Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 6 aprel 2016-cı il tarixində Ağ Evin rəsmi saytında başladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyaya imza toplama kampaniyası 30 gün ərzində davam edib və 6 may tarixində başa çatıb. Bu müddət ərzində petisiyaya 330 mindən artıq insan imza atıb.
Qaydalara uyğun olaraq, Ağ Ev və ya Dövlət Departamenti 1 ay müddətində petisiyada edilmiş çağırışa münasibət bildirməlidir. Odur ki, hazırda petisiya ilə bağlı Obama Administrasiyasının verəcəyi cavabı gözləyirik.
ABŞ-a müraciət etməyimizin səbəbi sadədir. ABŞ dünyanın ən güclü dövlətidir, özünü dünyada demokratiyanın carçısı, beynəlxalq təhlükəsizliyin qarantı kimi təqdim edir. ABŞ BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.
Ağ Evin petisiyaya bildirəcəyi münasibət bu ölkənin supergüc mərkəzi kimi demokratiyanın inkişafının, beynəlxalq təhlükəsizliyin və beynəlxalq hüquq normalarının qorunub saxlanılmasının qarantı kimi nümayiş etdirəcəyi münasibətin nə dərəcədə obyektiv olacağına şahidlik edəcəyik. Petisiya Ağ Ev Administrasiyasının rəsmi internet resursundadır və bu sayta daxil olan nəinki Amerikadan, hətta bütün dünyadan çoxsaylı ziyarətçilər Azərbaycan xalqının bu çağırışları ilə tanış olur. AŞPA kimi böyük bir beynəlxalq qurumun da rəsmi sənədlə təsdiqlədiyi bu faktlar bütün dünyanın diqqətindədir və ABŞ-ın bu petisiyaya cavabı həm də onun dünyadakı imicinə təsir göstərə bilər. Çünki ABŞ-ın bu müraciətimizə cavabı həm də demokratiya carçısının mahiyyətini açacaq.
Bildiyiniz kimi, bu petisiyada iki mühüm məqam vurğulanır:
– Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalı faktı və torpaqların işğaldan azad edilməsinə dəstək verilməsi çağırışı. Petisiyada istinad etdiyimiz AŞPA-nın 2085 saylı qətnaməsi bu vaxtadək torpaqlarımızın işğaldan azad edilməsini ləngidən mühüm bir amili sıradan çıxardı. Ermənistan dövləti rəsmən işğalçı kimi tanındı və bundan sonra qondarma “Dağlıq Qarabağ” danışıqlarda tərəf kimi təqdim oluna bilməz. Bu səbəbdən ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu petisiyaya veriləcək cavabında torpaqlarımızın işğaldan azad olunmasında nə dərəcədə maraq göstərdiyi açıq-aydın görünəcək.
– Sərsəng su anbarının hazırki durumunun böyük fəlakətlə nəticələnə biləcəyi və bu fəlakətin qarşısının alınmasına dəstək çağırışı. AŞPA-nın 2085 saylı qətnaməsinin qəbul edilməsindən sonra baş verə biləcək bu fəlakətə görə məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür, bu petisiyadan sonra isə ümidvarıq ki, ABŞ bu fəlakətin qarşısının alınması üçün öz konkret rəyini bildirəcəkdir. Bu çağırışımıza məhəl qoyulmayaraq, bu fəlakətin qarşısının alınmasına dəstək verilməyəcəyi halda, fəlakət nəticəsində baş verə biləcək humanitar böhrana görə bütün beynəlxalq aləm məsuliyyət daşıyacaq.
Nəzərə almalıyıq ki, ABŞ 47 Avropa ölkəsini özündə birləşdirən AŞPA-nın 45 üzv ölkəsinin (Rusiya sanksiyalarla bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əksinə səs verib) səsverməsi nəticəsində qəbul edilmiş 2085(2016) saylı qətnaməyə münasibət bildirməklə həmçinin Avropa Şurasında qəbul edilmiş qərarlara münasibətini nümayiş etdirmiş olacaq.
Göründüyü kimi, ABŞ-ın petisiya ilə bağlı nümayiş etdirəcəyi münasibət çoxplanlı xarakter daşıyacaq. İnanmaq istərdik ki, ABŞ rəsmiləri qeyd edilən aspektləri nəzərə alacaq və bu çağırışa cavab xatirinə cavab verməyəcək. Biz reallığın nəzərə alınacağına və petisiyaya obyektiv və dolğun münasibət bildiriləcəyinə ümid edirik.
Elxan Süleymanov, AVCİYA prezidenti
https://apa.az/dagliq_qarabag/avciya-nin-petisiyasina-abs-in-munasibeti-nece-olacaq-meqale.html