
Bu gün Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş media forumu öz işinə başlayır.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən 60-dan artıq nümayəndə iştirak edəcək. Forumda Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Vüqar Əliyev təmsil edir.
Media forumu OANA-nın “Tarix və inkişaf: Asiya-Sakit okean regionunda 65 illik informasiya mübadiləsi” adlı fotosərginin açılışı ilə başlayacaq.
Daha sonra “OANA: 65 illik təcrübə. Davamlı media cəmiyyətinin yaradılması, Təşkilatın regionun gələcək informasiya məkanının formalaşmasında rolu” mövzusunda plenar iclas keçiriləcək. İclasda TASS agentliyinin, Rusiyanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin xarici informasiya agentliklərinin rəhbərləri çıxış edəcəklər.
Forum çərçivəsində üç panel sessiyası keçiriləcək. Sessiyalarda dezinformasiyanın və saxta xəbərlərin yayılmasına qarşı mübarizə üsulları, mediada süni intellektdən istifadənin metodologiyası və etikası, həmçinin peşəkar standartların və informasiya məzmununun keyfiyyətinin qorunması strategiyaları müzakirə olunacaq.
Media forumu “OANA Awards” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə başa çatacaq.
Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində sentyabrın 20-də Moskvada OANA İcraiyyə Komitəsinin iclası keçirilib.
OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas məqsədi dünya əhalisinin yarıdan çoxunun yaşadığı Asiya-Sakit okean regionunda informasiya agentlikləri arasında xəbərlərin birbaşa və sərbəst mübadiləsini təmin etməkdir. Hazırda dünyanın ən böyük regional media təşkilatı 33 ölkənin 41 informasiya agentliyini birləşdirir. 2025–2028-ci illərdə OANA-ya TASS sədrlik edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva