Deputatların sayını iki dəfə artırmaq mümkündür

AVCİYA Xaçmazda regional seminar keçirib
Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasında bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin əvvəlki seçkilərdən daha fəal keçəcəyi şübhəsizdir. Son illər əldə olunmuş iqtisadi uğurlar digər məsələlərlə yanaşı, parlamentə düşmək iddiasında olan vətəndaşların sayını da artırıb. Müxalifət liderlərinin iqtidar nümayəndələrindən fərqli olaraq depozitin bərpasını tələb etməsi başqa digər məqamlarla yanaşı, onların da iqtisadi durumunun heç də pis olmadığını sübut edir. Bunu ATƏT – in Bakı ofisinin bu yaxınlarda keçirdiyi tədbirdəki çıxışlardan görmək olar. Seçkidə iqtidar və müxalifət namizədləri ilə yanaşı çoxlu sayda müstəqil namizədlərin də iştirak edəcəyi şübhəsizdir. İddialıların sayının çoxluğu ilə Milli Məclisdəki yerlərin azlığı (cəmi 125 yer) arasındakı ciddi fərqlər də noyabrda mübarizənin kəskin olacağından xəbər verir. Məclisdəki yerlərin azlığı bir problem kimi mövqeyindən asılı olmayaraq bütün namizədləri düşündürməyə bilməz. Deputat yerlərinin azlığı ilə bağlı fikirləri əsaslandırmaq üçün əvvəlki illərə aid bəzi faktların nəzərdən keçirilməsinə ehtiyac var. Məsələn, əgər deputatların sayı 1975 – ci ildə 400, 1980 ci ildə 450, 1990 – cı ildə 350 idisə, 1995 – ci ildən başlayaraq təxminən 2 dəfədən çox azaldılıb. Bunun da nəticəsində bu rəqəm 1995 – ci ildə 124, 2000 – ci ildə 122, 2005 – ci ildə 124, 2006 – cı ildə isə 125 nəfərə enib. Milli Məclisdə yerlərin sayının artırılması üçün hazırda real imkanlar mövcuddur. Bunu aşağıdakı faktlar sübut edir. Mərkəzi Seçki Komissiyası (MSK) 26 may 2010-cu il tarixdə açıqladığı məlumata görə ölkədə daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfərdir. Seçicilərin sayını, mövcud 125 dairə üzrə böləndə hər dairəyə təxminən 38 min seçici düşməlidir. Lakin Seçki Məcəlləsi 5 – 10 % fərqin olmasına imkan verdiyi üçün dairələr üzrə seçicilərin sayı 35 – 41 min həddində müəyyən olunmalıdır. Seçicilərin dairələr üzrə hazırkı bölgüsünə diqqət verdikdə bəzi uyğunsuzluqları görməmək mümkün deyil. Məsələn, 5 saylı Şahbuz-Babək seçki dairəsində seçicilərin sayı 25552, 76 saylı Lənkəran –Astara seçki dairəsində seçicilərin sayı 27119, 78 saylı Lerik seçki dairəsində seçicilərin sayı 29588 seçici olduğu halda, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 44133, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində 44898, 119 saylı Ağdam kənd seçki dairəsində 43312, 45 saylı Abşeron seçki dairəsində isə 51634 seçici var. Digər dairələrdə də bu cür uyğunsuzluqlar mövcuddur. Göründüyü kimi seçicilərin dairələr üzrə bölgüsü Seçki Məcəlləsinin tələblərinə uyğun deyil. Bu da elə vəziyyətə gətirib çıxarıb ki, seçicilərin sayı çox olan seçki dairələridən seçilən deputatlar, seçicilərin sayı az olan seçki dairələrdən seçilən deputatlarla müqayisədə təxminən 2 dəfə çox seçici ilə seçki kampaniyası aparmalı olurlar. Deməli həmin dairələrdən bir yox iki deputatın seçilməsi mümkündür. Bu ədələtsizliyi aradan qaldırmaq üçün Seçki Məcəlləsinə dəyişiklik etməklə Milli Məclisdə deputatların sayını azı 2 dəfə artırmaq olar. Fikrimizcə Milli Məclisdə deputat yerlərinin artırılması yerlərdə problemlərin həllinə müsbət təsir göstərməklə yanaşı, millət vəkillərinin daha səmərəli fəaliyyət göstərməsinə, seçicilər arasında onların nüfuzunun artmasına səbəb ola bilər.

Məhərrəm ZÜLFÜQARLI,

AVCİYA Seçki Qərargahının rəhbəri [email protected]