
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Dvin – İrəvan xanlığının Gərnibasar mahalının Dvin kəndinin xarabalıqlarında aşkar edilmiş qədim saray və məbəd qalıqlarıdır. Kənd 1930-cu il sentyabrın 9-dan Qəmərli, 1945-ci il sentyabrın 4-dən isə Artaşat rayonu ərazisinə daxil olub.
Fars və erməni mənbələrində Dvin, ərəb mənbələrində Dəbil, yerli azərbaycanlı əhalinin dilində isə Düyün adlandırılıb.
350-ci ildə salınmış Dvin şəhərində yerləşən, ölçüləri 22 x 43 metr olan məbəd 572-ci ildə Sasani farsları tərəfindən dağıdılıb, VII əsrin əvvəllərində isə yenidən tikilib.
Dvinin əsl sakinləri olan qıpçaq türkləri IV yüzildə xristianlığı qəbul etmiş, 450-ci ildə xristianlıqdan imtina etmiş, təzədən öz əvvəlki dinlərinə qayıtmışdılar.
893-cü il zəlzələsi zamanı məbəd, 1236-cı ildə monqol-tatar hücumları zamanı isə Dvin şəhərinin özü tamamilə yerlə-yeksan edilib.
İrəvan xanlığı 1827-ci il oktyabrın 1-də çar Rusiyası tərəfindən işğal olunarkən burada bir nəfər də erməni olmayıb, kənddə 15 ailədə 51 nəfər (32 kişi, 19 qadın) azərbaycanlı qeydə alınıb. Dvin kəndinə ilk ermənilər 36 ailədə 132 nəfər (68 kişi, 64 qadın) olmaqla 1828-1829-cu illərdə İrandan köçürülüb gətiriliblər.
AZƏRTAC