Sabiq səfir: “Azərbaycanda seçkilər yaxşı təşkil olunub”

Almaniya Parlamentinin deputatı: Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir
ABŞ-dan müstəqil müşahidəçi: Azərbaycanda prezident seçkiləri zamanı seçici fəallığı hətta ABŞ-dakı seçkilərdən də yüksəkdir
Bolqarıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri ölkənin demokratik inkişafının göstəricisidir

“Azərbaycanda keçirilən prezident seçkiləri ümumən yaxşı təşkil olunub”.  APA-nın verdiyi məlumata görə, bunu beynəlxalq müşahidəçi qismində Azərbaycanda prezident seçkilərini müşahidə edən İndoneziyanın Bolqarıstan, Albaniya və Avstraliyadakı sabiq səfiri, ASEAN təşkilatının baş katibinin sabiq müavini İmmanuel Robert İnkirvanq söyləyib. İ.R.İnkirvanq deyib ki, ilk dəfədir Azərbaycanda olur və seçkiləri müşahidə edir. Onun sözlərinə görə, gün ərzində 35 saylı Xətai III Seçki Dairəsində yerləşən 6 seçki məntəqəsində olub, müşahidə aparıb: “Səhər saatlarında seçici fəallığı zəif olub, saat 11:00-dan sonra seçici fəallığı artıb. Müşahidə etdiyim seçki məntəqələrinin hər birində 300-400 seçici səs vermişdi. Məntəqələrin əksəriyyətində videokameraların quraşdırıldığını da qeyd etmək istərdim. Seçki komissiyalarının üzvləri müşahidəçilərlə mehriban münasibət qurmağa çalışırdılar. Ancaq müəyyən problemlər də vardı. Məsələn, beynəlxalq və yerli müşahidəçilərin seçki məntəqələrindəki yerlərində qeyri-müəyyənlik müşahidə olunurdu. Yəni seçkilərin təşkilində müəyyən zəif məqamlar vardı. Ümumilikdə isə seçkilər yaxşı təşkil olunub”. /APA/