Elxan Süleymanov ATƏT DTİHB-nin direktoruna müraciət edib

Azərbaycanlılar Belçika bələdiyyəsinin qərəzli qərarını dəyişməyə nail olublar
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
AVCİYA prezidenti Elxan Süleymanov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl George Linkə müraciət ünvanlalyıb.

APA-nın xəbərinə görə, müraciətdə bildirilir: “Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidəsinə hazırlıq məqsədilə bu həftə Bakıya etdiyiniz səfərlə bağlı sizə müraciət etmək istərdim. Bir sıra Azərbaycan rəsmiləri ilə görüşləriniz zamanı ATƏT/DTİHB-in seçki müşahidəsi fəaliyyətinin aydın prinsiplər və standartlara əsaslandığını vurğuladınız. Siz izah etdiniz ki, ATƏT/DTİHB obyektiv qiymətləndirmə vermək məqsədilə hər zaman bütün rəyləri, eləcə də bütün faktlar və vəziyyətlərin müşahidə və təhlilini nəzərə alır və xüsusi qeyd edir.

Sizdən öyrəndik ki, bu məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və ATƏT/DTİHB-in rəsmiləri arasındakı son görüşdə geniş müzakirə edilib və Azərbaycanda qarşıdakı parlament seçkiləri müvafiq olaraq müşahidə ediləcək.

Siz ATƏT/DTİHB-in seçkiləri “hər zaman olduğu kimi, tam obyektiv” müşahidə edəcəyini Bakıda açıq bəyan etdiniz.

Sizin Bakı səfəri zamanı səsləndirdiyiniz bu fikirlər məni heyrətləndirdi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti kimi onlara münasibət bildirmək məcburiyyətində qoydu. Belə ki, rəhbərlik etdiyim AVCİYA son 15 il ərzində ölkədə keçirilən bütün seçkilərin monitorinqini keçirib və beynəlxalq təşkilatlar tərəfindən seçkilərin monitorinqi sahəsində kifayət qədər potensiala malik olan ixtisaslaşmış qurum kimi tanınıb. AVCİYA bu sahənin peşəkarı kimi rəsmi beynəlxalq qurumlar tərəfindən seçkilər ərəfəsində keçirilən görüş və müzakirələrə mütəmadi dəvət edilir.

Beləliklə, ATƏT/DTİHB-in seçkiləri “hər zaman olduğu kimi, tam obyektiv” müşahidə edəcəyi barədə bəyanatınızla bağlı sizə xatırlatmaq istərdim ki, bu “tam obyektivlik” heç də “hər zaman” ATƏT/DTİHB-in standartı olmayıb və bu, xüsusilə Azərbaycanda keçirilmiş 2013-cü il prezident seçkilərində öz təsdiqini tapdı. Şübhəsiz, xatırlayırsınız ki, Avropanın parlament assambleyalarından, daha dəqiq, AŞPAATƏT PA və Avropa Parlamentindən olan üç rəsmi mandatlı, müstəqil, peşəkar müşahidə missiyası DTİHB-dən tamamilə fərqli nəticəyə gəldi. Bütün siyasi qruplar və bütün Avropa ölkələrindən olan onlarla deputatın təmsil etdiyi bu Avropa qurumları yekdil nəticəyə gəldi ki, bəzi kiçik çatışmazlıqlar qeydə alınsa da, prezident seçkiləri azad, ədalətli, və şəffaf keçirilib.

Bununla belə, heç bir ictimai nümayəndəlik səlahiyyəti olmayan (!) DTİHB əməkdaşları bütün bu rəsmi nümayəndə heyətlərinin aşkar etdiyi faktları tamamilə ləğv etməyə qəti təkid etdi, hətta ölkəmin müsbət adına xələl gətirmək üçün qəsdən və tamamilə birtərəfli cəhd göstərərək, olduqca mənfi qiymətləndirmə vermələri üçün onları təhdid etdi.

DTİHB müşahidə missiyası, bir qayda olaraq, ATƏT üzvü olan ölkələri təmsil edən orta və aşağı ranqlı məmurlardan təşkil edilir, onların adətən deputatlardan fərqli olaraq seçki prosesi haqqında məlumatları çox az olur, bir sıra hallarda isə ümumiyyətlə məlumatsız olurlar. Bir qayda olaraq, orta və aşağı ranqlı məmurlar olan DTİHB müşahidə missiyasının üzvləri yüksək ranqlı məmurların tapşırıqlarını müstəqil olmadıqları üçün qeyd-şərtsiz yerinə yetirməyə məcbur olurlar. Bu səbəbdən də onlar bu və ya digər formada təsir altına düşməyə meyilli olurlar və onlar asanlıqla bu və ya digər korporativ maraqların təmsilçilərinə çevrilirlər.

Avropanın bir çox siyasi qərarvericiləri ilə yanaşı, mən də tam xəbərdaram ki, nəhəng korporativ maraqlar təşkilatınız DTİHB-ə öz fikirlərini yürüdür və əməkdaşlarınıza göstərişlər verir. Onların əsas məqsədi DTİHB-in seçki müşahidəsindən bir çox gənc demokratiyalara, o cümlədən ölkəmə xüsusi xarici siyasi proqram təyin etmək üçün rıçaq kimi istifadə etməkdir. Bu, sirr deyildir, çünki bir çox illərin ümumi təcrübəsidir.

Ölkəmə qarşı kəskin qərəzli və mənfi mövqe tutarkən və açıq şəkildə müəyyən mənada “inqilab” təklif edərkən, məlumatınız olsun ki, buna bənzər siyasət Ukrayna, bütün Məğrib və əksər Orta Şərq ölkələrini alova bürüyüb, onların çoxunu uğursuz dövlətlərə çevirib və dünyada sülhü həmişəkindən daha çox təhlükəyə atıb.

Bu müstəvidə sizi Azərbaycan xalqının fikrini öyrənməyə dəvət etmək istərdim və o zaman sizə aydın olacaq ki, olduqca həssas geosiyasi qonşuluğumuzu da nəzərə alsaq, ölkəmdə heç kəs bu kimi iğtişaşlara can atmır.

Bütün bunları nəzərə alaraq, inanıram ki, siz bir neçə gün əvvəl Bakıda ATƏT/DTİHB-in “hər zaman olduğu kimi, tam obyektiv” müşahidə etdiyini bildirəndə mənim nə üçün heyrətləndiyimi anlayacaqsınız. Tam aydındır ki, keçmişdə belə olmayıb, lakin mən hələ də düzlük və ədalətə inandığımdan, həqiqətən inanıram ki, bu dəfə qarşıdakı parlament seçkilərində ilk dəfəkindən fərqli olaraq, seçkiləri tam obyektiv qiymətləndirəcəksiniz.

Guman edirəm ki, həmişə olduğu kimi, nəticələriniz artıq hazırlanıb və korporativ maraqlar  DTİHB-in qələmini yenə də qərəzliliyə yönləndirəcək.

Bu dəfə buna inanmaq istəmirəm, inanmaq istəyirəm ki, Sizin səyləriniz nəticəsində bu seçkilərdə DTİHB-in qiymətləndirməsi həqiqətən obyektiv ola bilər”.

Müraciət ATƏT-in sədri İvica Dacic, ATƏT PA-nın sədri İlkka Kanerva, Avropa Parlamentinin prezidenti Martin Şults, AŞPA-nın prezidenti xanım Ann Brassör və Avropa Şurasının baş katibi Torbyön Yaqlanda da göndərilib.