AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü oldu

AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna jurnalında Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən yazıb
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə parlamentindən beş nəfərlik heyət müşahidə edəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü oldu.

AZƏRTAC xəbər verir ki, üzvlük haqqında sazişi “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar. Bununla da Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru arasında turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurulub.

İmzalanma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, AZAL Azərbaycan Turizm Assosiasiyanın tərkibinə daxil olan ilk aviaşirkətdir. Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri və otellərdən ibarətdir. Nazir AZTA-nın sıralarında bank və digər malıyyə qurumlarını da görmək istədiyini deyib. Azərbaycanda turizmin inkişafından danışan nazir bildirib ki, bu inkişaf hava nəqliyyatının inkişafı ilə birbaşa bağlıdır. “AZAL-ın Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvlüyü Azərbaycanda turizm sənayesinin inkişafına çox böyük dəstək olacaq, beynəlxalq turizmə öz töhfəsini verəcək”, – deyə nazir vurğulayıb.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bu əməkdaşlığı olduqca zəruri bir iş birliyi adlandırıb. Bu il Azərbaycana gələn xarıcı turistlərin sayının 20 faiz artığını söyləyən N.Bağırov AZAL-sız turizmin inkişafını təsəvvür etmək mümkün olmadığını söyləyib.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev imzalanan sazişin həm aviasiya, həm də turizm üçün çox vacib sənəd olduğunu söyləyib. Bildirilib ki, AZAL assosiasiyaya üzv olmaqla yanaşı, AZTA-nın idarə heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.

AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları – turizm şirkətləri, otellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, otellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.

AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil olması və assosiasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir.

Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.