Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı- II Hissə

Kişineuda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib
Prezident Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

Asif Hacılı. Bəli, bolşevizm öz məqsədləri üçün, Qafqaza gətirib yerləşdirdikləri ermənilərin fitnələrindən geniş istifadə edib. Bir qədər sonra isə həmin erməni fitnələri sovet hökumətinin və hazırda müasir Rusiyanın özünə qarşı yönəlib. Lakin əsas zərbə xalqımıza dəyib, torpaqlarımız zəbt olunub, milli adımız dəyişdirilib, repressiyalar, sürgünlər həyata keçirilib.

Nəriman Əbdürrəhmanlı.  

Tarixin təkərinin zorla döndərildiyi bir vaxtda, ötən əsrin ikincionilliyinin sonlarında üzdəniraq dostlarının xatası Qaraçöpə çox dəyib. Hardan gəlməsi bəlli olmayan quldur dəstələrinin basqınından qorunmaq üçün oğullar qonşu gürcü obalarının igidlərilə birgə at belinə qalxıb, gecələr əldə tüfəng həndəvərin keşiyində durublar. 1918-ci ilin mayında Gürcüstanda milli hökumət qurulanda camaat böyük şadyanalıq keçirib, Tiflisə adam göndəriblər ki, yeni quruluşu müdafiə elədiklərini hökumətə çatdırsın.

…90-cı illərin əvvəllərində Azərbaycan Dövlət Arxivində işləyəndə əlimə çox maraqlı bir sənəd keçdi. 1918-ci il iyul ayının 10-da Qaraçöpün ümumi yığıncağında Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması alqışlanır. Milli Şuraya və onun rəhbəri Məmməd Əmin Rəsulzadəyə müraciətdə qaraçöplülərin yeni hakimiyyəti müdafiə etdikləri, hər cür köməyə  hazır olduqları bildirilir.

Bu da tarixin bir səhifəsidi…

…1919-cu ilin martında Gürcüstan parlamentinə seçkilər zamanı qaraçöplü Söyün (Hüseynqulu) Məmmədov deputat seçilən yeganə müsəlman kimi, xalqın müdafiəsinə qalxıb.

Bu faktı da tədqiqatçılar üzə çıxarıblar… 1920-ci ildə Azərbaycan və Gürcüstan bolşеvik Rusiyası tərəfindən işğal olunduqdan sonra Zəngəzur, Göyçə, Dərələyəz və Dilican bölgələri Azərbaycandan, Borçalı qəzasının Loru nahiyəsi isə Gürcüstandan qoparılıb Еrmənistana vеrilib, üstəlik, 1929-cu ildə Borçalı qəzası ləğv еdilib 3 rayona – Borçalı, Lüksеmburq və Başkеçid rayonlarına bölünüb, 1949-cu ildə “Borçalı” adı da ləğv еdilib, həmçinin, Borçalı sultanlığına daxil olan Qarayazı – Qardabani, Qaraçöp – Yor-Muğanlo… adlandırılıb.

Asif Hacılı. Yada salaq ki, sovet quruluşunun bərqərar olması həm tarixi torpaqlarımızın itirilməsinə, həm də əhalimizin XIX əsrin əvvəllərində olduğu kimi, yurd-yuvasını tərk edib Türkiyəyə, İrana köçməsinə, yəni hicrətə məcbur olmasına səbəb olub.  Lakin bu çətin dövrdə də Azərbaycan türkləri Gürcüstana, gürcü xalqına sadiq olublar, Gürcüstanla müharibəyə başlamış Ermənistan ordusuna, işğalçı bolşeviklərə qarşı gürcülərlə çiyin-çiyinə qəhrəmanlıqla döyüşmüşlər. Erməniləşdirmə siyaəti, erməni separatizmi bu gün də Gürcüstanda mövcuddur. Abxaziyada terrorçu erməni batalyonu gürcülərə qarşı döyüşmüş, hərbi cinayətlər, qətliamlar törətmişdir. Yetli azərbaycanlılar isə gürcülərlə çiyin-çiyinə Gürcüstanın ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmancasına döyüşmüşlər. Öz igidliyi, şücaəti ilə fərqlənən qaraçöplülər də bütün bu həlledici hərbi-siyasi məqamlarda daim gürcülərlə birlikdə olmuşlar.

Nəriman Əbdürrəhmanlı. Bəli,yaşlıların şəhadətinə görə, qaraçöplülər də hələ keçən əsrin əvvəllərində Gürcüstan-Ermənistan müharibəsində qarayazılılar, borçalılarla birgə gürcülərlə çiyin-çiyinə düşmənə, erməni ordusuna qarşı döyüşüblər. 1921-ci ildə Gürcüstanda Şura hökumətinin qurulmasını Qaraçöpdə razılıqla qarşılayan az olub. Tarix elmləri doktoru F.Valehoğlu-Hacıların araşdırmalarına görə, Gürcüstanın xalq qəhrəmanı, polkovnik L.Colağaşvilinin başçılıq etdiyi üsyanda qaraçöplülər də əldə silah qırmızı işğalçılara qarşı döyüşüblər.  İşğaldan az sonra və hətta 20-ci illərin axırları – 30-cu illərin əvvəllərində hələ sərhədlər tamam bağlanmadığından, təxmini hesablamalara görə, təqiblərə məruz qalan 180 qaraçöplü ailəsi Türkiyəyə köçüb, əsasən, Qars bölgəsində yerləşib. İndi həmin ailələrdən törəmələrin əksəriyyəti Qaraçöp soyadını daşıyır. Əslən Qarsdan olan məşhur folklorşünas alim dr. Yaşar Kalafat  araşdırmalarında Qarapapaq-Qaraçöp adət-ənənələrinə geniş yer verib, beynəlxalq simpoziumlarda bununla bağlı çıxışlar edib. Qarslı şair Yunus Karaçöpün şeirləri böyük rəğbətlə qarşılanıb. Türkiyə və Avropa ölkələrində Qaraçöp soyadı daşıyan onlarla alim, həkim, mühəndis, vəkil… var. Eləcə də Günеy Azərbaycanda, Urmiyə gölünün günеy-batı sahillərində yеrləşən Sulduz vilayətinin 92 kəndinin əhalisi, ümumiyyətlə, Borçalı və Qarapapaq tayfalarıdı. Təbriz ətrafında və Həmədan vilayətində Borçalıdan, o cümlədən, Qaraçöpdən köç edənlər az deyil.

Asif Hacılı. Lakin bolşeviklərin gəlişi ilə köç edənlərlə yanaşı, yurdunda qalıb bolşevizmə müqavimət göstərən qaraçöplülər də az olmayıb.

Nəriman Əbdürrəhmanlı. Elədir, sovet quruluşu zor-güc bərqərar ediləndə beş-on nəfər qabağa düşüb “hökumət” oldu, camaatı yuxarıların dediyilə oturub-durmağa çağırdı. Amma bu quruluşun ab-havası Qaraçöpə lap gec, müharibə başlananda çatdı. Müharibə başlananda ələ keçənləri cəbhəyə göndərdilər. Sinəsi orden-medalla qayıdanlar da oldu, əlli-ayaqlı itənlər də. Cəbhədən çağ-salamat qayıdanlar sovet qaydası ilə hörmətə mindilər. Qaraçöp zamanla, quruluşla mübarizədə yavaş-yavaş məğlub olur, “şanlı və qırmızıbayraqlı” sovet dövrünü yaşayırdı…

Asif Hacılı. Nəriman müəllim, tarix həqiqəti sevir, müsbət cəhətlərlə yanaşı, sovet rejiminin dağıldığı məlum dövrdə müəyyən xoşagəlməz hadisələr də oldu, lakin xalqlarımızın müdrikliyi bu prosesin genişlənməsinə, qan tökülməsinə imkan vermədi. Borçalı, Qaraçöp əhalisinin, xüsusən ziyalıların dəyanəti, dözümlülüyü də öz rolunu oynadı, hadisələr normal məcraya düşdü.

Nəriman Əbdürrəhmanlı. 1988-ci ildə Gürcüstanda suyu bulandıranlar daha da azğınlaşan vaxt Saqareco rayonunda da ağla gətirmədiyimiz olaylar baş verdi. Bizi “gəlmə”, “qonaq” adlandıranlar da oldu, köçüb getməyi təklif eləyənlər də. Onda Qaraçöpün ziyalıları Səməd Qaraçöp, Tofiq Mirzəyev, Fərhad Xubanlı, Həmzəli İlyaslı, Ağabalı Xeyirxəbərov, Tofiq Mirzəyev və başqaları bu mövqedə dayananları açıq dialoqa çağırdılar. Dialoqun nəticəsi uğurlu oldu, kütləvi və açıq hücumların qarşısı alındı, camaat da illər boyu qurduğu ocağını soyutmadı…

Asif Hacılı. Soydaşlarımız gürcü xalqının istiqlaliyyət, suverenlik mübarizəsində də fəal iştirak etdilər.

Nəriman Əbdürrəhmanlı. Tbilisidəki 9 aprel faciəsini borçalılar, qaraçöplülər, eləcə də Azərbaycan əhalisi öz ağrıları kimi qəbul elədilər. Bakıda 20 yanvar qırğınında bu torpaq bir oğlunu şəhid verdi: Ələsgər Qayıbovun məzarı Dağüstü parkda, “Şəhidlər xiyabanı”nda uyuyan mübarizlərin arasındadı. Qaraçöpün yetirməsi, monumentalçı-rəssam Z.Hüseynov camaatın köməyilə kəndin girəcəyində abidə ucaltdı: heykəl Azərbaycan və gürcü xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr olunub, elə bil, bu iki qonşu millətin tale yaxınlığının nişanəsidir. Bu yaxınlığın bir nişanəsi də var: indi özümlü cizgilərini nəzərə almasaq, Azərbaycanın və Gürcüstanın taleyi təxminən eynidi. Birinin köksündə Qarabağ yarası var idi, o birinin Cənubi Osetiya, Abxaziya. Şükürlər olsun ki, Azərbaycan ordusu Qarabağı azad etdi, respublikamızın suverenliyi bərpa olundu. Gürcüstan azərbaycanlıları üçün bu, tariximizin ən şanlı səhifələrindəndir və onu da deyim ki, Vətən müharibəsində də Gürcüstan əsilli soydaşlarımız fəal iştirak edib, şücaətlə döyüşüblər. Xalq ədalətin gec-tez qalib gələcəyinə inanır, taleyini zəhmətinə, torpağa bağlayıb.

Asif Hacılı. Nəriman müəllim, maraqlı məsələyə toxundunuz. Gürcüstan vətəndaşı olan soydaşlarımız həm doğma Azərbaycan, həm də vətəndaşı olduqları Azərbaycanı vətən olaraq sevir, qarşısında məsuliyyət duyurlar. Bu hiss fərdi olmaqdan başqa, ölkələrimizi bir-birinə bağlayan amil kimi də dəyərlidir. Borçalıya, Qaraçöpə mütəmadi gedən bir ziyalı kimi bu haqda nə deyərdiniz?

Nəriman Əbdürrəhmanlı. Qaraçöp və deyərdim ki, həm də Borçalı, həm də tiflislilər həmişə özlərini mənən həm Gürcüstanın, həm də Azərbaycanın bir parçası hesab edib, hər iki qardaş dövlətin rifahı üçün əlindən gələni əsirgəməyiblər. Qarabağa da yardım edib, şəhid ailələrinə də diqqət göstəriblər. Vaxtında Xocalı faciəsindən salamat qurtarmış qaçqınlara yardım, Müdafiə Nazirliyinin hesabına keçirmək üçün vəsait toplanıb. Qarabağın müdafiəçiləri sırasında vuruşmaq üçün Bakıya gedib çağırış məntəqəsinə müraciət edənlər də az olmayıb. Qaraçöplülər 2008-ci ildə Rusiyanın təcavüzü zamanı Vətənin müdafiəsinə qalxıb, Abxaziyadan və Osetiyadan didərgin düşənlərə maddi və mənəvi yardım göstərib…

Asif Hacılı. Bu qaraçöplü ruhunu Bakıda saxlaya bilirsinizmi? Bir təşkilat, ictimai birlik varmı?

Nəriman Əbdürrəhmanlı. Bakıda yüzlərlə qapaçöplü ailəsi yaşayır. Aralarında fəhlədən tutmuş professoracan hər cür peşə sahibinə rast gələrsən. Ortaya çıxan problemləri yoluna qoymaq üçün “Qaraçöp” Xeyriyyəçilər Birliyi də yaradılıb. Amma camaata mənəvi dayaq durmaq, onun dərdi-sərinə şərik olmaq, əlindən tutmaq, hoyuna yetmək hamıdan qayğı, diqqət uman işdi. Bu yönümdə Qaraçöpün övladları – yer-yurd sevdalısı olan ziyalılar gərəkli işlər görürlər.

Asif Hacılı. Bəs Qaraçöp və qaraçöplülərin durumu bu günümüzdə necədir. Əhalimiz yerində rahatdırmı, milli varlıq qorunurmu? Təhsil, mədəniyyət sahəsində vəziyyət necədir?

Nəriman Əbdürrəhmanlı. Son 20 ildə Qaraçöp xeyli maddi və mənəvi çətinlikləri arxada qoyub ağlagəlməz dərəcədə dəyişib. İndi müasir tipli inzibati binalar, məktəblər, xidmət və ticarət obyektləri, bazar inşa edilib, asfalt yol, qaz xətti çəkilib, böyüməkdə olan nəslin Gürcüstan cəmiyyətinin həyatına inteqrasiyası dərinləşib. Bir neçə il əvvəl Qaraçöpün arxa tərəfindəki Yaşıl Dərə adlanan ərazidə ABŞ-ın “Frontera Resources” şirkəti 5,3 trilyon həcmində ehtiyatı olan təbii qaz yatağı kəşf edib, bu da yəqin ki, respublikanın iqtisadi inkişafına müəyyən təkan verəcək. Qaraçöplü ziyalılar artıq respublikada baş verən ictimai-siyasi hadisələrdə, o cümlədən, seçkilərdə fəal iştirak edirlər. İndi ölkənin ali məktəblərində təhsil alan gənclərin sayı xeyli artıb. Artıq Qaraçöpün övladlarının sorağı dünyanın bir çox ölkələrindən gəlir. Bütün bunlar birgə mehriban yanaşı yaşayışın rəğbətlə qarşılanan əlamətləridi.    

Asif Hacılı. Qaraçöplülər tarixləri boyu ər igidlər kimi tanınıb, at belində yürüş edib, düşmənə arxa çevirməyib, qürurlu, azad həyat sürüblər. Eşitdiklərimdən bilirəm ki, Qaraçöp qadınları da həm zəhmətkeşlikləri, həm da igidlərə etibarlı arxa-dayaq olmaları ilə fərqlənib.

Nəriman Əbdürrəhmanlı. Qaraçöp Türk ulusunun Tərəkəmə elatlarındandı, bir yanı köçəri olub, bir yanı oturaq. Qaraçöplülərin bir parası at belində ömür sürüb, bir parası ocaq başında, əkində-biçində. Bu yurdun kişiləri düşmən qabağı qaytaranda, var-dövlət bəsləyəndə, qadınları oğul böyüdüblər, özümlü çeşnisi, naxışı olan məşhur Qaraçöp xalçaları toxuyublar. Hər yazbaşı tacirlər o xalçaları alar, yükləyib İrana, Türkiyəyə satmağa apararlarmış. İndi Qaraçöp xalçaları hansı muzeyləri, mülkləri bəzəyir, görəsən?!

Asif Hacılı. Qaraçöp qonaqpərvərliyi ilə də fərqlənib. Hətta ətraf yerlərin məşhur qaçaqları da ara-sıra ağır elli Qaraçöpdə təhlükəsiz olacaqlarını bilərək buralara qonaq gəliblər. Burada istirahət edib, güc toplayıblar.

Nəriman Əbdürrəhmanlı. Bəli,adıbəlli Qaçaq Kərəm yağılarla qovğada nəfəs dərmək üçün hərdən atının başını Qaraçöpə döndərərmiş, Talıbların, Murğuzların topdağıtmaz mülkündə beş-on gün qalır, ev sahibinnən də, camaatdan da hörmət-izzət görərmiş. Tovuzlu Qaçaq Tanrıverdi, Qandal Nağı hökumətdən gizlənəndə Qaraçöpə üz tutarlarmış, ara səngiyənəcən Hacı Qəhrəmana sığınarlarmış. 1915-ci ildə Rusiya-Osmanlı qoşunları arasında aparılan hərbi əməliyyatlar zamanı Sarıqamışda tələf olan və əsir düşən yüz minə yaxın türk qaraçöplülərin də qəlbində yaraya çevrilmiş, Qaraçöp ağsaqqlalları var-yoxlarından götürüb rus hərbi komandanlığından müxtəlif bəhanələrlə əsir və yaralı türkləri almağa nail olublar. O fəlakətzadələrin törəmələri hələ də Qaraçöpdə “Osmannı yesirləri (əsirləri)” kimi tanınırlar. Qaraçöpün Qaçaq Allahverəni, Qaçaq Mahmudu, Dəfçi oğlu Dəli Hasanı Qafqazbərisində adnan tanınıb, barmaqnan göstərilib. 1918-ci ildə Qaraçöpün yeddicə ikidi, mahalın üstünə gələn bir bölük azğınlaşmış əlisilahlının qabağını qaytarıb, bu torpağa namərd ayağı dəyməyə qoymayıb.

Asif Hacılı. Nəriman müəllim, qaraçöplüləri ozan sənətimizin Koroğlu çaları da səviyyələndirir. At belində ləşkər basan, yağı düşmənə aman verməyən qaraşğplülüər həm də incə təb, saz-söz adamı olublar, sözə dəyər veriblər.

Nəriman Əbdürrəhmanlı. Qaraçöpdə sözün dəyəri, qiyməti olub. XVIII əsrdə bizə söz yadigarları qoymuş Misgin Vəlidən, Molla Qasımdan üzübəri neçə-neçə el sənətkarının ağırçəkili qoşğuları, hikmətamiz söyləmələri indi də dillər əzbəridi. Qaraçöplü Aşıq Musa, Şair Bağı, Əsli Oğlu Məhəmməd, Aşıq Teymur, Şair İvad, Tükəzban Abbasqulu qızı, Həsənəli Təhməzoğlu, Şair Bəyzadənin… axar suya bənzər dumduru sözləri sərhəd-qadağa tanımayıb, Borçalı çökəyinən Göyçə malahınadək yol keçib, könüllər oxşayıb. Sonralar, sazın-sözün çətin vaxtında Ağabala Mahmudovun, Şair Mədədin, Həsən Sadıqlının… yazıb-yaratdıqları camaatın ürəyinə təpər, dizinə qüvvət gətirər…

…Musa eldən aralanmaz,

Mərddi, qəlbi qaralanmaz.

Yüz ox dəysə, yaralanmaz,

Xatası dostdan olmasa.

Asif Hacılı.Nəriman müəllim, indi dövr dəyişir, canlı ünsiyyət azalır, hamı sosial şəbəkələrə qapılır. Zəngin söz sənətimizi qoruyub gələcək nəsillərə saxlaya bilmişikmi? Vətənimizin qıraqda qalan yerlərinin, o cümlədən Qaraçöpün söz sənəti yetərincə araşdırılırmı? AMEA Folklor İnstitutunun əməkdaşları bu sahədə müəyyən işlər görürlər. Bir çox folklor topluları dərc olunub. Lakin bu iş bir institutluq deyil, fikrimcə, dövlət səviyyəsində həyata keçirilməlidir. Çünki folklor qıraqda qalmış ərazilərimizdə xalqımızın mənəvi pasportudur və geniş miqyasda toplanıb, tədqiq olunub dərc edilməlidir.

Nəriman Əbdürrəhmanlı. Təəssüf, indi aydın olur ki, Qaraçöpün söz xəzinəsindən çöx şey iitirmişik. Yalnız yaddaşımız boyu gedib çıxa bildiyimiz XVIII-XIX yüzillərdə yaşamış Miskin Vəli və Aşıq Musanın ustadı İsmayıl Mərdanoğlunun haqqında əlimizdə səhih məlumat yoxdu. Aşıq Musanın, Şair İvadın, Aşıq Teymurun, Əslioğlu Məhəmmədin söz yatırı isə, xoşbəxtlikdən, tam da olmasa, əsasən yazıya köçürülüb, saz-söz xiridarlarına çatıb. Ordan bərisi Şair Bağı və Həsənəli Təhməzoğlu kimi, təəssübkeş söz adamları sayəsində yaşayıb. O səxa yiyələri məclislərdə eşitdiklərini yazıya köçürüb itib-batmağa qoymayıblar. Söyləmələr də, ayrı-ayrı söz adamlarının qoşquları da günümüzə bülə gəlib çatıb.

Artıq söz adamlarımızın əksəriyyətinin yaradıcılığı təəssübkeş ziyalı və tədqiqatçı tanınmış alim Fərhad Xubanlı tərəfindən araşdırılıb, ayrı-ayrı məqalələr şəklində qəzet-jurnallarda şap olunub,  Aşıq Musanın, Aşıq Teymurun, Humay xanımın, Şair Mədədin, Həsən Sadıqlının, Məhərrəm Mirzəlioğlunun, Məhərrəm Həsənoğlunun, Əlxan Orucoğlunun… kitabları işıq üzü görüb. Bu – Qaraçöpün SÖZünü yaşatmaq yolunda atılan dəyərli addımlardı. Üstəlik, klassik ədəbiyyatımızdan və folklordan qaynaqlanan bu yolu davam etdirənlər bu gün də var, güman ki, gələcəkdə də olacaq, doğma SÖZümüzü yaşadacaqlar…

Asif Hacılı. Nəriman müəllim, söhbətimizin əvvəlinə qayıdaq. Qaraçöpdən çox dəyərli aşıqlar, el şairləri, müasir ədəbyyat adamları, qələm sahibləri çıxıb. Lakin bu mahalın ərləri təsəvvürlərimizdə yovşan ətirli türk çöllərindən at belində, qılınc əlində, yay-ox kürəyində çapıb yel kimi gələn ərənləri xatırladır. Əyilməz, dönməz, sarsılmaz, kəsərli igidləri yada salır. Sizin öndə səsləndirdiyiniz qılınc tiyəli təəssürat yerində qalırmı, ya süzülüb gedibmi?

Nəriman Əbdürrəhmanlı. Qalıb, Asif müəllim!Yenə də nədənsə, Qaraçöp yaddaşımda qılınc tiyəsi şəklində qalıb… Qaraçöp – qaraca qalam hələ yaşayır, ruhumuzu yaşadır… Qaraçöplülər doğma Azərbaycanın dərdinə-sərinə həmişə şərik olub, eləcə də gürcü qardaşlarını darda qoymayıblar…

Asif Hacılı. Burada təəccüblü bir məqa yoxdur. Qaraçöplülər Azərbaycan xalqının ayrılmaz hissəsi, digər tərəfdən, Gürcüstan vətəndaşlarıdır və hər iki ölkəyə də sadiq mərd insanlardır. Xalqların bu birliyi tarixi yurdlarımızın coğrafi yaxınlığından və həm də həyat tərzimizin, xarakterimizin oxşarlığından gəlir.

Nəriman Əbdürrəhmanlı. Qaraçöpdəki yer adları, xüsusən mikrotoponimlər də bu həqiqəti bir daha təsdiq edir.

Asif Hacılı. Nəriman müəllim, vacib məsələyə toxundunuz, toponimlər olduqca mühüm faktlardır və xalqımız tarix boyu məskən saldığı yurdlara doğma adlar verib. Lakin bu adların bir çoxu dəyişdirilib, təhrif olunub. Qaraçöpdə vəziyyət necədir? Bu toponimlərin əksəriyyəti tarixi yaddaşımızı qoruyur, yaşadığımız ərazilərin vətən olduğunu təsbitləyir. Azərbaycan və Gürcüstanı birləşdirən Qaraçöpün coğrafiyası və toponimikası bu baxımdan, iki xalqa aid ortaq faktlar kimi xüsusi maraq doğurur.

Nəriman Əbdürrəhmanlı. Azərbaycan toponomiya sistemində yazıdan kənar qalan toponimlər hələ də çoxdur. Üstəlik, respublika sərhədlərindən kənarda yaşayan soydaşlarımızın əsərlərlə məskunlaşdığı ərazilərdə mövcud toponimlərin xalq danışıq variantları və müəyyən səbəblərdən öz oykonim və s. rolunu itirmiş obyektlərin adları belə elmi ictimaiyyətin diqqətindən kənarda qalıb.Gürcüstanın Kartli (Qərbi Gürcüstan) və Kaxetii (Şərqi Gürcüstan) ayrıcılarında, əlverişli coğrafi mövqedə yerləşən belə bölgələrdən biri hazırda Saqareco rayonunun tərkibində olan yeddi oymaqdan ibarət Qaraçöp mahalıdır. Əsasən düzənlikdə yerləşən Qaraçöpün bir tərəfini Azərbaycanın Qazax, Ağstafa, Tovuz rayonlarından Ceyrançöl adlanan düzənlik və hazırda Gürcüstanın ərazi bölgüsünə daxil olan Udabno sovxozunun otlaqları ayırır. Qaraçöpün əks istiqamətində isə 7 km. məsafədə olan Saqareco rayonunun Badiauri kəndi yerləşir. Qaraçöpü bu kənddən ayıran İori (Qavrı) çayıdır.

İori adının mənası haqqında və eləcə də bu çayın, əslində, Alazan çayının kiçik qolu olması barədə XVIII sərin məşhur gürcü tarixçisi Vaxuşti Betanişvili yazır: “xoio ars gueganasa amas sina udidesni mdinareni Alazani da meore mtsire Alazani anu Jori romelta moiges saxelni alonis gamo, aramed Jori gaorebisatvs, reinaitgan akut saxeli erti” iora am mdinarem”. “Bu diyardan (söhbət Gürcüstandan gedir – F.Ə.) axan böyük çaylar sırasında olan Alazani və kiçik Alazaninin və yaxud İorinin adı düzənliklə bağlı deyil, birdən «ikiləşdiyi üçün iki ilə bağlıdır” (1; 526). “Ori” gürcü dilində iki “i” prefiksi və “a” suffiksi saydan fel düzəldən şəkilçidir.

Alazan çayının, həqiqətən, iki yerə ayrılması haqqında və onun azərbaycanlılar tərəfindən necə adlandırılması haqqında dilçi Q.Voroşil öz tədqiqatlarından birində yazır: “Alazan çayını Strabon və böyük Plin iki çaya ayırıb, birini Alazan, digərini isə Xankan adlandırırlar. Erkən orta əsrdə də həmin kiçik Alazan Kan-Qan şəklində qeyd olunur. Müasir Azərbaycan dilində isə ona –ıq artırılaraq Qanıq kimi işlədilir. “Qanı, adətən Qanılı tayfasının adı ilə bağlayırlar”. (2, 124)

Asif Hacılı. Nəriman müəllim,Qavrı çayının adı dilçiliyimizdə necə şərh edilir?  

Nəriman Əbdürrəhmanlı. Görkəmli alimQ.A.Qeybullayev “Azərbaycan toponomiyası” kitabında “xəzər” etnoniminin bir qolunu təşkil edən Kabar tayfa birləşməsinin əvvəllər 850 ailədən ibarət olaraq Qarabağda “Kəbirli torpağı” adlanan (indiki İmişli, Ağcabədi, Cəbrayıl və Xocavənd rayonları – Q.Q.) ərazisində yaşamalarını və bu tayfanın tərkib hissəsi olan Çopuralılar, Hacıallahverdilər, Hacıhasanlılar, Hacıməmmədhüseynlilərin varislərini Qaraçöp mahalında, eləcə də, Sərtçala Muğanlısında da soraqlamağın mümkünlüyünü qeyd edir. Əsasən, onların yarımköçəri həyat keçirdiklərini qeyd edərkən Q.Qeybullayev yazır: “İzvestno, çto oni (Kabarı – F.A.) veli borbu protiv druqix plemen xazar i pereşli na storonu madjarov. İmeetsə upominanie, çto çast Kabarov i madjarov v seredine VII v.  pereselilas v Albanii… Azerbaydjanskiy istorik Karabaxa… v Zakavkazye – etnotoponim otrajayuşiy etnonim Kabar otmeçen v istoçnike XII v. v forme Kabri-drevne-armənskaya peredaça ot Kabar i suffiksa prinadlejnosti “i” svyazi s sobraniem episkopov Albanii v kreposti Tavus nıne Berd na territorii Armenii na berequ reki (Tavus) v 1139 q. Qavrı çayının adı bəlkə də Kabar, Kabri, Kabırlı etnonimi ilə bağlıdır. Həmin tayfanın varisləri bu etnohidronimdə öz soykökünü qoruyub bu günədək çatdırmışlar. Çayın Qavrı adında sözün ortasında b səsinin v ilə əvəz olunması, eləcə də söz önündə k – q əvəzlənməsi Qaraçöp əhalisinin şivə xüsusiyyətlərindədir. Məsələn, el-oba-nl-ova, şorba-şorva, lobya-lovya/lovya, eləcə də, söz önündə, kartof-qartof, katon-qardon, konfet-qanfet və s.

Məlumdur ki, kəndin adı barəsində, onun yaranma tarixi və məskunlaşması haqqında dəqiq elmi izahat vermək çox çətindir.

Yaşlı nəslin verdiyi fərziyyələrə görə, kəndin ilk adı Qaraçöp və Muğanlı olub. Muğanlı adı ilə bağlı Azərbaycanda, eləcə də, ön Qafqazda müxtəlif yarımköçəri tayfaların mövcudluğu elmə məlumdur (3,72). Bu kəndlərdə də ilk zamanlar muğ tayfaları çoxluq təşkil etdiyi üçün adı Muğanlı olmuş, xalq tərəfindən verilmiş Qaraçöp adı ilə paralel şəkildə işlənib. Xam torpaqları olan bu ərazidə, əvvəllər hündürlüyü təxminən yarım, bəzən isə bir metrə yaxın olan qara tikanlı bitki bitərdi. Xalq yaşayış üçün özlərinə dam adlanan sığınacaq tikərək bütün ərazini basmış həmin bitkini qırır, yanacaq və eləcə də, çəpər hasarlamaq üçün istifadə edərdilər. Kəndin ətrafında az da olsa, bu bitkiyə yenə də təsadüf etmək olar. Çox güman ki, Qaraçöpün adı həmin bitki ilə əlaqədar verilib.

Kəndin Yor-Muğanlı (İor-Muğanlo) adı isə sonralar Gürcüstandakı başqa Muğanlı (Bolnisi, Dmanisi, Qardabani rayonlarında) kəndlərindən fərqləndirmək məqsədi ilə yaranıb, gürcülər kəndin yaxınlığından axan İori çayının adı ilə bağlayıblar və yaxud “İori çayı ətrafında salınmış kənd” mənasında işlədiblər. Prof. A.Qurbanov Gürcüstanda Azərbaycan toponimlərini tədqiq edərkən Yor-Muğanlının ilkin formasının Nor-Muğanlı olmasını qeyd edib (4, 41).

Asif Hacılı. Nəriman müəllim, bir cəhəti də qeyd edək, müasir anlamda rayon bölgüsündə hazırki toponimika ilə Borçalının Marneuli, Qardabani, Dmanisi, Bolnisi kimi rayonlarının hər birinə onlarla kənd daxildir. Gürcülərin üstünlük təşkil etdiyi rayonlarda da vəziyyət belədir. Lakin Qaraçöp (rəsmi toponimikada Saqareco) bu baxımdan da fərqlənir. Bu ərazi-inzibati vahidə qarşılıqlı sıx əlaqədə olan cəmi yeddi böyük kənd – Düz Əyrəm Baldoy, Muğanlı, Keşəli, Ləmbəli, Tüllər və Qazlar daxildir. Bu kəndləri ümumi şəkildə necə səciyyələndirərdiz?

Nəriman Əbdürrəhmanlı. Kəndlərin əhalisi öz milli adət-ənənələrini, dilini və dinini müqəddəs varlıq kimi bu günümüzədək qoruyub saxlayıblar. Sovet hakimiyyəti qurulmamışdan əvvəl kəndlərdə yalnız dini məktəblər mövcud olub, uşaqlara əski əlifbanı və Quranı oxumağı öyrədiblərsə, hazırda ana dilində üç orta məktəb, iki ibtidai və bir səkkiz illik məktəb fəaliyyət göstərir. Tərəkəmə həyat tərzi keçirən yerli əhalinin əsas məşğuliyyəti heyvandarlıq o, cümlədən, qoyunçuluq və iribuynuzlu maldarlıq olub ki, bununla da əlaqədar həmin kəndə məxsus qış, yay otlaqları inkişaf edib. Kənddə şəxsi, sürü ilə mal-qarası olan hər bir kəsin qışda onu saxlamaq üçün qışlağı, yayda isə yaylağı olmalı idi. Bu qışlaqları onun sahibi və adları ilə tanıyardılar. Kəndlərin adları, eləcə də Ağ dərə, Qaşqa Sarı, Qaratel, Haramı,Haravaşan (Araba aşan), Qaraqaya, Qara dərə, Qara düz, Cin Alı, Çoban qaçan, Xəlyər dərəsi, Emin düzü, Cahangir Yaylıca, Teymur dağı, Qozdu (Qozlu) kimi mikrotoponimlər sırf türk dilinə xas tarixi coğrafi adlardır. Mahala verilən Saqareco adı da əslində türk toponiminin kalkası, “Qaraca Yurdunun” gürcücəyə tərcüməsidir. Professor Şurəddin Məmmədlinin göstərdiyi kimi, “Saqareco” oykoniminin əsasında Azərbaycan dilinə məxsus olan “Qaraca” şəxs adı, gürcü dilində “məkan, yer” mənasını bildirən “sa” ön şəkilçisi durur. Alimin qeyd etdiyi kimi, “Saqareco” toponimi isə, gürcü mənbələrində XIV əsrin sonuncu onilliyində qeyd olunub.

Asif Hacılı. Bəs adı da, ruhu da, varlığı da türk obası olan Qaraca yurdunun – sonralar Qaraçöpün, indiki Saqarecorayonunun tarixi barədə nə deyərdiz?

 Nəriman Əbdürrəhmanlı. Qaraçöp, indiki Saqareco1880-ci iləcən keçmiş Borçalı sultanlığının tərkibində olub. “Saqareco” toponimi indi həm rayon-inzibati ərazisinin, həm də rayon mərkəzinin – şəhərin adını bildirir. Şurəddin müəllimin boldirdiyi kimi, Qaraçöp oykonimi türk dillərində “qara camaat” mənasında işlənən “qara” sözü ilə “çöp” tayfa adı əsasında yaranıb. Mənbələrdə bu tayfanın eramızın ilk əsrlərində Qafqazın bu üzündə – Güney Qafqazda məskunlaşdığı qeyd olunub. İndi Qaraca yurdunun – “Saqareco” rayonunun bir hissəsi Qaraçöp adlanır. Xalq arasında Qaraçöpü bəzən Yor-Muğanlı – yəni “İori çayı kənarında yerləşən Muğanlı kəndi” də adlandırırlar. Bu da həmin kəndlərdə Muğanlı elinə məxsus əhalinin məskunlaşması ilə əlaqədardır. Qaraçöp icması 8 kənddə məskunlaşıb, geniş ərazisi var: Paldo (Baldoy-Baldöy), Əyrəm (Ayrım), Qarabağlı, Muğanlı, Keşəli, Ləmbəli, Tüllər, Qazlar (Qazılar). Paldo, Əyrəm və Qarabağlı – Düzəyrəm, Muğanlı və Keşəli – Yor-Muğanlı inzibati vahidlərində birləşib.

Asif Hacılı. Nəriman müəllim, türk məskənləri məşhur soyları, ağaları-bəyləri ilə tanınınb. Qaraçöp də bu baxımdan istisna deyil. Burada mənşəyi qədim türk uruğlarına gedib çıxan soylar, bütün Qafqazda tanınan tayfalar məskunlaşıb. Bu nəsillər bu gün də tanınınr. Bu haqda müşahidələrinizi bölüşərdiz.

Nəriman Əbdürrəhmanlı. Nəsil anlayışı Borçalıda, eləcə də Qaraçöpdə böyük rol oynayır. Qaraçöpdə ta bineyi-qədimnən birinin kimliyini soruşanda deməzlər ki, “kimin oğlusan”, soruşarlar ki, “kimlərdənsən?” O da cavabında deyir ki, “Alməmmədlidən filankəsin oğluyam”, ya da “Təpəbaşınnan filankəsin nəvəsiyəm”. Beləcə, onun soy-kökü, nəsli-nəcabəti bəlli olar. Qaraçöp də ki, ta başlanğıcından nəsillərin çiynində durur, onların adıyla yaşayır, həm də adını yaşadır.

Qaraçöpdə nəsillər çox vaxt onun özülünü qoyanın adını – ayamasını daşıyır. Həm də köklü nəsillərin nə az, nə çox 150-200 il tarixi var. Nədən ki, nəsil olmaq, qol-budaq atmaq 50-60 ilin ili deyil. Həm də nəsillər böyüyürlər, haçalanırlar, yerlərini dəyişirlər, bəzən də öz ilkin adlarını itirirlər, yenilərini qazanırlar. Bu səbəbdən də bu sadalamada öz soy-köklərinin adını tapmayanlar gərək yaddaşlarını qurdalasınlar, nəsil şəcərələrini ipə-sapa düzsünlər. Onda gedib saydığımız köklərin hansınasa rast gələcəklər.

Asif Hacılı. Bəs bu nəsillər hansılardır?

Nəriman Əbdürrəhmanlı. Kəndlər üzrə aşağıdakı nəsilləri göstərə bilərik:

BALDOY: Qaraismeyillər; Qaragözlər; Eyiflər (Eyyublar); Nəcəfuşağı; Seyiduşağı; Cincəfərlər.

ƏYRƏM: Ağasultanlılar; Alməmmədlər; Hacıqəhrəmanlar; Qaraməmədlilər; Əbzərlər (Abuzərlər); Əlləzlər; Məmmədöyü; Mirzəlilər; Mirzəuşağı (İmanqullar); Mollamahmudlar; Pirilər; Sadıxlı, Xaşallı;

QARABAĞLI: Qarapapaqlar; Məmməduşağı, Murğuzlu; Mustafalar; Sarıhüseynlər; Çopuralılar; Usufuşağı (Loylalar).

MUĞANLI: Ateyşilər (Atakişilər); Baxçalılar; Camallılar; Qavıllı; Əhmədallar; Mollahasanlı; Osmanuşağı; Xubannı; Təpəbaşı; Şanıxlı; Zağarlar;

KEŞƏLİ: Barxudarlı; Nəvöyü; Kazımuşağı; Mərdanlar; Mirzallar; Mollaismeyillər; Sofuuşağı; Talıblılar; Təzəxanlar; Xaccavanlar; Xocalar; Hacıbayrayramlar; Hacəhmədli; Çolaqqollar; Şabanuşaöı; Şirinlər.

LƏMBƏLİ: Alxanlılar, Anaşlar, Aşaxatınoğlu, Avdaloğlular, Avışoğlular, Ağqoşalar, Babalar, Bəndoğlular, Deyxanlılar, Dəyirmançoğlu, Dərgahqulular, Dördgözoğlular, Eminoğlular, Əhmədoğlular, Qazıabdullalar, Qayıflılar, Qıllıçarıqlar, Qojalıq, Qaralıq, Qaradöhlər, Qarıvoğlular, Qulleşlər, Həvilləklər, Murğuzlular, Musabalılar, Mələklilər, Mollaəhmədlilər, Məmmədxalıllar, Məhərlər, Muncuqlular, Nazdıoğlular, Xurdauşağı, Xələflər, Salahlılar, Seyrannıq, Cəlillik, Cırtdanlar, Cınqıreylilər, Cıvırlar, Çalbaşlar, Uğurlar, Hacıvəlilər, Hacımusalar, Keçililər, Kosalar, Kündürlər, Karusuflar, Korotarlar, Godaoğlular, Səlmilər, Sabacılar, Seyidoğlular, Şeşələr, Şəmirlilər, Osmanuşağılar, Orucoğlular, Yesirlər (Əsirlər), Yaradanquluoğlular, Yasəmənoğlular, Zebarlar.

TÜLLƏR: Aşırlı; Vəliluşağı; Qarausuflu; Deyxannı; Dünyamallar; Yarıflı; Yedyarlı; Eşşəkgötürənlər*; İsaxlar, Gülgəzuşağı; Leylilik; Mirzələr; Mollamusalar; Nəsibli; Pəmbəkli; Hacöyü.

QAZILAR: Xeyirxavarlı,      Cuvarlı, İsaballar,       Camaluşağı,    Hacımusalar,  Kazımuşağı, Şərifuşağı, Şəmirli.

Geniş şəcərəyə malik olan məşhur Yadigarlı nəsli də 1850-ci illərdə Borçalı mahalının  Təkəli kəndindən (Sarvan, İndiki Marneuli rayonu) köç edərək Qaraçöpdə məskulaşıb. Bu nəslin iki yaxın qohumu Yusif Yadigarlının atası ilə Hacı Kərim və Molla Xəlil Yadigarlının atası Nurməhəmməd Yadigarlı 1850-cü illərin əvvəlllərində Sarvanın Təkəli kəndindən Qaraçöpə köçərək böyük torpaq sahələrində özlərinə dam tikiblər. Təkəlidə böyük var-dövlət sahibi olan nəslin Qaraçöpə gələn bəylərin atası çar ordusunun zabiti, general-leytenant İsrafil bəy Yadigarovun atası Mustafa bəylə  əmiuşağı olublar. Çar Rusiyası dövründə Gürcüstanda Sınıq körpüdən Ermənistanın Çübüqlu yaylağınadək bütün ərazilər kəndlərlə birgə Yadigarovların ixtiyarında olub.

Ardı var