Qərbi Azərbaycanda tarixi abidələrimiz – Avan məbədi

Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
Müdafiə Nazirliyi: “Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb”
Sərhəddə COP29 vizası ilə gələn əcnəbilər üçün yoxlanış 45, Azərbaycan vətəndaşları üçün 30 saniyə nəzərdə tutulub

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Avan qədim alban-xristian məbədi İrəvan xanlığının Qırxbulaq mahalının Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun kənarında, Alagöz dağının ətəyində yerləşir. Ərazi 1939-cu ildən Kotayk rayonu, 1961-ci ildən isə Abovyan rayonu adlandırılıb. Məbəd 592–598-ci illərdə tikilib. Xüsusilə sovet dövründə – 1940-1941-ci, 1956-1966-cı və 1968-ci illərdə ermənilər tərəfindən “bərpa” edilərkən onun ilkin memarlıq üslubuna yad olan bir çox erməni elementləri əlavə olunub, məbədin divarlarına erməni dilində saxta kitabələr yerləşdirilib.

Məbədin hansısa qədim bir məbədin özülləri üstündə inşa olunması ehtimal olunur. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılması da bunu sübut edir.

Tədqiqatlarda məbədin üstündə biri – mərkəzdəki böyük, digərləri isə onun ətrafında kiçik olmaqla vaxtilə beş günbəz olduğu göstərilir. Məhz bu səbəbdən də Avan bazilikası beş günbəzi olan ilk məbəd hesab edilir. Bazilikanın üstünün səkkizüzlü piramida şəkilli örtüklə tamamlanması güman olunur. Məbədin dörd yarımdairəvi apsisi olub və daxildən məbədin üç küncündə üçbucaq şəkilli kiçik hücrələr yerləşdirilib.

Binanın alçaq arkalı girişi qərb divarında yerləşməklə ətrafı incə naxışlı kəmərlə haşiyələnib. Şimal tərəfdə isə başqa, daha kiçik bir giriş qapısı vardır.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) kəndin “İsmayıl vələdi Abdullah” adlı mülkədara məxsus olduğu və əhalisini Qaracalar türk tayfasının təşkil etdiyi qeyd edilir.

İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən Avan kəndində bir nəfər də erməni olmamış, kənddə ancaq azərbaycanlılar yaşamış, onlar da ərazinin işğalından sonra kəndi tərk etmişlər. Qədimdən türk tayfalarının vətəni olan Avan kəndinə ilk ermənilər 38 ailədə 174 nəfər (91 kişi, 83 qadın) olmaqla 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər.

Ermənilərin “Avan” toponiminin ermənicə olması iddiasının heç bir elmi əsası yoxdur. Türk coğrafiyasında geniş yayılmış bu toponim eramızdan əvvəl VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı qeydə alınmış Aban türk tayfasının adını daşıyır.

AZƏRTAC