Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, indiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 55-i artıq fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı (təqribən 28 faizi) ixrac olunub.
Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə edilir. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə 56,7 faiz çox (1,5 milyard manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin müvafiq dövrü (269 milyon manat) ilə müqayisədə 102,6 faiz (2 dəfə) artaraq 545 milyon manat təşkil edib.
2021-ci ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 25,9 faiz (545 milyon manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlığın və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
AZƏRTAC