az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Qarabağa qayıdış
AVCİYA prezidenti Elxan Süleymanov: “Əziz Şuşamız həm də beynəlxalq tədbirlər məkanına çevrilir”
ÜST “omikron” ştamının qlobal yayılması riskinin yüksək olması barədə xəbərdarlıq edib
Ombudsman Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb
Bakıda “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub
Elxan Süleymanov: “Biz də Şuşa ili ilə bağlı öz töhfəmizi hazırlayırıq”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Şuşa ilə bağlı məqalə yazıb. Musavat.com onun yazısını təqdim edir:
– Azərbaycan Prezidenti İlham Əliyev yanvarın əvvəllərində ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda bu il 270 illiyi qeyd olunacaq Qarabağın tacı olan Şuşa şəhəri Azərbaycan xalqı üçün müqəddəs və əziz məkan, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası kimi dəyərləndirilib. Vurğulanıb ki, zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa şəhəri bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlamış, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Sərəncamda Şuşa şəhərinin 1970-ci illərində sürətli və dinamik inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu xüsusilə vurğulanmış, məhz Ulu Öndərin təşəbbüsü, səyləri və qəbul etdiyi qərarları nəticəsində Şuşada quruculuq işlərinin geniş vüsət aldığı, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi haqqında qərarından az müddət keçmiş Şuşa şəhəri müxtəlif xarakterli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi. Martın 18-də Şuşa şəhəri Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı iştirakçılarını qəbul etdi. Toplantıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici işlər naziri Ceyhun Bayramov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan Respublikasının digər yüksək səviyyəli nümayəndələri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak etdilər.
Məlumdur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Assambleyasına və dünya dövlətlərinə müraciət etmişdi. BMT Baş Assambleyası 2 mart 1992-ci il tarixində özünün 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul etdi və, beləliklə, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü oldu. Bu tarixi hadisədən cəmi iki ay sonra, may ayının 8-də Ermənistan silahlı birləşmələri öz strateji mövqeyi ilə seçilən və Qarabağın incisi olan Şuşa şəhərini işğal etdi, 28 il 6 ay davam edən işğal dövründə şəhərin tarixi, dini, mədəniyyət abidələrini qəddarcasına dağıtdılar, dünya xalqları mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəni irsinə misli görünməmiş zərər vurdular. Lakin Şuşa öz görünüşünü, öz mənsubiyyətini qoruyub saxlaya bildi. Nəhayət, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin gedişatında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli silahlı qüvvələrimiz 8 noyabr tarixdə xüsusi hərbi əməliyyat nəticəsində Şuşanı azad etdi. Şuşa yenidən öz Vətəninə qovuşdu, onu qurub-yaradanların övladlarını, öz sahiblərini qürurla qəbul etdi. Şuşanın işğaldan azad edildiyi gün Ali Baş Komandan dedi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Şuşanın azad edildiyi gün Azərbaycan tarixinə Zəfər günü kimi daxil oldu, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.
Hazırda Şuşa, cənab Prezidentin sözləri ilə desək, dirçəlir, Şuşada genişmiqyaslı bərpa işləri həyata keçirilir. Qısa müddət ərzində Şuşanın Baş planının hazırlandı, Azərbaycan şairi və Qarabağ xanının vəziri Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin ilkin görkəmi bərpa edildi, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları keçirildi, 2021-ci ildə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri təşkil edildi.
Nəhayət, Şuşa şəhəri işğaldan azad edilməsindən bir il dörd aydan bir az çox sonra – 18 mart 2022-ci ildə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıya ev sahibliyi etdi. Bununla da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri həm də siyasi-ictimai tədbirlərə də, o cümlədən beynəlxalq səviyyəli, ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirdi. Doğrudan da, az keçməmiş 28-29 aprel tarixlərində Azərbaycanda dünya dövlətlərinin nüfuzlu beyin mərkəzlərinin aparıcı mütəxəsislərinin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. ADA Universitetinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq konfrans öz işinə 28 aprel tarixdə Şuşa şəhərində start verdi. Konfrans öz işini 29 apreldə Bakıda davam etdi. Konfransda çıxış edən Prezident İlham Əliyev qonaqları salamlayaraq dedi: “Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir”.
Bir neçə gün sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbirə start verildi. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 5-8 may tarixlərində Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin milli yeməkləri ilə tanış etdilər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunurdu. Festivala Azərbaycanın müxtəlif bölgələri – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılmışdı. Festival günlərində qonaqlara ümumilikdə incəsənət ustalarının iştirakı ilə bədii proqramlar təqdim edildi. Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgiləndi, Azərbaycanın xalçaçılıq ənənələrinə dair müxtəlif təqdimatlar edildi.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri artıq yeni qonaqlarını qəbul etməyə və 2022-ci il 12-14 may tarixlərdə 10 ölkənin musiqiçilərinin iştirakı ilə Beynəlxalq Xarıbülbül Festivalına ev sahibliyi etməkdədir.
Qeyd etmək lazımdır ki, ilk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival zəfərlə başa çatmış İkinci Qarabağ müharibəsindən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilmişdi. 2022-ci ildə keçirilən musiqi festivalı sayca beşinci Xarıbülbül festivalıdır.
… Şuşa ili davam edir. Yay aylarında Vaqif Poeziya günləri və s. tədbirləri gözləyir, dahi və əbədiyaşar Xan Şuşinskinin təbirincə desək, dağlarının başı dumanlı qədim Şuşa…
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq, biz də Şuşa ili ilə bağlı öz töhfəmizi hazırlayırıq, üzərində işlədiyimiz beş layihə ilin sonuna qədər ictimaiyyətə təqdim olunacaq…
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti
Newer Post
“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq
Older Post
İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter