Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar əcnəbilərə müraciət edib
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
Prezidenti İlham Əliyev: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm “

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə infrastruktur standartları və əlilliyi olan şəxslər üçün fiziki mühitin əlçatanlığının təmin edilməsi məsələlərinə həsr olunmuş fokus qrup görüşü keçirilib

Sosial Xidmətlər Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, onlayn görüşdə Komissiyanın üzvləri, “Regional İnkişaf” İctimai Birliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı Metropoliteninin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri, eləcə də əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.

Komissiyanın sədri, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Tədbirlər Planı çərçivəsində həyata keçirilən işlər, o cümlədən regionlarda aparılan vizual monitorinqlər barədə məlumat verib. Sədr bildirib ki, Abşeron, Şəmkir, Sabirabad, Cəlilabad və Astara rayonlarında monitorinqlər keçirilib, müvafiq alətlər və metodiki materiallar hazırlanıb. Həmçinin əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə onlayn sorğunun hazırlandığı qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova binaların və qurğuların layihələndirilməsi zamanı əlçatanlığın təmin edilməsi məqsədilə görülən tədbirlərdən danışıb.

Bakı Metropoliteninin nümayəndəsi Nuranə İsmayılova stansiyalarda taktil zolaqların vəziyyəti və onların mövcud infrastrukturun xüsusiyyətləri nəzərə alınmaqla yerləşdirilməsi ilə bağlı təkmilləşdirilməli məsələləri diqqətə çatdırıb.

Müzakirələr zamanı müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi, normativ tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi və əlçatanlıqla bağlı pozuntulara görə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə, həmçinin əlçatanlıq xəritəsinin hazırlanaraq monitorinqlərin nəticələrinin həmin xəritəyə daxil edilməsi və digər mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

AZƏRTAC