Azərbaycan müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda sabitlik və əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib.
Bu fikri AZƏRTAC, APA, və TREND agentliklərinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və təhlükəsizlik məsələləri başda olmaqla bütün sahələrdə artmaqda davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.
“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacağıq. Şuranın iclasında bir Protokol və bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmnunluq duyuruq. Gələn il 7-ci iclası Türkiyədə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılamaqdan şərəf duyacağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.