Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.
Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.
President.az