(26.6.1956, Neftçala r-nunun Həsənabad q. – 6.8.1992) – Azərbaycanın Milli Qəhrəmanı (14.9.1992, ölümündən sonra).
1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır.
1980-cı ildə təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmış və istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Onun ekipajı dəfələrlə sərhəd bölgələrinə uçuşlar edib, düşmənin xeyli canlı qüvvəsini və texnikasını raket zərbələri ilə darmadağın etmişdir.
Z.Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-da Zakir yenidən ermənilərin Kasapet yüksəkliyindəki üç mövqeyini susduraraq geri dönür. Cəsur komandir dördüncü dəfə havaya qalxır… Dəfələrlə zərbələrə məruz qalan düşmən Mİ-24 vertolyotunu nəzarətdə saxlayırdı. Düşmən tərəfindən atılan raketlərdən biri vertolyotu müvazinətdən çıxarır. Cəsur pilot qüvvəsini nə qədər toplasa da, vertolyot düşmən əlində olan əraziyə düşür. Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 185