Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub

İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
Avropa İttifaqı: Azərbaycandakı əməkdaşlıq layihələrinin təxminən 30 faizi təhsillə bağlıdır
Prezident İlham Əliyev “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirak edib 

Ağdam şəhərinə növbəti köç karvanı ilə gələn ailələrə yeni mənzillərin açarları təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə şəhərə 70 ailə olmaqla, ümumilikdə, 238 nəfər köçürülüb. Doğma yurda dönən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda doğma yurdlarına qayıdan sakinlər təbrik olunub, onlara yeni yaşayış yerlərində xoş günlər və firavan həyat arzulanıb.

Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən dövlət qayğısından, yeni mənzillərdə yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı və uzun ömür arzulayıblar.

AZƏRTAC