ABDULLAYEV Maşallah Babakişi oğlu

MƏCİDOV Zakir Nüsrət oğlu
BABAYEV Əjdər Xalıqverdi oğlu
HƏSƏNOV Tahir Tofiq oğlu
(27.5.1950, Goranboy r.-nunun Kəpənəkçi k.) – Azərbaycanın Milli Qəhrəmanı (23.6.1992).

1950-ci il may ayının 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Onun valideynləri ermənilərin təzyiqi altında öz doğma yurdundan – Qərbi Azərbaycanın Dərələyəz mahalından zorla qovulduğundan gəlib bu yerlərdə məskən salmışdı. O, səkkizinci sinfədək 1 saylı Goranboy şəhər orta məktəbində         təhsil            almışdır. Sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirmişdir. 15 yaşlı Maşallah Goranboy Subartezian Quyularının İstismarı İdarəsində işə düzəlir. Sonra Sumqayıt Alüminium Zavodu… 1969-cu ildə hərbi xidmətə çağırılır. O, 1971-ci ildə Kerç şəhərində ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə düzəlir.
Maşallah Abdullayev 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunub və buranı müvəffəqiyyətlə bitirir, 1975-ci ildə təyinatla doğma rayonlarına, vaxtılə təhsil aldığı 1 saylı orta məktəbə müəllim göndərilir. O, pedaqoji fəaliyyətə başladığı ilk gündən müəllimlərin və şagirdlərin dərin hörmətini qazanır, yeniyetmələrin idmana həvəsini daha da artırır.
1991-ci il… Qədim Oğuz elinin başının üstünü qara buludlar alıb. Əhalinin dincliyi, növrağı pozulub. Ermənilərin sıx yaşadıqları Qaraçinar, Mənəş, Erkəc, Buzluqdan azərbaycanlılar yaşayan Zeyvə, Todan və digər kəndlərə basqınlar edilir. Evlər yandırılır, günahsız insanlar əsir götürülürdü. Belə bir təhlükəli məqamda el təəssübünü çəkən M.Abdullayev sinəsini irəli verərək, goranboylu gəncləri bir yerə toplayır.
Goranboy rayonunda erməni quldurlarına qarşı mübarizəyə başlayan ilk könüllü dəstələrin yaradılmasında M.Abdullayevin xidmətləri əvəzsizdir. Bu dəstələrin batalyon şəklində formalaşmasında da onun böyük xidmətləri olmuşdur. Keçmiş Şaumyan kəndinin (indiki Ağcakənd-red.) erməni işğalçılarından təmizlənməsində goranboyluların yazdığı qəhrəmanlıq salnaməsinə M.Abdullayevin də adı həkk olunmuşdur. Göstərdiyi cəsarət, qəhrəmanlıq onu həmyerlilərinin gözündə daha da ucaltdı. O, Respublika Ali Sovetinə (Milli Məclisə) deputat seçildi. Deputatlığı dövründə öz missiyasını bacarıqla yerinə yetirdi. 1992-ci ildə Maşallah Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi: O, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur.
Mayor rütbəsinəcən yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustundan 1993-cü ilin iyul ayınadək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. İgidliyə görə General M.Əsədov adına mükafata layiq görülmüşdür. Maşallah Abdullayev bu gün də el-oba ilə birgə nəfəs alır, rayonun ictimati-siyasi həyatında fəal iştirak edir. Hal-hazırda o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy rayon şöbəsinin sədri vəzifəsində çalışır.
Ailəlidir. Bir övlad atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 14-15