərində öz evlərindən qovulmuş və öz evlərinə və öz əmlakının yanına qayıtmasına imkan verilməyən çoxsaylı azərbaycanlı əhalinin əsas hüquqlarından və azadlıqlarından diskriminasiya xarakterli imtina edilməsinə əsaslanan imtiyazlar tələb edə bilməz”.
Həmçinin vurğulanır ki, Ermənistan və onun Azərbaycanın işğal edilmiş ərazilərindəki əlaltıları beynəlxalq hüquqa zidd olan, müəyyən nəticələr doğuran əməllərə görə məsuliyyət daşıyırlar. Bu nəticələr sırasına, o cümlədən dövlətlərin belə əməllər nəticəsində yaranmış vəziyyəti qanuni hesab etməmək, belə vəziyyətin saxlanmasını dəstəkləməmək və ya buna kömək etməmək öhdəliyi də daxildir. Bu öhdəlik qanunsuz rejimlərə münasibətdə dərin kök salmış xüsusi yanaşmadır və Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri ilə əlaqədar tətbiq edilir.
Məktubda qeyd edilir ki, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması davam etdikcə Azərbaycan bu vəziyyətə öz münasibətini, o cümlədən BMT-nin Nizamnaməsinə uyğun olaraq özünün ayrılmaz hüququ olan özünümüdafiə hüququnun həyata keçirilməsi, həmçinin bu cür pozuntulara son qoyulmasına nail olmaq, ziyanın ödənilməsini təmin etmək üçün digər əks-tədbirlər görülməsi vasitəsilə bildirmək hüququna malik olacaq.
Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinin diqqətini bir məqama da cəlb edir ki, Ermənistan ilə Azərbaycan arasında bütün münasibətlərin, o cümlədən iqtisadiyyat, nəqliyyat və energetika sahəsində əlaqələrin tamamilə kəsilməsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının hələ də davam etməsinin birbaşa nəticəsidir. Məktubda deyilir: “Aşkardır ki, öz qonşularına münasibətdə təcavüzkar siyasət yürütməsi və ərazi iddiaları nəticəsində özünü tamdəyərli regional əməkdaşlıqdan təcrid etməsinə, onun düşdüyü indiki ağır iqtisadi vəziyyətə və Azərbaycanın işğal edilmiş ərazilərində pis həyat şəraitinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
Sonda vurğulanır ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ regionundan və digər işğal edilmiş ərazilərindən nə qədər tez çıxarsa, münaqişə bir o qədər tezliklə tənzimlənəcək, hər iki ölkə və onların xalqları əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən istifadə edə biləcək, bu da onlara BMT-nin “2030-cu ilə qədər olan dövr üçün Davamlı İnkişaf Gündəliyi”ni uğurla həyata keçirmək imkanı verəcək.
Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton