Ömər Faiq Nemanzadə: milli ideoloq, maarifçi ədib, vətənpərvər dövlət xadimi

YAP imzatoplama kampaniyasına start verib
Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib
İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib

Ömər Faiq Nemanzadə – türkçü ideoloq, milli ədib, maarifçisi pedaqoq, vətənpərvər dövlət xadimi… Ahıska Atabəyliyinin və Ahıska Paşalığının, sonrakı Ahıska qəzasının Azqur kəndində anadan olmuş, təhsilini Türkiyədə almış, həyatını türklüyə qurban vermiş millət fədaisi… və ictimai şüurumuzda, təhsilimizdə, elmimizdə layiqli yerini almamış, 150 illiyi haqqında cənab Prezidentin qədirbilən sərəncamı ilə əziz xatirəsi tarixi yaddaşımıza qaytarılmış bayraq şəxsiyyət…   

Ömər Faiqin müasir nəslə örnək olan şərəfli ömrünün qayəsini vətən sevgisi, millətə xidmət, xalqın istiqlalı və birliyi təşkil edir. Milli kimliyi insanın, toplumun ali dəyəri hesab edən Ömər Faiq öz kökünə biganə olan soydaşlarına deyir: “öz soy və mil­lə­ti­ni ta­nı­ma­maq, da­ha doğ­ru­su, özü­nü bil­mə­mək ən bö­yük gü­nah­lar­dan, si­lin­məz lə­kə­lər­dən bi­ridir­” və bu yara “mil­lə­ti­mi­zin vü­cu­du­nu, tür­klük var­lı­ğı­nı ya­vaş-ya­vaş gə­mi­rib, yox edir”…

Ömər Faiq ürək ağrısı ilə “ki­çik mil­lət­lə­rin, xü­su­si­lə məh­kum mil­lət­lə­rin öz var­lıq­la­rı­nı, öz hü­quq­la­rı­nı sax­la­maq id­di­a­sı ilə bu qə­dər qan tö­kü­lən bir vax­tda…  hər kəs öz mil­lə­ti­ni ta­nı­yıb onun yo­lun­da ağ­la­dı­ğı, onun yo­lun­da gö­zü­nü kor et­di­yi böy­lə bir hən­ga­mə­də biz öz mil­lə­ti­mi­zi sev­mək de­yil, onun hət­ta qu­ru adı­nı da bil­mə­yib or­ta­da şa­şıb qal­mı­şız. Çox­dan çü­rü­müş əqi­də­lər, tə­ri­qət­lər tir­yə­ki­si­nin bey­ni­mi­zə ver­di­yi sər­səm­lik­lə hər­lə­nib du­ru­ruz” deyə öz acı qənaətini bildirir və çarizmin sarsıtmağa çalışdığı milli şüuru oyatmağa, xalqı cəhalətdən, təriqət və yerliçilik mərəzindən qurtarmağa çalışır.

Lakin Ömər Faiq xalqına yalnız ideoloq kimi xidmət etmir, həm də maarifpərvər pedaqoq olaraq savadı, biliyi, təhsili, maarifçi mətbuatı milli varlığın təməli kimi önə çəkir: “…bu gün ancaq hər qüvvətin, hər xa­hi­­­­­şin, hər fik­­rin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik”.

 İstambulda təhsil alıb təbiət elmlərini mənimsəmiş Ömər Faiq maarifçilik ideallarını pedaqoji fəaliyyətində gənclərə aşılayır.  1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs deyir. Burada M. F. Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah cadükuni-məşhur” pyesini səhnələşdirir. Səfərləri zamanı Qafqazda türk xalqının milli təhsildən məhrum olduğunu, məktəblərin acınacaqlı vəziyyətini görüb hər vəchlə təhsilin səviyyəsini qaldırmağa, şagirdlərə dünyəvi fənləri və ana dilini öyrətməyə çalışır. Türk dilində məktəbin açılmasına icazə verilmədiyindən, məscid nəzdindəki məktəbdə dini dərslərin hesabına dünyəvi fənlərin və ana dilinin həcmini artırır.  Sovet dövründə Gəncə Ziraət Texnikumunun direktoru, Azərbaycan SSR Xalq Maarif Komissarlığında işləyir.

Milli maarifçilik ideyaları Ömər Faiqin naşir və mətbuat xadimi, ədib və publisist kimi fəaliyyətinin də məqsəd və məramını təşkil edir. Sahibi olduğu “Qeyrət” mətbəəsi, həmtəsisçisi olduğu “Molla Nəsrəddin”, redaktoru olduğu  “Zəhmətkeşlərin gözü” jurnalları, əməkdaşlıq etdiyi “Şərqi-Rus”, “Yeni fikir”, Həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni İqbal”, “Açıq söz” qəzetləri vasitəsi ilə  milli amallarını yayır.  

Ömər Faiq milli varlığın qaynağı hesab etdiyi ana dilinə də xüsusi əhəmiyyət verir, onu qorumağa, yaşatmağa çağırır: “Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, Millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir”…   

Tale elə gətirib ki, Ömər Faiq Nemanzadə Qafqaz türkləri tarixinin ən acınacaqlı dövrünün, xaçpərəst imperiyalarının işğalçı “Şərq məsələsi”ni həll etmək üçün islam aləminə qarşı hərbi müdaxiləyə başladıqları və bu məqsədlə erməni kimi dönük toplumlardan istifadə etdikləri dövrün şahidi və Cənubi Qafqazda türk qurtuluş hərəkatının başqanlarından biri, xalqı təşkilatlandıran, ilk türk cümhuriyyətini yaradan görkəmli dövlət xadimi olub.

XX əsrin əvvəllərindən çar qoşunlarının və erməni törətdiyi kütləvi qırğınlar Cənubi Qafqazda, o cümlədən Ahıskada və Borçalıda xüsusilə şiddətlənir. Türkiyəyə qaçqın axını artır. Ömər Faiq Ahıska qaçqınlarına yardım üçün 1916-cı ildə ianə təşkil edir, Hacı Zeynalabdin əhaliyə maddi yardım göstərir. Bu ölüm-dirim məqamında Ahıska və Borçlıda, Qərbi Azərbaycanda yerli türk əhalisinin şanlı hürriyyət və istiqlal mücadiləsi, azadlıq, şərəf, ləyaqət uğrunda  mübarizəsi başlayır. Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Borçalıdan Kəpənəkçi Emin ağa Acalov, Darvazlı Mehralı Bəy və bir çox başqaları xalqa öndərlik edir.

Bu dövrdə erməni terroru gürcülərə qarşı da yönəlir. Vəziyyətin gərginliyi türkləri və gürcüləri 1917-ci ilin yayında Tiflisdə kəndlilərin qurultayında erməni terroruna qarşı Gürcü Müsəlman İttifaqı yaratmağa məcbur edir. Erməni fitnələri o qədər şaxələnir ki, 1918-ci ilin axırı – 1919-cu ilin əvvəlində artıq Ermənistanın dövlət səviyyəsində Gürcüstana qarşı işğalçı müharibəsi başlayır.

Ermənilər tərəfindən soyqırım təhlükəsi ilə üzləşmiş türk-müsəlman əhalisi təşkilatlanır, siyasi və özünümüdafiə tədbirləri görür. Bu amacla yerli hökumətlər, o cümlədən «Ahıska hökuməti-müvəqqətəsi», «Borçalı-Qarapapaq Hökuməti» kimi türk respublikaları elan olunur.

Cənubi-qərbi Qafqazda ilk türk respublikası olan «Ahıska hökuməti-müvəqqətəsi» (29 oktyabr 1918 – 30 noyabr 1918) türk ordusu Ahıska-Axılkələkdən çıxarılacağı ərəfədə qurulmuşdu və hökumət rəisi Ömər Faiq Nemanzadə seçilmişdi. Türk qoşunu bu ərazidən çıxmağa məcbur olduqdan sonra Ahıska liderləri Ömər Faiq, Osman Sərvər Atabəy və Dikanlı Hafiz bəy azsaylı könüllülərlə Ahıska və Axılkələkdə düşmənlə üz-üzə qalır. Ahıska respublikasının rəhbərləri vilayətin istiqlaliyyəti yolunda mühüm işlər görür. 1918-ci ilin 30 noyabrında isə digər yerli hökumətlər kimi, mərkəzi Qarsda olan, Naxçıvandan Batuma qədər türk əhalisini erməni-gürcü işğalına qarşı birləşdirmək istəyi ilə yaranmış Cənubi-qərbi Qafqaz Cümhuriyyəti – «Milli Şura hökuməti» birliyinə qoşulur. «Ahıska hökuməti – müvəqqətəsi»nin rəisi olan Ömər Faiq Nemanzadə həm də Cənubi-qərbi Qafqaz Cümhuriyyətinin Nazirlər Şurasının sədri seçilir.

Lakin bir müddət sonra, 1919-cu ilin 12 aprelində ilk rəisi Borçalıdan Kəpənəkçi Emin ağa olan Cənubi-qərbi Qafqaz Cümhuriyyəti ingilislər tərəfindən dağıdılır. Qars işğal olunur və ingilislərin arxasınca, 30 apreldə şəhərə ermənilər daxil olur…

Bundan sonra Ömər Faiq millətçi ittihamı ilə Gürcüstan Respublikası tərəfindən üç dəfə həbs edilir. 1919-cu ildə Bakıya gələrək, polis idarəsində işləyir. 1920-ci ildə Gürcüstana qayıdır, mətbuatda çalışır, Gürcüstanın İnqilab Komitəsinin üzvü və Müsəlman İşləri Üzrə Şuranın ilk sədri işləyir.

1927-ci ildə təqaüdə çıxıb “Xatirələrim” adlandırdığı memuarı üzərində işə başlayır. Ancaq 1937-ci ildə Ahıska prokuroru erməni Odabaşyanın sanksiyası ilə həbs olunaraq həmin ilin 10 oktyabrında “Üçlük” tərəfindən güllələnir. Ömər Faiq Nemanzadənin qətlinə 1937-ci ildə qərar vermiş Kobulov 1944-cü ilin oktyabrında Ahıska türklərinin bu gün də davam edən sürgünü ilə bağlı Beriyaya belə bir müraciət göndərir ki, Özbəkistan nəzərdə tutulan 30.000 əvəzinə 50.000 nəfər türkü qəbul etməyə hazırdır…  

Ahıskadan, Borçalıdan, Qərbi Azərbaycandan sürgün edilən türklərin  və bu prosesdə əsas amillərdən olan ermənilərin xarakterini və Gürcüstana münasibətini bəzi faktlar aşkarlayır:  1944-cü ildə doğma yurdundan sürgün edilən türklərinin əcdadları 1918-ci ilin dekabrında Gürcüstana xaincəsinə hərbi təcavüz etmiş işğalçı Ermənistan ordusu ilə Anaxatır çayının sahilindəki həlledici döyüşdə, 1921-ci ildə bolşeviklərlə silahlı toqquşmada gürcü qardaşları ilə çiyin-çiyinə olub, ümumi vətəni qoruyublar.

     1990-95-ci illərdə Abxaziyada konflikt zamanı ermənilər Baqramyan adına batalyon yaradıb öz dindaşları olan gürcülərə qarşı amansızcasına döyüşəndə, mülki gürcü əhalisini qətl edəndə, işgəncələr verib, təhqir və qarət eləyib, yurdlarından didərgin salanda Gürcüstanda yaşayan türklər – Ömər Faiq Nemanzadənin, Kəpənəkçi Emin Ağanın, Gürcüstana sadiq mərd ağaların, bəylərin, sadə türklərin nəvələri, azərbaycanlılar və Ahıska türkləri özlərinə qardaş bildikləri gürcülərlə birlikdə Gürcüstanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüblər. Həmin dövrdə rəsmən Gürcüstana buraxılmayan və bu ölkənin vətəndaşı olmayan Ahıska türklərinin 25 gənci müxtəlif yerlərdən gələrək, Kutais qarnizonunda 2 il nümunəvi xidmət etmiş, öz vətənləri hesab etdikləri Gürcüstanın ərazi bütövlüyü uğrunda, o cümlədən ermənilərin Baqramyan batalyonuna qarşı vuruşublar və bu türk gənclərinin şücaətini ölkə prezidenti E.Şevardnadze öz çıxışında qeyd etmişdir (Bax: Месхофобия – болезнь нравственности // «Моя родина – Грузия», Тбилиси, ноябрь, 2001, №4, с.13).

Ömər Faiq də bəşəri dəyərlərə sadiq olmuş, aqressiv millətçi olmamış, xalqların həmrəyliyinə, gürcülərlə türklərin, xristianlarla müsəlmanların dostluğuna, vətəndaş həmrəyliyinə çalışmışdır. Lakin sovet rejimi tərəfindən həbs olunaraq güllələnmiş Ömər Faiq 1958-ci ildə bəraət alsa da yaradıcılığı keçən əsrin 80-ci illərindən öyrənilməyə başlanıb, hazırda bu proses xeyli canlanmışdır. Adı Bakı küçələrindən birinə verilmiş Ömər Faiq Nemanzadənin milli idealları bu gün xalqımızın öz milli irsinə sahib çıxmasında, Gürcüstan və Azərbaycanın müttəfiqliyində, Türkiyə-Azərbaycan qardaşlığında və işğal olunmuş ərazilərimizin azad edilməsində öz təsdiqini tapır.

ASİF HACILI,
Filologiya elmləri doktoru, professor