İsmayıl Rafiqoğlu: “Texnologiya və gündəm o qədər sürətlə dəyişir ki, bir təlim o birisini təkrarlamır”

Əli Əsədov: “Abşeron” yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

Suallarımızı Report Media Məktəbinin rəhbəri və təlimçisi, media eksperti İsmayıl Rafiqoğlu cavablandırdı.

– İsmayıl müəllim, Report Media Məktəbi haqqında çox qısa məlumat verməli olsaydınız, ilk növbədə hansı məqamlara diqqət çəkərdiniz?

– Report Media Məktəbi 2018-ci ildə yaradılıb. Layihənin məqsədi ölkə mediasında çalışmaq istəyən gənclərə praktik jurnalistika vərdişləri aşılamaqdır. Media məktəbində kifayət qədər sanballı bir proqram hazırlanıb. Burada əsas istiqamət olaraq xəbər və xəbərçiliyin tədrisinə üstünlük verilir. İstənilən görüntüdə, səs yazısında və ya mətndə xəbər yükü olan məlumatı tapmaq bizim tələbələrin gördüyü işlərdən biridir.  

– Yeri gəlmişkən, necə oldu ki, Siz bu layihədə çalışmağa başladınız?

– Bu layihənin maraqlı bir yaranma tarixçəsi var. “Report” İnformasiya Agentliyinin rəhbərliyi kadr hazırlığı sahəsində boşluğu görüb məni bu layihədə çalışmağa dəvət etdi. O zaman baş redaktor vəzifəsində çalışan Murad Əliyevi şəxsən tanıyırdım. Görüş zamanı dedi ki, bu işin öhdəsindən gələ biləcəyinə əminəm. Mənim o dövrə kimi həm praktik jurnalistikada, həm də təlimçilik işində təcrübəm vardı. Bir sözlə, işin yalnız ümumi detallarından danışdıq. Qalan işlər elə birbaşa özümə həvalə edildi.

– Media məktəbi yaradılarkən hansı xarici analoqların təcrübəsindən istifadə edilib?

– Açığı, təlim proqramlarında iştirakım olsa da, media məktəbi necə yaratmaq barədə təsəvvürüm yox idi. Axı heç kim dəqiq bilmir ki, belə bir layihəni necə reallaşdırmaq olar. İnformasiya texnologiyaları hər gün dəyişir, yeni tətbiqlər yaranır. Hələ dünən aktual olan mövzular bu gün mənasını itirir. 2018-ci ildə süni intellekt yox idi, bəzi sosial media platformaları Azərbaycanda tanınmırdı. Cəmi 8 il ötüb, bu gün artıq axtarış sisteminin mahiyyəti belə dəyişib. O zaman üzərində çalışdığımız işlər bu gün gərəksizləşib.

Media məktəbi yaradarkən hansısa bir konkret xarici modeldən istifadə etmək planı yox idi. Heç bununla bağlı internetdə nəsə axtarmadım da. Belə bir layihəni necə yaratmaq barədə məlumat əldə etmək asan iş deyil. Mənim beynəlxalq təşkilatlarla iş təcrübəm olub. Onların yanaşması belədir: bir layihə yazırsan, sonra isə ona uyğun hərəkət etməlisən. Əgər layihədə televiziya üzrə 5 təlim yazılıbsa, onlardan birini ixtisar edib, rəqəmsal marketinqdən təlim təşkil edə bilməzsən. Əgər layihə davamlı və uğurlu olarsa, o halda növbəti mərhələdə düşündüyün dəyişikliyi təqdim edə bilərsən.

Burada isə dəqiq plan yox idi. Proqramı elə təlimdən təlimə gənclərin və agentliyin maraqlarına uyğun qururdum. 5-6 qrup buraxılışından sonra gənc jurnalistlərin daha çox nəyə ehtiyac duyduqlarını anladım. Vaxtilə  həm xaricdə, həm Azərbaycanda reallaşan təlimlərə həm təlimçi, həm də iştirakçı kimi qoşulmuşam. Ölkəmizə tez-tez qonaq kimi gələn dünya şöhrətli media təlimçisi DenMeysonun onlarla təlimində olmuşam. Konfliktologiya, media etikası, foto, rəqəmsal media, biznes jurnalistikası üzrə xeyli sayda təlimdə iştirak etmişəm. BBC, SNN, Reyters kimi sanballı agentliklərdə çalışan jurnalistlərlə görüşlərdə olmuşam. Bütün bunlar nəticədə təlim proqramını formalaşdırmaqda mənə kömək etdi.

Qeyd etməliyəm ki, xarici təcrübə heç də hər zaman Azərbaycan şəraitində özünü doğrultmur. Məcbur olub proqramda olan təlimləri yerli mühitəuyğunlaşdırmışam.

 – Mümkünsə, jurnalist karyeranızın bu ünvana qədərki məntəqələri barədə də məlumat verin.

– Jurnalistikaya nisbətən gec gəlmişəm. Rostov Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Rusiyada fəaliyyətimi davam etdirmişəm. Sonra Vətənə dönməyə qərar verdim. Mətbuatda ilk yazım 2002-ci ildə işıq üzü görüb. Bir dövr xeyli sayda publisistik yazılarım qəzetlərdə dərc edilib. Hekayə də yazırdım. Bir neçəsi “Ulduz” jurnalında çıxıb.

Sonralar internet jurnalistikası bazarı ələ almağa başladı. Mən də bu prosesə qoşuldum. Bir zamanlar çox məşhur olan Mediaforum.az saytının rus versiyasında çalışmağa başladım. 10 ilə yaxın bu saytın redaktoru kimi çalışmışam. Eyni zamanda onlarla layihədə iştirakım olub. 2008-ci ildən təlimçilik praktikasına başlamışam. Pressforum.az, Xeberler.az saytlarında baş redaktor, “Bizim Yol” qəzetində layihə redaktoru və köşə yazarı kimi çalışmışam. Qısa müddət ərzində minval.az saytında işləmişəm. Bir ara hətta tərcümə işləri ilə də məşğul olmuşam.

Uzun müddət bir sıra qurumlarda Azərbaycan və rus dillərində köşə yazarı kimi çalışmışam, yüzlərlə yazım dərc olunub. Hətta PR agentlikdə kontent redaktor kimi də çalışmışam. 2018-ci ildən Report Media Məktəbinin rəhbəri və təlimçisiyəm. Rəsmi vəzifəm təlimçi-redaktordur. Media eksperti kimi də daim mətbuata açıqlamalar verirəm.

– Report  Media Məktəbi yeni təlim proqramını elan edib. Hazırda neçənci qrup formalaşdırılır? Seçim hansı prinsiplərə əsaslanır?

– Yeni təlim proqramına seçim turu davam edir. Report Media Məktəbi “Global Media Group” Media Akademiyasının tərkibində fəaliyyət göstərir. İndiyəcən media məktəbin 21 qrupunun buraxılışı olub. Media Akademiya ilə birlikdə əlavə 2 qrup da buraxmışıq. Hazırda 22-ci qrup qismən formalaşıb. Təlim prosesinə tezliklə start veriləcək. Adətən bir qrupa 10-11 namizəd qəbul edirik. Orta hesabla hər yerə 5-10 şəxs iddialı olur. Hazırda 100-ə yaxın müraciətə baxmışıq. İlk növbədə qəbul edilən şəxsin bizim qrafikə uyğunluğu önəmlidir. Report Media Məktəbində təlimlər günün birinci yarısında həftədə 4 dəfə olmaqla keçirilir. Bu səbəbdən dərsləri səhərdən başlayan universitet tələbələri bizim təlimlərə qoşula bilmirlər.

Bir ilə 3 qrupun buraxılışı olur. Payız, qış-yaz və yay qruplarında təlim alan 30 şəxsə sertifikat veririk. Payız qrupunda adətən qrafik məsələsi daha çox problem yaradır. Universitet təhsili ilə bizim təlimləri bir araya gətirmək asan məsələ deyil. Yay qrupunda isə imkanlar daha genişdir, daha çox tələbəyə imkan yaradırıq. Xarici dil biliyi, kompüterdə işləmək bacarığı, yüksək intellekt qəbul zamanı namizədə üstünlük verir.

– Konkret olaraq gənc jurnalistlər hansı praktik bilikləri mənimsəyir?

– Report Media Məktəbində təlim proqramı bir neçə əsas prinsip üzərində formalaşıb. Xəbər və xəbərçiliklə bağlı mümkün olan bütün bilikləri auditoriyaya çatdırmağa çalışırıq. Yəni təlim proqramını bitirən şəxs ən azı xəbər yazmağın əsaslarını öyrənməlidir.

Xəbər jurnalistikanın təməlində dayanır. Hər bir media qurumu yeni xəbər əldə etməyə və onu geniş kütləyə ötürməyə çalışır. Bu günün jurnalisti dayanmadan informasiyanı əldə edib digər rəqiblərindən tez onu paylaşmağı bacarmalıdır. Əks halda gördüyü işin bir mənası olmayacaq. Biz də xəbəri əldə edib onu müvafiq formada paylaşmağın yollarını öyrədirik.

İkinci əsas məsələ təlimə qoşulan şəxsin yazı bacarığının daha da yüksək səviyyəyə çatdırmasına dəstək olmaqdır. Hər halda proqram yekunlaşandan sonra bir çox tələbədə xeyli irəliləyiş duyulur. Sual vermək, müsahiblə kommunikasiya yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərimiz var. Təlim boyu “Report”un müxtəlif şöbələrinin redaktorlarının təlimləri, həmçinin ölkənin ən tanınmış media simaları ilə görüşləri reallaşır. Heç də hər tələbə sona qədər davam gətirmir. Bəziləri yarıdan qoyub gedir.

– Beləliklə, xeyli yol qət etmisiniz. Ümid edirəm ki, layihə hələ uzun müddət davam edəcək. Layihədə çalışmağa başlayanda müəyyənləşdirdiyiniz hədəflərə çatmısınızmı?

– Əgər bütün hədəflərə çatdığımı desəm, deməli artıq layihə bir növ aktuallığını itirib. Yəni nə istəmişiksə, ona çatmışıq. Yəni inkişafa yer qalmayıb. Hərdən tələbələrdən belə bir sual alıram: hər dəfə eyni məsələlərdən danışmaq sizi yormur? Deyirəm, əlbəttə yox. Texnologiya və gündəm o qədər sürətlə dəyişir ki, bir təlim o birisini təkrarlamır. Əsas baza proqramı yerində qalsa da, gündəmdə baş verən hadisələr daim polemika predmetinə çevrilir. Tələbə hər bir paylaşılan xəbərdə nə deyildiyini dəqiq anlamalıdır. Hadisənin mahiyyətini bilməlidir.

Bu günün Report Media Məktəbi mövcud olduğu 8 ildə xeyli dəyişib. Bir sıra məsələlərdə istədiyimizə çatmışıq. Digər tərəfdən zaman yerində dayanmır, jurnalistika da əvvəlki qaydalarla inkişaf edə bilmir. Biz də bu günün reallıqlarına uyğun olaraq təlim proqramına yeniliklər gətirməyə məcburuq.

– Təlimlər Azərbaycan media məkanında öz sözünü demiş tanınmış jurnalistlər, baş redaktorlar, media ekspertləri və peşəkar mütəxəssislərin iştirakı ilə keçirilir. Dinləyici və təlimçi heyətini formalaşdırarkən hansısa problemlər yaşanırmı?

– Media məktəbində keçirilən hər görüşə çox ciddi hazırlaşırıq. Dəvət etdiyimiz hər bir jurnalist, media eksperti və ya yazıçı ilk növbədə gənclərə maraqlı olmalıdır. Biz universitetlərdə keçirilən görüş formatından fərqli yanaşma ortaya qoymuşuq. Görüşdən öncə gənc jurnalistlər həmin şəxs barədə detallı məlumat əldə etməlidirlər. Yazıçı, jurnalist kimi dəvət alan şəxslərin yazı və əsərlərini oxumaq, müsahibələrinə baxmaq mütləq şərtdir. Bu görüşdə sual verib cavab almalısan.

Daha sonra tələbə bunu xəbərə çevirməli, təlimçiyə təqdim etməlidir. “Report”un redaktorları ilə görüşlər də çox maraqlı alınır, çünki məqsəd təkcə təlim keçirmək deyil, həm də verilən tapşırığı yerinə yetirib müvafiq bal qazanmaqdır. Report Media Məktəbində xeyli müddətdir bal sistemi tətbiq edilib. Bunun nəticəsinə görə tələbə adi və ya fərqlənmə sertifikatı ala bilər. Bəzi hallarda sertifikat verilməyə də bilər. Yəni tədris prosesinə biganə yanaşan tələbələrə qarşı belə bir qayda tətbiq edilir.

Bəzən hansısa şəxsin görüşü gənclərə xoş gəlməyə bilər. Bu da təbiidir, çünki hər kəsə hamını bəyəndirmək olmur. Tələbələri isə ən çox narahat edən məsələ verilən balın “aşağı” olmasına bağlıdır. Bal verilməsi istənilən halda subyektiv məsələdir. Hər təlimçi özünə görə qiymətləndirmə edir. Hansısa təlimçidən o qədər də yüksək olmayan bal qazana bilərsən, amma ümumi mənzərə həmişə çalışqan və savadlı şəxs üçün eynidir. O, mütləq qrupdatopladığı ballarla görə üstün mövqedə qərarlaşacaq. 

– Düşünürəm ki, növbəti suala verəcəyiniz cavab çoxları üçün maraqlı ola bilər. Məktəbin məzunlarının işlə təmin olunması ilə bağlı statistik məlumatlar varmı? Məktəb neçə nəfər üçün tramplin rolunu oynaya bilib?

– İş məsələsi hər bir gənc jurnalist üçün vacib məsələdir. Bura gələrkən hər kəs ürəyində bu agentlikdə qalıb yerini bərkidəcəyinə ümid edir. Gənclərin “Report”da çalışması üçün hər bir şərait yaradıb. Hər dəfə yeni qrup fəaliyyətə başlayanda mütləq agentliyin rəhbərliyindən kimsə şəxsən gənclərlə görüşür. Uğurlu nəticə göstərən tələbələri həmişə diqqətdə saxlayırıq. Agentlikdə təlim proqramı bitəndən sonra uğurlu nəticəsi olan məzunlara təcrübə keçmək imkanı verilir.

İndiyəcən haradasa 30 məzun “Report”da çalışıb. Hazırda on nəfər agentliyin əməkdaşıdır. Report İnformasiya Agentliyi 2021-ci ildən “Global Media Group” Media Şirkətləri Qrupunun tərkibində fəaliyyət göstərir. Burada olan media qurumlarında da xeyli bizim məzun çalışır. Hər buraxılışdan sonra ölkənin ən müxtəlif yerlərindən əməkdaş axtaran baş redaktorlar və ya onların köməkçiləri müraciət edirlər. Uyğun olanları mütləq yönləndiririk.

– Və sonda ənənəvi sual. Planlar necədir?

– Bu gün qurduğumuz təlim proqramı kifayət qədər dolğundur. Yaxın gələcəkdə hansısa ciddi dəyişiklik nəzərdə tutulmayıb. Sadəcə yuxarıda dediyim kimi gündəmə uyğun olaraq yeniliklər tətbiq edirik. Yeni ideyalarımiz var, onları da reallaşdırmağa çalışacağıq. Kənar tədbirlərin sayını bir qədər artırmağı düşünürük. Yəni təlim otağından çıxıb haradasa görüşlər keçirmək, ictimai birliklərin, digər media qurumlarının fəaliyyəti ilə yerindəcə tanış olmaq istəyirik. Tələbələri real tədbirlərə yönəltməklə onların jurnalist kimi yetişməsinə də çalışmalıyıq. 

– Uğurlar arzulayıram.

Fuad Babayev, 1905.az