Xəzəryanı ölkələr birgə əməkdaşlığa üstünlük verməlidir

Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”
Türk – İslam birliyi alın yazımızdır – türkiyəli mütəfəkkir
Məqsədimiz Azərbaycanı qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevirməkdir

İranın Bakıda səfərdə olan xarici işlər naziri Mənuçehr Mottaki ilə Trend News-un Fars redaksiyasının müsahibəsi
– Hazırkı İran-Azərbaycan münasibətlərini necə qiymətləndirərdiniz?
– İran ilə Azərbaycan arasında münasibətlər yaxındır, ciddidir və inkişaf edir. Bu münasibətlərin arxasında hər iki dövlət rəhbərinin siyasi iradəsi dayanır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq zərurəti həm xalqların, həm də dövlətlərin maraqlarını əks etdirir.
Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. Azərbaycan tərəfindən həyata keçirilən iqtisadi layihələr sürətlə və ciddi şəkildə inkişaf edir. Hazırda İran ilə Azərbaycan arasında mal dövriyyəsi 700 mln. dollar təşkil edir və 1,5 mlrd. dollaradək artırılacaq. Azərbaycanda İrandan olan sahibkarları yüksək səviyyədə qarşılayırlar. Biz bu münasibətə görə, ölkənin səlahiyyətli şəxslərinə minnətdarlığımızı bildiririk.
Azərbaycanın təhlükəsizlik və gücünün inkişafı İranı iftixarlandırır. İranın gələcəkdə iqtisadi sahədə Azərbaycan ilə münasibətlərinin inkişafı üçün böyük potensial var. Mədəniyyət sahəsində iki ölkənin əlaqələri tarixi yaxınlıq və dini etiqada əsaslanır. İki mədəniyyətin yaxınlığı iqtisadi və siyasi münasibətlərin genişləndirilməsi üçün zəmin yaradır. İran ilə Azərbaycan arasında əlaqələr çoxtərəflidir.
Biz ümid edirik ki, bu əlaqələr gələcəkdə daha da genişlənəcək və inkişaf edəcək. Biz hər iki ölkənin maraqlarını təmin etməklə energetika və neft-qaz sahələrində, həm dənizdə, həm quruda əməkdaşlıq edəcəyik. Biz energetika sahəsinə birgə sərmayə yatırmalıyıq. İran «Şahdəniz» yatağının işlənməsinə yatırılan investisiyaları dəstəkləyir.
– Türkiyə son vaxtlar Qafqaz regionunda problemlərin həlli üçün «Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması» layihəsini təklif edib. İran bu layihəyə necə yanaşır və Tehran Qafqaz regionunda münaqişələrin həlli üçün nə təklif edir?
– Qafqazda böhranın yaranmasından sonra İran Türkiyənin təklif etdiyi layihə ilə bir çox məqamlarda eynilik təşkil edən ideya irəli sürdü. Biz çoxtərəfli danışıqların keçirilməsini təklif etdik. Çoxtərəfli danışıqların aparılması üçün lazımi şərait yarandıqdaq sonra biz Qafqazda proseslərin əsaslı müzakirəsinə keçə bilərik. Bu nöqteyi nəzərdən, İran Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpasına yönələn bütün layihələri dəstəkləyir.

– Rusiya XİN-nin nümayəndəsi qeyd edib ki, Moskva KASFOR operativ təhlükəsizlik qüvvələri təşkilatının regionun hərbi-dəniz qüvvələrinin iştirakı olmadan da yaradılmasını mümkün hesab edir və bu istiqamətdə iş aparır. İran bu bəyanata necə münasibət bəsləyir?
– Əlbəttə, hər bir ölkə öz ideyalarını həyata keçirə bilər. Amma mənim fikrimcə, Xəzərə çıxışı olan ölkələr birgə əməkdaşlığa üstünlük verməlidirlər. Xəzəryanı ölkələrin Tehrandakı sammitində biz Xəzərin iqtisadi, ekoloji vəziyyətini, eləcə də kontrabanda və regionda təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə etdik. Bu sammitdə biz Azərbaycanda və Rusiyada iqtisadi və Xəzərlə bağlı problemlərin müzakirə olunacağı iclasın keçirilməsi barədə razılığa gəldik.
– Əfqanıstan və İraqdakı problemlər ABŞ və İran arasındakı potensial müzakirə mövzusuna çevrilə bilər. İran danışıqlara başlamaq üçün ABŞ-a nə təklif edə bilər?
– Biz təklif edən tərəf deyilik. Təklifi başqa tərəf verməlidir (ABŞ). Onların regionda mübahisələri varsa, biz hesab edirik ki, mübahisəli anlar üzrə dialoq düzgün prinsiplər əsasında aparılmalıdır. Bu prinsiplər məntiq, ədalət, sabitlik və təhlükəsizliyə əsaslanmalı və ifratçılıqdan kənar olmalıdır. İran regionda bu prinsiplərə riayət etməklə iş aparmaq istəyən istənilən tərəfi dəstəkləyəcək. Amma Birləşmiş Ştatların regiondakı durumla bağlı mövqeyi hələ də sona qədər aydın deyil. Biz yeni ABŞ adminsitrasiyasının Əfqanıstanla bağlı hansı layihələri həyata keçirəcəyini bilmirik. ABŞ-ın son yeddi ildə Əfqanıstanla bağlı həyata keçirdiyi siyasət uğursuz oldu. Məntiq Əfqanıstana münasibətdə siyasətin dəqiq müəyyən edilməsini tələb edir. Bu region çox həssasdır, biz orada baş verən hadisələrin gedişini diqqətlə izləyirik. Çünki regiondakı dəyişikliklər onun təhlükəsizliyi ilə bağlıdır.
– Azərbaycan və İran arasında viza rejiminin götürülməsi haqda müzakirələr hansı səviyyədədir?
– Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Tehrana səfəri zamanı ölkələr arasında viza rejiminin götürülməsi məsələsini qaldırıb. O, bunu Azərbaycandan İrana çoxlu insanların zəvvarlıq ziyarətinə yollanması ilə əsaslandırıb. Rəsmi cavabda mən bildirdim ki, biz Azərbaycan və Naxçıvan MR-lə viza rejimini götürməyə hazırıq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüm zamanı mən bu mövzuya qayıtdım və ona viza rejimini götürməyə hazır olduğumuzu dedim. İran Türkiyə ilə viza rejimini götürüb və iki ölkədən olan minlərlə insan hər il sərhədi rahat keçə bilir.
Bizim azərbaycanlı dostlarımız istəyərlərsə, biz viza rejimini tam olaraq ləğv edə bilərik, yox əgər istəməsələr biz yalnız hava nəqliyyatından istifadə edən insanlar üçün viza rejimini aradan qaldıra bilərik. Mən İranın mövqeyini cənab Məmmədyarova çatdırdım./Trend/