Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”

Nuşirəvan Məhərrəmli: “ABŞ-ın təkliflərini baxılmaq üçün daha yuxarı instansiyaya göndərmişik”
“Bakı – qəhrəman şəhərdir”
“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”

“Münaqişəyə və münaqişə tərəflərinin hərəkətlərinə beynəlxalq hüquq çərçivəsində qiymət verilmədən ədalətli həll düsturunu tapmaq çətindir”
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin APA-nın ABŞ bürosuna eksklüziv müsahibəsi
– ATƏT-in Minsk Qrupunun həmsədrləri Sizin BMT-də yaydığınız iki hesabatla bağlı bəyanat veriblər. İlk olaraq həmsədrlərin narahatlığına səbəb olmuş hesabatlar barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
– Doğrudan da Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə biz BMT-nin baş katibinə iki hesabat təqdim etmişik. Birinin adı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə hesabat”, digərinin adı isə “Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə hesabat”dır. Birinci hesabat iki sualı əhatə edir. Birincisi, Ermənistan Azərbaycana, onun Dağlıq Qarabağ ərazisi və ətraf rayonlarına hərbi təcavüz həyata keçiribmi? İkincisi, Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq hüququ varmı? Ciddi araşdırma nəticəsində hazırlanan birinci hesabat hər iki suala müsbət cavab verir. İkinci hesabat ilk olaraq dövlətlərin ərazi bütövlüyü konsepsiyası, xalqların öz müqəddəratını təyin etməsi prinsipinin statusu və onun evalusiyası, həmçinin ermənilərin iddialarının, xüsusən Dağlıq Qarabağa olan iddialarının məzmununu əhatə edir. Hesabatda əldə olunan nəticə ondan ibarətdir ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ayırmaq iddiası beynəlxalq hüquq normalarına ziddir. Eyni zamanda Ermənistanın qonşu dövlətə qarşı addımları beynəlxalq hüquq normaları və xüsusən ərazi bütövlüyü normalarının rəsmi İrəvan tərəfindən pozulduğunu sübut edir.
– BMT baş katibinə təqdim olunan sənədlərin statusu nədən ibarətdir və indiki anda onların yayılmasına səbəbi nədir?
– Qeyd etdiyimiz hesabatlar Azərbaycanın xahişi ilə BMT-nin katibliyi tərəfindən qurumun Baş Assambleyası və Təhlükəsizlik Şurasının 63-cü sessiyası çərçivəsində yayılıb. Bilirsiniz ki, 63-cü sessiyada keçən ildəki kimi iki qətnamə layihəsi – Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində “dondurulmuş münaqişələr” müzakirə olunacaq. Bizim hazırladığımız hesabatlar həmin qətnamələrlə maraqlanan tərəflər üçün vacib məlumat mənbəyi olacaq. 63-cü sessiyaya təqdim etdiyimiz hər iki sənəddə münaqişə ilə bağlı Azərbaycanın rəsmi mövqeyi əks olunub. Biz hesab edirik ki, münaqişəyə və münaqişəyə cəlb olunan tərəflərin hərəkətlərinə beynəlxalq hüquq çərçivəsində müvafiq qiymət verilmədən ədalətli həll düsturunu tapmaq çətindir. Digər tərəfdən, tez-tez bəyanatlar verilir ki, münaqişənin həlli uç prinsipin balanslaşdırılması əsasında olmalıdır. Bu üç prinsip dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi hüququ və güc tətbiq etməmək prinsipləridir.
– Hesabatlara münasibət bildirən Minsk Qrupunun həmsədrləri bildirirlər ki, istənilən uzunmüddətli münaqişənin ədalətli həllinin əsas elementi güc tətbiq edilməməsidir. Bu fikrə münasibətiniz neçədir?
– Məndə belə fikir yaranır ki, həmsədrlər ya bizim hesabatların məzmunu ilə tanış deyillər, ya da ümumiyyətlə, onları diqqətlə oxumayıblar. Əks halda onların bəyanatının səbəbini anlamaq çətindir. Bizim yaydığımız hesabatların əsas mahiyyəti və önəmi onunla bağlıdır ki, hesabatların əsasında çoxlu saylı sənədlərin, dövlətlərin təcrübələrinin və beynəlxalq məhkəmə orqanlarının qərarlarının ciddi təhlili və araşdırılması dayanır. Həmsədrlər gözəl bilirlər ki, BMT-nin Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər dövlətlərin ərazi bütövlüyünə qəsd edilməsini yasaqlayır. Azərbaycanın bir hissəsini hərbi yolla işğal edən Ermənistan tərəfindən bu prinsip artıq pozulub. Aydındır ki, Ermənistanın işğalçı siyasəti bu gün də davam edir və Azərbaycan torpaqları işğal altında qalmaqdadır. Ermənistanın davam edən işğalının qurbanı olan Azərbaycan bu gün də özünü müdafiə etmək hüququnu qoruyub saxlayır. Bu hüquq BMT-nin Nizamnaməsində öz əksini tapıb və həmin Nizamnaməyə digər dövlətlərlə yanaşı, həmsədr ölkələr də səs veriblər. Azərbaycan ən yüksək səviyyədə bildirir ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Dövlətim səmimi olaraq bunu arzulayır və biz bütün mümkün siyasi-diplomatik yolla sülhə nail olmaq istəyirik. Lakin biz dəfələrlə demişik ki, danışıqlar ömürlük davam edə bilməz və Azərbaycan işğal olunmuş ərazilərin leqallaşmasına və anneksiyasına yol verməyəcək. Öz hüquqlarımızı bərpa etmək üçün ilk növbədə bir sıra siyasi-hüquqi addımlar nəzərdə tutulub. Lakin ərazi bütövlüyümüzü təmin etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində digər müvafiq addımların atılmasını da istisna etmirik.
– Həmsədrlər əmindilər ki, münaqişənin hüquqi və tarixi tərəfləri danışıqlar prosesinə mane olmamalıdır. Bunu deməklə onlar Azərbaycanın münaqişə ilə bağlı bir sıra vacib suallara aydınlıq gətirilməsi cəhdlərini nəzərdə tuturlar. Azərbaycanın qeyd olunan hesabatları yayması niyə həmsədrləri narahat edir?
– Həmsədrlərin bəyanatları ikibaşlı və məntiqsizdir. Məsələn, onlar münaqişənin hüquqi müzakirələrinə qarşı çıxış edərək digər hüquqi sənədə – Moskva Bəyannaməsinə istinad edirlər. Həmin Bəyannamədə münaqişəyə cəlb olunan tərəflər beynəlxalq hüquq normalarına sadiq qaldıqlarını bəyan ediblər. Bizim yaydığımız sənədlər isə diskussiyaya cəhd deyil. Beynəlxalq hüquq işğal faktı, işğalçının rolu və məsuliyyəti, işğala məruz qalan tərəfin hüquqları barədə birmənalı şəkildə normaları müəyyən edib. Yenidən bu mövzuya qayıdaraq ayrı-ayrı mülahizələr səsləndirmək, ərazi bütövlüyü və ya öz müqəddəratını təyinetmə prinsipinin üstünlük təşkil etməsi, bu iki prinsip arasında balansın qorunması barədə fikirlər söyləməyə ehtiyac yoxdur. Bir daha qeyd edim ki, beynəlxalq hüquq bu suallara artıq birmənalı cavab verib. Sadəcə, bizim təqdim etdiyimiz hesabatlar münaqişənin beynəlxalq sərhədlər çərçivəsində, suverenlik və ərazi bütövlüyü prinsipinə əsaslanaraq həlli ilə bağlı Azərbaycanın yanaşmasını əks etdirir./APA/