Bu gündən Azərbaycanda referendumqabağı təşviqata start verilir

Dövlət Dumasının komitə sədrinin müavini: “Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır”
Prezident İlham Əliyev – Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
“Dədə Qorqud irsi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gündən referendumqabağı təşviqata start verilir. Ümumxalq səsverməsi ilə əlaqədar 3 təşviqat qrupu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək davam edir. Yəni, təşviqat sentyabrın 25-də saat 8.00-da dayandırılacaq.
Mərkəzi Seçki Komissiyası “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı olmaqla, ümumilikdə, 256 yer müəyyən edilib.
90 saylı Ağdaş seçki dairəsinin tərkibi Milli Məclisə təkrar seçkilər keçirilən zaman formalaşdırıldığından ümumxalq səsverməsi ilə əlaqədar ölkə üzrə 124 dairə seçki komissiyasının tərkibi yenidən müəyyənləşdirilib.
Ümumxalq səsverməsi ilə bağlı 5 milyon 280 min 924 bildiriş və bir o qədər də seçki bülleteni çap olunub. Səsverməyə 15 gün qalmış isə bülletenlərin dairə və məntəqələrə paylanılmasına başlanılacaq. Ölkə hüdudlarından kənarda yaşayan seçicilərin səsverməsi üçün lazımi şərait yaradılıb. Xaricdə daimi yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan və Azərbaycanın müvafiq diplomatik nümayəndəlikləri və konsul idarələrində qeydə alınan seçicilərin səs verməsi üçün 38 seçki məntəqəsi yaradılıb.