Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkilərə aid çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
– Milli Məclisə Seçkilərin yekunlarını kim yoxlayır və təsdiq edir?
– Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. Dairə seçki komissiyalarının protokolları Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və Seçki Məcəlləsinin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.
Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.
Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
– Milli Məclisin deputatı hansı halda mandatdan məhrum oluna bilər?
– Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin tələblərinə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:
1. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3. Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4. Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5. Özü imtina etdikdə.
Göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
Deputat cinayət törətdikdə, onun mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.
Yuxarıda sadalanan digər əsaslar olduqda isə deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.
– Milli Məclisin deputatı etdiyi çıxışa görə hüquqi məsuliyyət daşıyırmı?
– Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikirlərə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.