
Qax şəhərinin İçəribazar ərazisində rayonun turizm potensialını, mədəni irsini, sənətkarlığını və zəngin qastronomiyasını bir arada təqdim edən ilk “Şən Bazar” festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən festivalda Qax rayonu ilə yanaşı, qonşu rayonların fermerləri və sənətkarları da iştirak ediblər.
Festivalın keçirildiyi İçəribazar tarixi ənənələri qoruyub yaşadan məhəllədir. Tarixən bu məkan yalnız Qax sakinlərinin deyil, həm də buradan keçən tacirlərin əsas alış-veriş ünvanlarından biri olub. Maraqlı məqamlardan biri də yerli sakinlərin bəzən bu məhəlləni Bakının İçərişəhəri ilə müqayisə edərək onun əhəmiyyətini xüsusi vurğulamasıdır.
Qeyd edək ki, Qax şəhərinin mərkəzində yerləşən, XVIII əsrin birinci yarısında salınmış və xalq arasında “İçəribazar” adlandırılan məhəllə bu gün də yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Payız günlərində İçəribazar məhəlləsi növbəti dəfə canlanaraq qapılarını çoxsaylı ziyarətçilərin üzünə açmışdı. Tarixi məhəllənin möhtəşəm qapılarından daxil olan kimi sağda və solda festival iştirakçılarının öz məhsullarını nümayiş etdirdikləri stendlər diqqəti cəlb edirdi.
Qax rayonunun iqtisadiyyatında aqrar sektor əsas yer tutsa da, burada sənətkarlığa və ənənəvi peşələrə maraq da az deyil. İlk dəfə təşkil olunan festivalda kənd təsərrüfatı məhsulları ilə yanaşı, müxtəlif əl sənətləri nümunələri də nümayiş etdirilirdi.
Rayonda fəaliyyət göstərən qadın kooperativinin rəhbəri Dilarə Əhmədova festivala geniş nümayəndə heyəti ilə qatılıb. O, kooperativ üzvlərinin ev şəraitində hazırladıqları müxtəlif ərzaq məhsullarını təqdim edirdi.
Kooperativ rəhbərinin sözlərinə görə, belə tədbirlər, sərgilər və festivallar qadınların öz məhsullarını tanıtması və satışını təşkil etməsi üçün əlverişli imkan yaradır. “Kooperativimizin üzvü olan qadınlar bir neçə kənddə yaşayır və onların hər biri müxtəlif kənd məhsulları hazırlayır. Məhsullarımızın təbii və orqanik olması onlara marağı artırıb və xeyli alıcı qazandırıb”, – deyən Dilarə Əhmədova yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib.
Məryəm Dursunovanın əl işləri də festival iştirakçılarının diqqətini cəlb edirdi. O, əl sənəti ilə məşğul olmağa bu ilin əvvəlindən başlayıb. Lakin zəhmətkeşliyi və işinə məsuliyyətlə yanaşması qısa müddətdə tanınmasına və müxtəlif festivallara dəvət almasına şərait yaradıb. Məryəm xanım indiyədək bir neçə festivalda iştirak edib. “İlk əl işlərimi iki ay əvvəl keçirilən “Qax günləri” festivalında təqdim etmişəm. O zaman bir qədər tərəddüd edirdim. Lakin ötən müddətdə daha bir neçə sərgi və müsabiqədə iştirak edərək həm təcrübə qazandım, həm də tanındım”, – deyən Məryəm Dursunova əl işlərinə marağın getdikcə artdığını bildirib.
Festivalda Qaxla yanaşı, Şəkidən də müxtəlif sənət sahələrini təmsil edən iştirakçılar vardı. Onların arasında Şəki kəlağayısını və ipəyini təbliğ etməsi ilə tanınan Ruhiyyə Rəhimova da olub. “Festival ilə bağlı Şəki Regional Turizm İdarəsindən dəvət alanda məmnuniyyətlə qəbul etdik. Bildiyiniz kimi, Şəki tarix və mədəniyyət mərkəzlərindən biri kimi ilin bütün fəsillərində çoxsaylı qonaqlar qəbul edir. Son vaxtlar Qax rayonunda da bu istiqamətdə işlərin aparılması çox sevindiricidir. İçərisində olduğumuz İçəribazar məhəlləsinin ab-havası və memarlığı bizi keçmişə aparır. Sevindirici haldır ki, Qaxa gələnlərin sayında da xeyli artım müşahidə olunur. Cəmi bir neçə saat ərzində pavilyonumuza yaxınlaşan insanlarla söhbətlərimizdən məlum olur ki, onların bir çoxu festivala qatılmaq üçün gəlib”, – deyə Ruhiyyə Rəhimova bildirib.
Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda rayonun zəngin mədəni irsi, milli sənətkarlığı, yerli qastronomiyası və musiqi ənənələri təqdim olunub. Tədbirin əsas məqsədlərindən biri Qaxın turizm və mədəni irs potensialını tanıtmaq, yerli sənətkar və sahibkarların fəaliyyətini dəstəkləmək olub.
Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikovla söhbətimiz də bu istiqamətdə davam edib. “Festivallar bölgənin, turizm destinasiyalarının və bütövlükdə turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Belə tədbirlərdə yerli sənətkarlıq nümunələri qonaqlara əyani şəkildə nümayiş etdirilir, qastronomik məhsullar hazırlanaraq ziyarətçilərə təqdim olunur, müxtəlif istiqamətlər üzrə ustad dərsləri keçirilir. Hesab edirəm ki, Qax rayonu regionumuzun əsas turizm mərkəzlərindən biridir və qarşıda böyük perspektivləri var. Bu festivalı payız mövsümündə təşkil etməklə yerli və xarici qonaqlara bir daha göstərmək istəyirik ki, bölgəmiz ilin bütün fəsillərində böyük turizm potensialına malikdir”, – deyə Şahin Məlikov bildirib.
İdarə rəisinin sözlərinə görə, festival çərçivəsində ziyarətçilər Qaxın tarixi-mədəni irsi ilə tanış olub, yerli sənətkarların əl işlərinə baxıb, canlı sənətkarlıq nümayişlərini izləyib, ustad dərslərində iştirak edib, bölgəyə məxsus təamları dadıb, müxtəlif mədəni və musiqi proqramlarına qatılıblar.
Beləliklə, festival Qaxın turizm və mədəni irs potensialının tanıdılmasına, yerli sənətkar və sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də tarixi İçəribazar məkanının sosial və turizm baxımından daha da canlandırılmasına xidmət edib.
Şahin Məlikov əlavə edib ki, gələcəkdə bölgənin digər rayonlarında da ilin müxtəlif fəsillərini əhatə edən bu cür festivalların təşkili nəzərdə tutulur.
Müxbir – Rasim İslamoğlu







