Xəzər dənizi geri çəkilir – Lənkəranda illərdir suyun altında qalan qədim ağac qalıqları üzə çıxdı 

Londonda müstəqilliyin bərpasının 30-cu ildönümü və Vətən müharibəsindəki qələbənin ilk ildönümü qeyd olunub
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib

Son illərdə Xəzər dənizində suyun geri çəkilməsi Lənkəran rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Buna səbəb kimi bölgədə yağıntıların azalması, buxarlanmanın artması, habelə çay axınlarının zəifləməsi göstərilir. Bu proses təkcə Lənkəranda deyil, Xəzər hövzəsinin digər sahil zolaqlarında da müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dənizin suyunun azalması nəticəsində Lənkəran sahillərində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu müəyyənləşib.

Mütəxəssislər Xəzər dənizində suyun geri çəkilməsinin bir neçə səbəbinin olduğunu bildirirlər. Bu prosesin əsas amillərindən biri qlobal istiləşmənin yaratdığı intensiv buxarlanmanın artmasıdır.

Ekoloq Nazim Məmmədov deyir ki, müxtəlif illərdə müşahidə olunan dəniz suyunun kəskin azalması sonradan su səviyyəsinin artması ilə əvəzlənib: “Ümumilikdə, Xəzər dənizi beş ölkənin əhatəsində yerləşir və bu ölkələr hər il ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həm maarifləndirici, həm də praktiki tədbirlər həyata keçirirlər. Son on ildə dəniz səviyyəsində müşahidə olunan enmə bu sahədə narahatlıq doğuran əsas məsələlərdən biridir. Səviyyənin aşağı düşməsi həm bölgənin coğrafi-iqlim xüsusiyyətləri, həm də fiziki amillər – xüsusilə də buxarlanmanın artması ilə bağlıdır. Bununla yanaşı, Xəzəri qidalandıran çay və göllərdə suyun azalması prosesi daha da sürətləndirir. Nəticədə, yaranan vəziyyət həm qlobal, həm də regional ekoloji problem kimi qiymətləndirilir”.

Xəzər dənizinin tədricən geri çəkilməsi illərdir suyun altında qalmış qədim meşə qalıqlarını, köhnə tiklilərin bünövrələrini də üzə çıxarıb. Bir vaxtlar mövcud olmuş bu yaşıllıq zolağı illərlə Xəzər sularının altında qalmasına baxmayaraq, bioloji eroziyaya tam məruz qalmayıb.

“Lənkəran bölgəsində, xüsusilə sahilboyu ərazilərdə vaxtilə mövcud olmuş meşə zolaqlarına aid endemik ağac növlərinin kök sistemləri və iri gövdə qalıqları bu gün də üzə çıxır. Bu da onu deməyə əsas verir ki, ərazidə bir vaxtlar geniş palıd meşələri mövcud olub.

Aparılan müşahidələr həmin ağacların 200–300 illik tarixə malik olduğunu göstərir. Bu qədim meşə zolaqları təkcə eroziyanın qarşısını almaqda deyil, həm də ərazinin ekoloji tarazlığının qorunmasında mühüm rol oynayıb. Belə təbii örtük Lənkəranın ekologiyasının və coğrafi mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərib”, – deyə ekoloq əlavə edib.

Mütəxəssislər bildirirlər ki, Lənkəran ərazisi keçmişdə sıx və zəngin meşə örtüyünə sahib olub. Üzə çıxan bu cür qədim ağac qalıqlarının qorunması həm bölgənin tarixi təbiət irsinin öyrənilməsi, həm də gələcək nəsillər üçün ekoloji davamlılığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də sahilboyu ekosistemlərin bərpası və mühafizəsi istiqamətində araşdırmaların və praktiki tədbirlərin gücləndirilməsi vacib sayılır.

AZƏRTAC