Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?

Münasibətlərin yaxşılaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər
Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb
Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”

Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?

“İndiyə kimi mənim dairəmdən bir nəfər belə Milli Məclisin və Prezident Aparatının qarşısına şikayətə getməyib”

Milli Məclisin üzvü Hacı Madər Musayevin APA-ya müsahibəsi

– Adınızın qarşısında bir neçə titul var. Adətən özünüzü başqalarına necə təqdim edirsiniz?

– Məni deputat Madərdən çox, Hacı Madər kimi tanıyırlar. Mən özümü isə sadəcə Madər kimi təqdim edirəm. Adımın qarşısında millət vəkili və ya Hacı titulunu mən yox, başqaları işlətməlidir. 1990-cı ildə Azərbaycandan Həcc ziyarətinə gedən ilk qrupun tərkibində mən də olmuşam. O vaxt Həcc ziyarətinə 164 nəfər getmişdi. Biz elə bir vaxtda Həccə getmişdik ki, onda adamlar həbsxanada yatanı qəbul edirdilər, dindarı yox. O vaxtdan hamı mənə Hacı deyir. Həmişə çalışıram ki, adımın qarşısındakı Hacı tutulunu qoruya biləm. Elə bilirəm bu prinsipə riayət edə bilmişəm.

– Bəs nə vaxtdan deputatsınız?

– 1990-cı ildən deputat kimi fəaliyyət göstərirəm. O vaxt Milli Məclis Ali Sovet idi.

– Hacı olmaq çətindir, yoxsa millət vəkili?

– İnsanın daxilində vətənpərvərlik, millilik, vətəndaş mövqeyi varsa, onun nə Hacı nə də ki, deputat olmağı vacib deyil. Belə adam nə işlə məşğul olur-olsun, yaxşısından olacaq. 60 yaşında bir insan heç vaxt özünü tərifləməz. Bu vaxta qədər kim olduğu sübut etmişəm. Bundan sonra nə yaxşı, nə də pis ad çıxarda bilmərəm.

– Az qala 20 ildir ki, deputatsınız, ancaq həmkarlarınızdan fərqli olaraq heç vaxt xarici ölkələrə getmirsiniz…

– Mən heç vaxt təyyarəyə minmirəm. Cəmi 1-2 dəfə təyyarədə uçmuşam. Sonra özümə söz vermişəm ki, heç vaxt nəqliyyatın bu növündən istifadə etməyəcəyəm.

– Qorxursunuz?

– Yox. Yerdən ayrılanda özümü çox pis hiss edirəm. Hiss edəndə ki, mən artıq yerdən 10 km yüksəkliyə qalxmışam başıma hava gəlir. Ona görə də təyyarəyə minmirəm. Qaldı ki, deputatların xaricə ezamiyyətə getməyinə, bu onların öz işidir. Onlara mənim yerimə də getdikləri səfərləri halal edirəm. Açığı xarici ölkədən çox öz kəndimizə getməyi üstün tuturam.

– Maraqlıdır ki, 20 il ərzində Milli Məclisin deputatı ola-ola heç vaxt danışmırsınız…

– Ola bilər ki, Milli Məclisdə məni danışan deputat kimi tanımasınlar. Ancaq Azərbaycanda yetərincə tanınıram. Doğrudan da, parlament danışmaq yeridir. Ancaq mənim boş danışıqdan zəhləm gedir. Orada məndən çox təcrübəsi olan deputat yoxdur. 4-5 nəfər var ki, 1990-cı ildən deputat kimi fəaliyyət göstərir. Demək olmaz ki, ağzıma su alıb oturmuşam. Lazım olan yerdə sözümü deyirəm. Bir də, mənə elə gəlir ki, iş görməyim danışmağımdan daha yaxşıdır. Yəni mənim yerimə əməllərim danışır. İndi burada öz gördüyüm işlərdən danışmaq niyyətində deyiləm. Hansı işləri gördüyümü bütün cəmiyyət və ən əsası seçicilərim bilir. İndiyə kimi mənim dairəmdən bir nəfər belə Milli Məclisin və Prezident Aparatının qarşısına şikayətə getməyib. Açığı, Milli Məclisdə Fəzail İbrahimli, Siyavuş Novruzov və digər adını çəkmədiyim deputatlar danışanda mənə ləzzət eləyir.

– 1990-cı ildən indiyə kimi eyni dairədən deputat seçilirsiniz?

– Bəli. 20 ildir ki, mənim seçicilərim eyni adamlardır.

– Bu dairədən başqa adamın deputat seçilmək imkanı yoxdur?

– Mən eyni dairədən 5 dəfə təkrar deputat seçilən yeganə şəxsəm. 1990-cı ildə deputat seçilmək çox çətin idi. O vaxt mənimlə eyni dairədə Sabit Bağırov mübarizə aparırdı. O çox savadlı adamdır. Onun elmi və ziyalılığı qat-qat məndən yüksəkdir. Ancaq bu seçki mənim kəndimdə keçirilir. İnanın ki, 5 dəfə təkrar qatıldığım seçkidə həmişə demokratik mübarizə gedib. Mən həmişə seçicilərin səsini yüksək faizlə toplamışam. İndiyə kimi bir dəfə də olsun seçicilərimlə görüş keçirməmişəm. Bu günə qədər seçki təbliğatı zamanı bir dəfə də şəklimi ora-bura yapışdırmamışam. Yəni bir insan öz kəndində necə təbliğat apara bilər? Tutaq ki, mən birinci 5 ildə öz camaatımı aldadıb deputat seçildim. Sonrakı müddətdə camaat deməz ki, indi nə üzlə namizədliyini verirsən?

– Deputat seçildiyiniz Binəqədi kəndidə yaşayırsınız?

– Mən hələ bir gün də şəhərdə yaşamamışam. İndinin özündə də kənddə yaşayıram. Şəhərdə evim olsa da, kəndlilərimin içində olmaq daha rahatdır. Bu gün Binəqədi kəndində 50 mindən artıq əhali yaşayır. Biləcərinin 100 min əhalisi var, hələ də qəsəbədir. Xızının isə 12 min əhalisi var, rayon statusu daşıyır. Doğrudur, biz vəziyyəti başa düşürük. Azərbaycan müharibə şəraitindədir, bəzi ərazilərdə qaçqın və məcburi köçkünlər yerləşib. Əhalinin çox olmasına baxmayaraq, seçicilərimin hamısının problemləri maraqlanıram. Onlara bacardığım dəstəyi verirəm. Yəni dediyim kimi adamları uzaq başı bir dəfə, iki dəfə aldatmaq olar. Hər halda, beş dəfə təkrar eyni dairədən deputat seçilirəmsə deməli, insanların mənə etimadı var.

– Belə anlaşıldı ki, nə qədər imkan var Binəqədinin deputatı olacaqsınız…

– Onu Allah bilər. Mənim ulu babalarım Binəqədidə doğulub. Seçicilərimin bir hissəsi qohum-əqrəbamdır. Bu baxımdan elə də böyük təbliğata ehtiyacım olmayıb. Bir adam 20 il deputat olduğu dairədə hansı təbliğatı aparmalıdır? Deyim ki, ay camaat, mənə səs verin sizin üçün bu işləri görəcəm? Mənim kim olduğumu hamısı çox gözəl bilir.

– Murtuz Ələsgərov Milli Məclisin spikeri olanda özünüzü yaxşı hiss edirdiniz, yoxsa indiki?

– Bizim spikerlik bir işimiz yoxdur. Spikeri də özümüz seçirik. Milli Məclisin sədri vəzifədə bizdən üstün olsa da, o, da deputatdır. Sözün doğrusu, Milli Məclisin son vaxtlar göstərdiyi fəaliyyət təqdirəlayiqdir. Parlamentin binası yüksək səviyyədə təmir edilib. Adam baxanda bir növ qürur hissi keçirir.

– 20 ildir, deputat olmağınıza baxmayaraq, həmişə lap arxa sırada oturursunuz…

– Mən orta məktəbdə də yaxşı oxumamışam və həmişə arxa sırada oturmuşam. 20 ildir, Milli Məclisdə eyni yerdə otururam. Yerimi dəyişməyi sevmirəm. 10 ildir ki, yanımda İmamverdi İsmayılov oturur. Əvvəllər Ziya Bünyadov və digər deputatlar yanımda oturublar.

– Milli Məclisdə tez-tez mübahisə düşür. Bəzən sizin lap yaxınlığınızda oturan Pənah Hüseyn yerindən durub spikerə kəskin etirazlar bildirir. Heç belə şeylərlə maraqlanmırsınız?

– Mən deməzdim ki, Pənah Hüseyn o qədər də kəsin danışır. Bir var Pənah Hüseyni mikrofon qarşısında çıxış edən görəsən, bir də var çayxanada çay içən yerdə. Çayxanadakı Pənah heç vaxt zalda çıxış edən Pənaha oxşamır. Milli Məclisdə o qədər də kəskin mübahisələr olmur. Dünyanın bütün parlamentlərində nələr baş verdiyini yaxşı bilirik. Bizim Milli Məclisdə müsəlmançılığa hörmət hissi qalmaqdadır. Yəni adamlar bir-birinə güzəşt etməyi bacarır. Böyük-kiçik yeri parlamentdə gözlənilir. İnanmıram ki, mən kimdənsə bir şeyi xahiş edəm o, mənim xahişimi yerə sala.

– Hansı partiyanın üzvüsünüz?

– Heç bir partiyanın üzvü deyiləm. 1988-ci ildə Kommunist Partiyasına üzv olmuşdum. 2 il sonra bu partiya dağıldı. Ondan sonra heç bir təşkilata qoşulmaq fikrim olmayıb. Partiya məsələsində ayağım ağırdır. Qorxuram, hansısa partiyaya üzv olaram, az sonra dağılar.

– Bakı kəndlərindəki əvvəlki abı-hava, adət-ənənə qorunub saxlanılırmı?

– Dəyişiklik ancaq kəndlərin görünüşündə ola bilər. Əvvəl heç kim iki mərtəbə ev tikməzdi ki, birdən qonşunun həyətini görə bilər. İndi gölü də qurudub, yerində ev tikirlər. Bakı kəndlərinin hərəsinin öz xüsusiyyəti var. Bakının hər kəndi bir şəhərdir. Əmircana necə kənd demək olar? Binəqədi kəndində dediyin sözü, Novxanıda deyə bilməzsən, ya da əksinə.

– Bakının kəndlərindən söz düşmüşkən, son vaxtlar Nardaranda intensiv mitinqlər keçirilir. Biri deyir nardaranlılar İrana, o biri deyir başqa yerə işləyirlər. Bu kənddə nə baş verir?

– Nardaranı mərdlik, müsəlmançılıq, xətir-hörmət və digər məsələlərdə heç bir kəndlə müqayisə etmək olmaz. Kənddə beş adam başqa cür düşünürsə, onu hamının adına yazmaq düzgün deyil. Qaldı İranın təsirinə, bu təsiri də bütün kəndə şamil etmək olmaz. Ola bilər ki, İran kəndə hansısa konkret şəxsə təsir etsin. Axı bu kənddə 10 mindən artıq insan yaşayır. Prezident seçkilərində bu kənddə görüşlər keçirmişik. İnsanların 86 faizi indiki dövlət başçısına səs verib. Mən Nardarandan bunu görmüşəm.

– Bu yaxınlarda Nardaranda həmkarlarınızdan biri haqqında fətva verdikləri üçün bir-neçə kənd sakini həbs edilib. Bəlkə tərəfləri barışdırasınız?

– Mən həmişə onlarla görüşə hazıram. Fətva məsələsi ilə bağlı həbs olunanlardan da xəbərim var. Müraciət etsələr, köməyimi əsirgəmərəm. Azərbaycan prezidenti, dövlətçiliyi üçün hər şeyə getməyə hazıram.

– Son günlər mətbuatda Şeyxülislam Hacı Allahşükür Paşazadənin ünvanına ciddi ittihamlar səsləndirilir. Deyilənə görə, Sizin Şeyxlə dostluq münasibətləriniz var. Bu yazılanlar barədə fikirləriniz nədir?

– Doğrudan da, Şeyxlə yaxın dostam. Onu çox yaxından tanıyıram. Heç kimin ünvanına bilmədiyim şeyi danışmaram. Bu adamlar nə Allahdan, nə də qanundan qorxur. Belə şeylərdən qorxmayan insanlarla danışmağın bir yolu var, ona da icazə vermirlər. Sən Şeyxin işə gec gəlməyi, vacib bir görüşdə iştirak etməməsi haqda yaza bilərsən. Ancaq durub Şeyxin narkobaron olduğunu yazmaq cinayətdir. Axı Şeyx bu cür böhtanı atan insanlarla necə danışmalıdır? Bu cür ittihamın qarşısında hansı tədbiri görmək olar? Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədridir, bütün şərqdə nüfuzlu din xadimidir. Ona qara yaxmaq, ləkələmək bayaq dediyim kimi böyük cinayətdir. Hansı ölkədə insanlar öz din xadimlər haqqında bizim yazdıqlarımızı yazırlar? Gərək kiməsə pul verib, kimisə söydürəndə bunu fikirləşəsən. Söhbət təkcə Şeyxdən getmir. Ümumiyyətlə, cəmiyyətdə qəribə proses gedir. Əvvəllər adamları tapança ilə qorxudurdular, indi isə qəzetlə qorxuzurlar. Birinə bir söz deyən kimi, o dəqiqə sənin haqqında yazmaqla hədələyir. Bu məmləkətdə ölkə başçısından, Prezidentin İcra Aparatının rəhbərindən, müxtəlif nazirlərdən, deputatlardan tutmuş Şeyxə qədər hamı haqqında yazırlar. Bu gün evindən bayıra çıxmağa haqqı olmayanlar, hər gün efirə çıxır. Bir də görürsən, 60 yaşlı bir adam efirə çıxıb deyir ki, mən arvadımı sevirəm. Arvadı sevirəm sözü, arvad üçün təhqir deməkdir. Sevirəm nədir? Arvad mənim adımdır, namusumdur, mənim özümdür e, özüm. İndi mən durum deyim onu sevirəm? Nə bilim, mən sevdim aldım. Arvad kişinin şahıdır. Onu müzakirə etməzlər. Qadın evə bir dəfə girir və bu evdən onun ölüsü çıxır. İndi təəssüf ki, evlənib qurtarmamış boşanırlar.

– Niyə indiyə kimi milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanun layihəsi hazırlayıb parlamentə təqdim etməmisiniz?

– Mənim dediyim məsələlər qanunla tənzimlənmir. Bunlar daha çox cəmiyyətin yazılmamış qanunladır.

– Ümumiyyətlə, 20 illik deputatlığınız dövründə parlamentə hər hansı qanun layihəsi təqdim etmisiniz?

– Yox, belə bir şey olmayıb.

– Neçə övladınız var?

– Üç övladım var, doqquz nəvəm. Bütün övladlarımdan razıyam. Onları şirnikləndirirəm ki, növbəti nəvəmə Madər adını qoyacam. İstəyirəm övladları çox olsun. Ancaq mənim adımı daşıyan nəvəm yoxdur. Bütün övladlarımla bir həyətdə yaşayıram. Hər kəs öz yerini biləndən sonra bir yerdə yaşamaq problem deyil. İndiyə kimi övladlarımın yanımda çörək yediyini görməmişəm. Böyük oğlum 40 yaşındadır, məndən xəbərsiz evə gec gəlmir. Oğlum heç vaxt tanımadığı maşını ötüb keçmir ki, bəlkə atamın dostudur.

– Sizin həm də böyük biznesinlə məşğul olduğunuzu deyirlər.

– Mən ömrü boyu ticarətlə məşğul olmuşam. 1990-cı ildə deputat seçiləndə mağaza müdiri idim. Yaşayışımdan narazı deyiləm. Mənim heç vaxt müdirim olmayıb. Həmişə müstəqil olmuşam.

– Maliyyə böhranı sizə necə təsir edib?

– Maliyyə böhranı hələ bizə gəlib çatmayıb.

– Deyirlər, şəhərdə “012” ilə olan bütün avtomobillər Sizə məxsusdur.

– 12 rəqəmini 12 imam kimi qəbul etmişəm. Nədənsə həmişə bu rəqəmə meyl etmişəm. Bəzən aldığım maşın üçün nömrə götürməyə gedəndə heç xahiş etməmiş polislər mənə “012” nömrəsini verirlər. Hərdən mənə elə gəlir ki, başqa nömrə götürsəm, nə isə pis bir şey baş verə bilər. Qaldı bütün “012” nömrələrinin mənə məxsus olmasına, bu düz deyil. Biz inanclı insanlarıq. Hətta azyaşlı nəvələrim də namaz qılır. Bizim evdə qədəh yoxdur. Ta əvvəldən şəriətə və dövlətin qanunlarına zidd olan heç bir şey etməmişəm.

– Saat neçədə yatırsınız?

– Adətən gecə saat 12-də.

– Bəs deyirlər varlı adamların yuxusu gəlmir?

– Açığı mən yuxudan doymuram. Hacı Zeynalabdini həbs eləyib aparanda seyfini açıb boş görürlər. Ona sual verirlər ki, bəs sən necə hacısan ki, pulun yoxdur. O, da cavab verir ki, seyfdə pul olsaydı, onda Hacı ola bilməzdi. Pul mənə necə gəlirsə, elə də gedir. Təbii ki, ac qalmıram. Allah məni necə kişi kimi yaradıbsa, elə kişi kimi də dünyadan getmək istəyirəm. Hesab edirəm ki, mənim həyatım alınıb. 62 yaşım var. Dövlət başçısı mənim fəaliyyətimi “Şöhrət” ordeni ilə qiymətləndirib. Kimsə mənim haqqımda desə ki, Madər çox savadlı adamdır, onda bilərəm ki, yalan danışır. Yəni mənim haqqımda düz danışılanda xoşuma gəlir. Hamı deyir ki, Madər xeyirxah, qan yatırdan adamdır.

– Bəs martda keçiriləcək referendumla bağlı nə fikirləşirsiniz?

– Burada daha çox müzakirə 101-ci maddənin 5-ci hissəsi ilə bağlıdır. Hesab edirəm ki, prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin götürülməsi düzgündür. Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir? Mən referendumu ən demokratik seçim hesab edirəm. İnsan nə qədər çox seçilirsə, o qədər çox məsuliyyət daşıyır. Adam seçicisini bir dəfə, iki dəfə aldada bilər. Əgər sən seçicilərə verdiyin sözü yerinə yetirməyəcəksənsə, sonrakı müddətdə namizədliyini necə verəcəksən? Dəfələrlə seçilməyin heç bir ziyanı yoxdur. Necə olur ki, bir nazir 10 il, 15 il işləyə bilir? Bu boyda ölkəni elə beş ilə ancaq tanımaq olur. Bu gün Azərbaycanda seçkilər Amerikadan da şəffaf keçirilir. Mən İlham Əliyevə alternativ tanımıram.

– Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə ediləndə donorluq və surroqat ana ilə bağlı müddəalar böyük qalmaqal yatardı. Bu məsələ ilə bağlı siz nə fikirləşirsiniz?

– Mənə elə gəlir ki, surroqat anadan əmələ gələnlər vələdəzinadır. Nikahsız doğulan uşaqlara vələdəzina deyirlər. Hər şeyin həddi olmalıdır. Mən Avropanı ötüb keçməyimizə razı deyiləm. Biz Avropanı keçmək istəsək, özümüzdən də olarıq. Bu millət isə ancaq özü olmalıdır. /APA/